Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:40

Prezident onlarca qurumu ləğv edib yenilərini yaradır. Məqsəd nədir?


AzTV sədri getdi, sırada kim var?
Gözlə

No media source currently available

0:00 0:14:57 0:00

AzTV sədri getdi, sırada kim var?

Prezident İlham Əliyev, dünən yanvarın 14-də yeddi fərman imzalayıb, bunların çoxu bəzi dövlət qurumlarının ləğvi, yenilərinin yaradılması ilə bağlıdır.

Məsələn, Kənd Təsərrüfatı Nazirliyi yanında dörd dövlət xidməti ləğv olunur, onların əvəzinə Aqrar Xidmətlər Agentliyi yaradılır.

Başqa bir fərmanla Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin əsasında “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti yaradılır.

Bu məzmunlu dəyişiklik son iki ildir ki, başlayıb. Bu müddətdə Azərbaycanda 10-dan çox dövlət agentliyi yaradılıb.

Nazirlər Kabinetinə ehtiyac qalmayacaq

ReAL Partiyasının icra katibi, iqtisadi təhlilçi Natiq Cəfərli bu tendensiyanı idarəetmə üsul-idarəsinin dəyişməsi kimi izah edir:

“İndi görünən odur ki, sərt prezident üsul idarəsi olan Azərbaycanda artıq Nazirlər Kabinetinin bir qurum kimi ləğv olunmasına dövlət agentlikləri yolu ilə birbaşa prezident üsul-idarəsinə keçilməsi prosesi gedir. Bunun məntiqi nəticəsi o ola bilər ki, referendum keçirilər, Konstitusiya dəyişər və Nazirlər Kabineti bir qurum kimi ləğv olunar. Bu da məntiqli olardı, çünki indiki sistemdə Nazirlər Kabinetinin rolu qeyri-müəyyən qalır. Çünki əgər nazirliklərin gördüyü işləri agentliklər görəcəksə, nazirliklərin funksiyası sual altına düşür”.

Natiq Cəfərli deyir ki, Nazirlər Kabineti ləğv olunarsa, yalnız bəzi mühüm nazirliklər saxlanıla bilər. Onun sözlərinə görə, Nazirlər Kabineti indi daha çox formal qurumdur və onun ləğvi daha sağlamdır, bununla belə onun fikrincə, bu dəyişiklər prezident üsul-idarəsini daha da gücləndirməməli, əksinə, qonşu Gürcüstan və Ermənistanda olduğu kimi parlament idarə üsuluna keçid təmin olunmalıdır.

İndiyə qədər tənqidçilər dövlət qurumlarının sayının çox olduğunu, bir-birlərini bəzən təkrarladığını deyirdilər.

Rəşad Həsənov
Rəşad Həsənov

Başqa bir iqtisadçı, Rəşad Həsənov AzadlıqRadiosuna müsahibəsində deyir ki, Azərbaycanda hələ də 17 nazirlik, 8 komitə, 7 dövlət xidməti fəaliyyət göstərir. Bundan başqa, palatalar da var. Bəzi qurumlarda 11 müavin ştatı mövcuddur. Yəni, dövlət aparatı yetərincə şişirdilib:

“Növbəti dövrlərdə diqqət yetirilməli məqam ondan ibarətdir ki, bu proses davam edirmi, yoxsa bununla proses yekunlaşdırıldı. Əgər yalnız fərmanlar bununla bitərsə, bunu kosmetik dəyişiklik adlandırmaq olar”.

Paralel qurumlar niyə lazımdır?

Rəşad Həsənov hələ də hökumətdə bir birini təkrarlayan qurumların olduğunu deyir və Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin, Kənd Təsərrüfatı Nazirliyi ilə İqtisadi İnkişaf Nazirliyinin və ya Mədəniyyət Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin birləşdirilməsini mümkün sayır. O habeləfəaliyyətində ciddi qüsurlar olduğunu söylədiyi Meliorasiya və Su Təsərrüfatı ASC-nin ləğvini, ya da başqa bir quruma birləşdirilməsini də təklif edir.

Rəşad Həsənov misal çəkir və deyir ki, şəxsiyyət vəsiqəsi və ya xarici pasport almaq üçün vətəndaşın ASAN Xidmətlə yanaşı, rayon polis şöbələrinə də müraciət etməsi mümkündür. Ekspert sual edir: “paralel qurumları saxlamağa nə ehtiyac var?”

Prezident İlham Əliyev sonuncu fərmanlarında həmçinin bəzi dövlət qurumları ləğv olunur. Məsələn, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi…

Bunlardan başqa prezident dörd dövlət qurumu yanında işçi qrupu və katibliyini ləğv edib. Prezident fərmanlarında bəzi yeni dövlət agentliklərinin və qurumlarının yaradılması, bəzilərinin ləğvi səmərəliliyin artırılması, təkmilləşməsi kimi təqdim edilir.

Ekspert: seçkili qurumların sayı artırılmalıdır

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev isə bu barədə öz Facebook hesabında yazır ki, dəyişikliklər yalnız problem kökündən həll olunduqdan sonra fayda verə bilər:

“Rəqabət qabiliyyətli iqtisadiyyat qurmaq, idarəetmə standartları baxımından inkişaf eləmiş dünyanın bir parçasına çevrilmək üçün bu addımlar yetərli deyil və gözlənilən effekti verməyəcək. Problemi kökündən həll eləmək lazımdır - idarəetmənin ultramərkəzləşməsindən vaxt itirmədən imtina etmək, əks-mərkəzləşmə strategiyası qəbul edib seçkili idarəetmə sayəsində regionlarda iqtisadi idarəçiliyin müstəqilliyini artırmaq lazımdır”.

Rövşən Ağayev təklif edir ki, mərkəzi hakimiyyətin yükünü azaltmaq üçün dövlət qurumlarının sosial-iqtisadi sahədə lokal səlahiyyətlərini seçkili yerli orqanların xeyrinə məhdudlaşdırmaq lazımdır.

Onun sözlərinə görə, yerli səviyyədə sosial-iqtisadi problemlərin həllini sakinlər mərkəzi dövlət qurumlarından yox, özlərinin seçdiyi yerli özünüidarə orqanlarının qərarları ilə həll etməlidirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG