Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:11

Prezident rəqiblərinin hansı təkliflərini nəzərə alsın


Prezidentliyə namizədlərin seçki posterləri
Prezidentliyə namizədlərin seçki posterləri

Prezident İlham Əliyev andiçmə mərasimində seçkidə rəqibi olmuş namizədlərin kampaniya dövründə səsləndirdikləri təkliflərin nəzərə alınacağını deyib: «Namizədlərin çıxışlarında kifayət qədər kəskin, tənqidi fikirlər səslənmişdi. Mən bunu alqışlayıram, müsbət hal kimi qiymətləndirirəm. Qeyd etməliyəm ki, kampaniya zamanı namizədlər tərəfindən qaldırılmış məsələlərə diqqətlə baxılacaq, dəyərli təkliflər nəzərə alınacaq».

YAP məlumatsızdır

Əliyev birinci dəfədir ki, rəqiblərinin tənqidlərinin araşdırılacağını, təkliflərini nəzərə alacağını deyir. Bəs söhbət hansı təkliflərdən gedir? Prezident özü bunu açıqlamayıb.

***Buna da bax-Prezidentin çıxışı haqda kim nə düşünür

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) sözçüsü Hüseyn Paşayev AzadlıqRadiosuna bu mövzuda məlumatsız olduqlarını bildirir: «Bizdə belə məlumat yoxdur. Yəqin, bu məsələ gündəmə gələcək, onda da bilərik».

Bəs keçmiş prezidentliyə namizədlərə təkliflərini göndərmələri haqda hansısa müraciət edilibmi? AzadlıqRadiosunun danışdığı namizədlər hələlik belə təklif almadıqlarını bildirirlər. Üstəlik də səsləndirdikləri təkliflərin rəsmi qəzetlərdə dərc olunduğunu, efirdə açıq səsləndiyini əlavə edirlər.

Namizədlərdən Araz Əlizadə prezidentin rəqiblərinə təşəkkür etməsini və təkliflərini nəzərə alacağını söyləməsini «doğru və məntiqli addım» kimi qiymətləndirir. Bunun söz xatirinə deyildiyini, ya gerçək olacağı haqda isə Əlizadə «zaman göstərər» deməklə kifayətlənir.

S.Cəlaloğlu
S.Cəlaloğlu

Prezidentliyə namizədlərdən hər ailəyə 10 min manat verəcəyini, gənc ailələri bir neçə ilə evlə təmin edəcəyini, Pakistandan nüvə silahını gətirəcəyini vəd verənlər də vardı, yoxsulluğun ləğvindən, korrupsiya ilə mübarizədən, Türk Konfederasiyası yaradılacağından danışan da...

Bəs onlar hansı təkliflərinin nəzərə alınmasını istərdilər?

S.Cəlaloğlu: «Artıq iki təklifimiz qəbul olundu»

Demokrat Partiyasının sədri, keçmiş prezidentliyə namizəd Sərdar Cəlaloğlu isə iddia edir ki, hakimiyyət hələ ötən seçkidə səsləndirdiyi təklifi – yoxsul ailələrə ucuz evlər verilməsi ideyasını artıq gerçəkləşdirməkdədir:

***Buna da bax-Seçki bitdi: Yenə tutulan olacaq?

«Hökumət artıq yoxsullara ucuz ev satır. Bu dəfə isə iki təklifimiz dərhal qəbul olundu. Birincisi, şəhid ailələrinə 11 min manat yardımın verilməsiylə bağlı problemi qaldırmışdıq. Artıq prezident şəhid ailələrinin həmin pulu ala bilmələri üçün sərəncam verdi. İkincisi, 1991-1993-cü illərdə əmanətçilərin dövlətə qoyduğu əmanətlərin qaytarılmaması haqda danışmışdıq. Artıq banklardan biri vətəndaşlara əmanətlərini götürsünlər deyə müraciət edib».

S.Cəlaloğlu Azərbaycanda yaşayan digər millətlər kimi, türklərə də adlarının qaytarılmasını, işsizliyin, yoxsulluğun aradan qaldırılmasını, Türk Konfederasiyasının yaradılmasını, eləcə də ailələrə uşaqpulu, çoxuşaqlı analara təqaüd verilməsini də təklif edib.

«Bu, vacib məsələdir. Dövlət 10-15 uşağa təhsil verən müəlliməyə 500 manat əməkhaqqı verir. 10 uşaq böyüdən ana işləyə bilmirsə, bu zaman staj kimi hesablanmalıdır», – ADP sədri söyləyir.

