Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:06

«Prezident kömək etsin, birlikdə onların öhdəsindən gələk...»


Əzizbaba Fətullayev
Əzizbaba Fətullayev

-

«Şamaxı rayonunda sahibkarlığa heç bir qayğıdan söhbət gedə bilməz. Prezidentin fərmanları həyata keçirilmir. Prezident Administrasiyası rəhbərinin müavini Zeynal Nağdəliyevin qəbuluna gedirik, özü qəbul etmir».

«BÜTÜN İŞ YERLƏRİ BAĞLANIBSA...»

Birinci Çaylı kənd bələdiyyəsinin sədri Əzizbaba Fətullayev AzadlıqRadiosuna belə deyib. Onun sözlərinə görə, kəndin yolu pis gündədir: «Yolumuz yoxdur, 8 kilometrlik yol bərbad haldadır. Prezidentdən xahiş edirik ki, bu adamların öhdəsindən gəlsin, yox əgər gələ bilmirsə, bizə kömək etsin, birlikdə onların öhdəsindən gələk. İlin əvvəlində Rövnəq Abdullayev Şamaxıda vətəndaşlarla görüşəndə, camaatın adından çıxış edib dedim ki, bizə 60-70 maşın asfalt verin, öz yolumuzu düzəldək. Söz verdi, ərizələr yazdım, xeyri olmadı. Biz dərdimizi kimə deyək? Zavod, fabrik yoxdursa, bütün iş yerləri bağlanıbsa, nə edək?».

Toğrul Salahov
Toğrul Salahov

Şamaxı rayon sakini, sahibkar Toğrul Salahov da rayonda sahibkarlara işləməyə imkan verilmədiyindən gileylənir. O, aidiyyəti qurumlara müraciət etdiyini, ancaq heç bir nəticə olmadığını söyləyir:

«PULLAR BÜDCƏYƏ GETSİN, KİMLƏRİNSƏ CİBİNƏ YOX...»

«2011-ci ildənkiçik sahibkarlıq fəaliyyətinə başlamışam. Öz təsərrüfatımı inkişaf etdirməyə çalışıram. Ancaq mal-qaranı saxlamağa yaylaq, qışlaq tapmıram. Əslində, o torpaqlar dövlətə məxsusdur. Rayon icra hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov o yerləri öz adamlarına verib. Onlar da həmin örüş sahələrini biz sahibkarlara pulla kirayə verir. 4-5 aya 2-3 min manat ödəyirik. Bu torpaqlara ildə, ən azı, 5 min manatımız çıxır. Prezidentə müraciət etmişik ki, həmin sahələr dövlətə məxsusdur, dövlət bizə versin, həmin məbləği dövlətə ödəyək, büdcəyə getsin, kimlərinsə cibinə yox. Əkin əkməyə, heyvan saxlamağa yer tapa bilmirik. Göndərdiyimiz şikayətləri də yenidən rayon icra hakimiyyətinə ünvanlayırlar».

Orucəli Niftəliyev
Orucəli Niftəliyev

«CƏNAB PREZİDENT, HEÇ OLMASA, YOL PROBLEMİNİ HƏLL EDİN...»

Quşçu kənd sakini Orucəli Niftəliyevin əsas şikayəti kənd yollarındandır:

«Quşçu kəndi rayon mərkəzindən 30 kilometr aralıdadır. Ən ucqar kənddir. Padar-Göylər avtomagistral yolunun 9 kilometrliyində yerləşir. Dəfələrlə yazılı və şifahi müraciət etsək də, şikayətlərimizə heç kim əhəmiyyət vermir. 7 min əhalisi olan kənd adından prezidentdən xahiş edirik ki, kəndin, heç olmasa, yol problemi həll edilsin. Məmurların zülmünə son qoyulsun».

YENƏ «RƏİS MƏŞĞULDUR»?

Məsələylə bağlı rayon icra hakimiyyəti başçısının birinci müavini Qasım Qasımovla əlaqə saxladıq. O, məşğul olduğunu, heç nəyə münasibət bildirə bilməyəcəyini söylədi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG