Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Avqust, bazar, Bakı vaxtı 01:20

Prezident gəldi-ev verdilər, prezident getdi-evi aldılar


«Dedilər ki, prezidentin gəldiyi gün gərək yaxşı, mənzil almış xoşbəxt ailə kimi geyinəsiniz».

Özbəkistanda 35-yaşlı tikişçi Xurşid Tillyayevaya prezidentin səfəri ərəfəsində ev verilib, növbəti günsə əlindən alınıb. Bunu Əndican vilayətinin başçısı Şuhrat Abdurahmanov da etiraf edib.

«Evi lazımi əşyalarla doldurublar»

«Bu halda, deyəsən, yerli məmurlar bir səhvə yol veriblər. Kadrlar şöbəsinin rəisi bu qadınları bu evlərə yerləşdirərək bundan sonra bu evlərin onlara məxsus olduğunu deyib. ...Qız müsahibə verəndə də anasının evində olub. Axı, o bugünədək bu evdə anası ilə birlikdə yaşayıb. Burada səhv varmı? Mən sizə üçüncü dəfə təkrar edirəm ki, qız sadəcə, vəziyyətinin yaxşılaşmasından harınlayıb. Siz bugünə qədər harada yaşayırdınız və indi biz sizə hansı rahatlığı yaradırıq? Əvvəl harada idiniz, indi hara gəlib çatmısınız? Bütün bu dəyişikliklərin başında bizim Yurboşi [ölkə lideri] durur, bu şəraiti sizə biz yaradırıq», – Əndican vilayətinin rəhbəri Ş.Abdurahmanov deyib.

Daha öncə Əndican vilayəti Qadınlar komitəsinin sədri Manzura Yunusova müsahibəsində deyib ki, doğrudan da, qadınlar yeni evlərə aparılıb və bu evlərin onlar üçün olduğu deyilib.

Əndican vilayətinin saytında Tillyayevanın yerli telekanala müsahibə verdiyi yeni kotecin onun anası, kiçik bacısı və əlil qardaşına verildiyi deyilir. Vilayət administrasiyasının saytında verilən məlumata görə, X.Tillyayevanın böyük bacısı da eyni massivdə ev sahibi olub. Bundan başqa deyilir ki, avqustadək Xurşidin özünə də çoxmərtəbəli evdə mənzil veriləcək.

35-yaşlı Əndican sakini X.Tillyayeva Özbəkistan prezidenti Şavkat Mirziyoyevin vilayətə səfəri ərəfəsində yerli telekanalda çıxış edərək sevincək dövlətin ona ev verdiyini bildirib. Ancaq prezident vilayətdən gedəndən sonra, yəni elə növbəti gün ona evi tərk etməsi tapşırılıb. Tillyayeva «bir saatlıq ev sahibi» olması haqda əhvalatı AzadlıqRadiosunun özbək xidmətinə danışıb.

«Mən tikiş sexində işləyirəm, ev almaq üçün ərizə vermişdim. Prezidentin gəldiyi gün Əndican administrasiyasının qadın işləri komitəsinin əməkdaşları mənə yaxınlaşıb dedilər ki, yeni evə köçüm. Sən demə, uşaq bağçasının əməkdaşları evi bütün lazımi şeylərlə doldurublar. Elə həmin gün «Özbəkistan 24» kanalının müxbiri məndən müsahibə aldı», – o deyib.

Şou qurbanları

Gözüyaşlı qadın atasının öldüyünü, prezidentin ona atalıq qayğısı göstərib ev verdiyini deyib. Sonradan bütün Əndicanın bu müsahibəni gördüyünü öyrənib. Bütün tanışları onu təbrik edib.

«Ancaq prezident gedən kimi mənə dedilər ki, bu evin artıq başqa sahibi var və mənə daha sonra ev veriləcək. Onda mən qurma şounun qurbanı olduğumu anladım», – iki uşaq anası X.Tillyayeva deyir. Onun sözlərinə görə, dövlət başçısının Əndicana səfəri günü səkkiz qadın sakinə ev verilib, ancaq prezident gedən kimi onların altısından evi tərk etmələri tələb olunub.

AzadlıqRadiosunun özbək xidməti başqa bir «ev sahibəsi»ndən, 30-yaşlı Əndican sakini Muyassar Rahimovadan da müsahibə alıb.

«Mənə yeni ev verildiyini biləndə ağlamağa, prezidentə dua etməyə başladım. Mənə dedilər ki, öz köhnə əşyalarımı sabahısı gün gətirim ki, mənzilin dizaynı pozulmasın. Bundan başqa dedilər ki, öz hesabıma özümə təzə don tikim. O dona 300 min sum (35 dollar) ödəməli oldum. Üstəlik, məmurlarımız tələb etdilər ki, uşaqlarımı da yaxşı geydirim. Dedilər ki, prezidentin gəldiyi gün gərək yaxşı, mənzil almış xoşbəxt ailə kimi geyinəsiniz. Ancaq sonra məni o mənzildən çıxardılar. Bu, sadəcə bir saatlıq oyun idi. Onlar prezidenti aldatmaq üçün bizdən kukla kimi istifadə etdilər», – Rahimova deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG