Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Noyabr, bazar, Bakı vaxtı 06:10

Gürcüstan prezidenti Rusiya ilə ‘ehtiyatlı olmağa’ çağırıb


Gürcüstan prezidenti Giorgi Marqvelaşvili

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili özünün parlamentdəki illik çıxışında hökumətin daxili siyasətini tənqid edib və onu Rusiya ilə münasibətlərdə “strateji dözümlülük” nümayiş etdirməyə çağırıb. Prezidentin fikrincə Moskva yeni münaqişə üçün bahanə axtarır:

"Gürcüstan Rusiyanın heç bir təxribatlarına uymamalıdır və Rusiyanın Gürcüstana qarşı güc işlətməsinə yol verməmək üçün əlindən gələni etməlidir”.

Gürcüstan və Rusiya arasında diplomatik münasibətlər 2008-ci ildən kəsilib. O vaxt Rusiya Gürcüstanın Cənubi Osetiyada öz suverenliyini hərbi yolla bərpa etmək cəhdinə görə Gürcüstana hərbi müdaxilə etmişdi.

Bunun ardınca Rusiya Gürcüstanın bir parçası olan Cənubi Osetiyanın və Abxaziyanın müstəqilliklərini tanıyıb. Qərb Rusiyanın bu hərəkətini təcavüz və işğal kimi qiymətləndirib və iki separatçı bölgənin müstəqilliyi Rusiyadan başqa heç bir ölkə tərəfindən tanınmayıb.

Gürcüstanda prezident Marqvelaşvili ilə baş nazir Giorgi Kvirikaşvili arasında zaman-zaman çəkişmələr baş verir. 2013-cü ildə konstitusiyaya edilmiş dəyişiklik nəticəsində indi baş nazirin səlahiyyətləri prezidentin səlahiyyətlərindən genişdir.

Marqvelaşvili özünün illik çıxışında hökuməti hakimiyyəti inhisara almaqda və 2016-cı ilin parlament seçkiləri zamanı “Gürcüstandakı siyasi sinfi məhv etməyə” çalışmaqda ittiham edib.

Marqvelaşvili ölkə təhlükəsizlik orqanlarını da tənqid edib və deyib ki, “adi insanlara qarşı zorakılıq edənlər hazırda prokurorluqlarda və hüquq-mühafizə agentliklərində işləyirlər”.

Prezident deyib ki, Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili hakimiyyətdən devriləndən bəri hökumət ədliyyə sistemində heç bir islahat apara bilməyib.

Marqvelaşvili bunu da deyib ki, Gürcu Arzusu partiyası hakimiyyətə gələndən bəri jurnalistlərin üzərinə fiziki hücumlar dayandırılsa da, hakimiyyət media və jurnalistlərə qarşı başqa “qeyri-zorakı” çətinliklər yaradıb.

Baş nazir Kvirikaşvili Maqrvelaşvilinin nitqini tənqid edib və onu bu tənqiddə qeyri-konkret olmaqda günahlandırıb.

Baş nazir əlavə edib ki, bütün bunlara baxmayaraq, hökumət prezidentin dediyi sahələrdə nöqsanların olmasını inkar etmir.

XS
SM
MD
LG