A.Əlizadə
A.Əlizadə

A.Əlizadə: «Azad bazar iqtisadiyyatı ləğv olunsun»

«Mənim əsas təklifim odur ki, analara və müəllimlərə xüsusi qayğı göstərilsin. Ən hörmətli peşə nə nazir, nə də deputat olmalıdır, hərbçi olmalıdır», – keçmiş namizəd, Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə isə ilk sırada bu təkliflərinin nəzərə alınmasını istəyir. Bir də düşünür ki, azad bazar iqtisadiyyatı Azərbaycanda özünü doğrultmadığı üçün tənzimlənən plan iqtisadiyyatına keçmək gərəkdir:

***Buna da bax-Xarici siyasətdə dəyişiklik 'mümkündür'

«Bizim insanlar o mədəniyyətə hələ öyrəşməyiblər. Bizdə istehlakçı ilə biznesmen tərəf müqabili deyillər. Biznesmen istehlakçıya onu qarət edəcək gözlə baxır. Ona görə də tənzimlənən bazar olmalıdır».

R.Nurullayev
R.Nurullayev

R.Nurullayev: «Təkliflərimin hamısı önəmlidir»

Keçmiş namizədlərdən Razi Nurullayev təkliflərinin hamısını önəmli sayır. O, hamısının olmasa da, sosialyönümlü, beynəlxalq aləmə yönəlik təkliflərinin nəzərə alınacağını düşünür.

Məsələn, hökumət onun ailələrə 10 min manat verilməsi ilə bağlı təşəbbüsünü gerçəkləşdirə bilərmi? R.Nurullayev buna ümidlidir, deyəsən. Hər halda, bu təklifin tam onun dediyi kimi gerçəkləşəcəyinə şübhəylə yanaşır: ««ASAN Xidmət»də ailə biznesinə dəstək mərkəzi yaradılıb. Orda müxtəlif sənətkarlara yardım göstərilir və s. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə müxtəlif ailələrə sexlər düzəldir və ya əkinçilərə, heyvandarlara kiçik fermer təsərrüfatı yaradılaraq verilir. Ancaq bunlar xaotikdir, plansızdır. Düşünürəm ki, mənim təklifim daha dərindir. Bunun dünyada da örnəkləri var. Ola bilsin, hökumət özü bunu öyrənsin və tətbiq etsin».

Keçmiş prezidentliyə namizədlərdən Hafiz Hacıyevin köməkçisi onun xaricdə olduğunu, Fərəc Quliyev isə müsaid olmadığı üçün danışa bilməyəcəyini söylədi.

Ş.Hacıyev
Ş.Hacıyev

Ş.Hacıyev: «Bu, formal bəyanat idi»

«Bu, formal bir bəyanat idi. Məqsəd də prezident seçkilərinin normal yarış şəraitində keçdiyini, demokratiya tələblərinə uyğun olaraq müxtəlif namizədlərin müxtəlif platformalarla iştirak etdiyini, müsbət, maraqlı təkliflərin qəbul ediləcəyini göstərmək idi», – siyasi icmalçı Şahin Hacıyev yeni prezidentin dediklərini şərh edərkən deyir.

O, əslində, prezidentliyə keçmiş namizədlərin çıxışında ciddi təklifə rast gəlmədiyini bildirir. Ş.Hacıyev onların daha çox «populist və qeyri-peşəkar» təkliflər olduğunu düşünür.

Yeri gəlmişkən, prezident seçkiləri kampaniyası dövründə namizədlərin çıxışları KİV-də və ya sosial şəbəkələrdə bəzən lağ, ironiya hədəfinə çevrilirdi.

Xatırlatma

Aprelin 11-də növbədənkənar prezident seçkiləri keçirilib. Aparıcı müxalifət nümayəndələrinin boykot etdiyi seçkidə hakim partiyanın namizədi İlham Əliyevin 86 faiz səslə qalib gəldiyi bildirilir.

Beynəlxalq Seçkini Müşahidə Missiyası səsvermə günü məntəqələrdə prosedurların pozulduğunu və bunun «mənfi hal» olduğunu bildirib. Eləcə də seçkinin məhdudlaşdırıcı siyasi mühitdə, həqiqi rəqabət mühiti olmadan keçirildiyini, ölkədə ifadə azadlığının təmin edilmədiyini, digər namizədlərin İ.Əliyevi tənqid etməkdən çəkindiklərini bəyan edib.

Hakimiyyət bu tənqidləri qəbul etmir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG