Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:40

Maliyyə Sabitliyi Şurasına sədrlik baş nazirdən alındı


Bundan sonra Maliyyə Sabitliyi Şurasına prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi – şöbə müdiri sədrlik edəcək.

Prezident İlham Əliyev bu gün, dekabrın 25-də “Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” 2016-cı il iyulun 15-də verdiyi fərmanına bununla bağlı dəyişiklik edib.

Yeni fərmanla Şuranın yeni tərkibi təsdiq edilib.

Sənədə görə, bundan sonra Şuraya prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi – şöbə müdiri sədrlik edəcək.

Prezidentin aqrar siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri, 1-ci vise-prezidentin köməkçiləri, maliyyə, iqtisadiyyat nazirləri, Mərkəzi Bankın sədri, Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə heyətinin sədri, Dövlət Neft Fondunun icraçı direktoru isə Şuranın üzvləri olacaqlar.

Fərmanın icrası ilə bağlı Nazirlər Kabinetinə, Ədliyyə Nazirliyinə tapşırıqlar da verilib.

Xatırlatma

Azərbaycanda Maliyyə Sabitliyi Şurası 2016-cı ilin yayında yaradılıb.

Şuranı yaratmaqdan məqsədin makroiqtisadi sabitliyin və milli iqtisadiyyatın rəqabət qabiliyyətinin qorunub saxlanması, iqtisadiyyata mənfi təsirlərin qarşısının alınması olduğu bildirilib.Şuraya indiyədək baş nazir rəhbərlik edirdi.

Bir neçə gün əvvəl Şuranın toplantısı keçirilmişdi. Baş nazir Novruz Məmmədovun sədrliyi ilə ilə keçirilən həmin iclasda bu ilin doqquz ayı ərzində valyuta bazarının durumu müzakirə edilmişdi.

Yığıncaqda qeyd olunmuşdu ki, Azərbaycanda görülən tədbirlər nəticəsində makroiqtisadi sabitlik təmin olunub, qeyri-neft sektorunda artım qeydə alınıb.

Bəzi müstəqil ekspertlər isə hesab edirlər ki, aradan iki il keçsə də bu qurum qarşısına qoyulan vəzifələrin heç də lazımı səviyyədə öhdəsindən gəlməyib.

XS
SM
MD
LG