Keçid linkləri

Təcili xəbərlər
2020, 03 Aprel, Cümə, Bakı vaxtı 07:46

Prezident bəzi müxalifətçiləri təbrik etdi, bəzilərini yox. Niyə?


İ.Əliyev

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə bir sıra müxalifət partiyalarının rəhbərlərini təbrik edib. Bu təbriki onlara Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev çatdırıb.

Təbrik olunanların tam siyahısı bəlli deyil. Onların arasında Azərbaycan Xalq partiyasının sədri Pənah Hüseyn, Demokrat partiyasının sədri Sərdar Cəlaloğlu, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da var. Amma məsələn, Müsavat partiyasının başqanı Arif Hacılı təbrik olunmayanların sırasındadır.

“...gərgin şəraitdə belə ifadələrin işlədilməsi xüsusilə yolverilməz idi”

Sərdar Cəlaloğlu, 18 dekabr 2009
Sərdar Cəlaloğlu, 18 dekabr 2009

Sərdar Cəlaloğlu dövlət başçısının partiya sədrlərinə təbrik mesajı göndərməsini “mütərəqqi və ciddi addım” kimi dəyərləndirir. O hesab edir ki, bununla “indiyə kimi mövcud olmayan ənənələrin əsası qoyulur”.

Arif Hacılı deyir ki, demokratik ölkələrdə dövlət başçısının müxalifət liderlərini təbrik etməsi normal haldır:

“Siyasi partiyalar iqtidarda, ya müxalifətdə olmasına baxmayaraq siyasi sistemin tərkib hissəsi sayılır. Bu cür münasibətlər demokratik dövlətlərə xasdır. Təəssüf ki, Azərbaycanda belə münasibətlər yoxdur. Dövlət başçısı bir qayda olaraq müxalifət partiyalarını, müxalifət liderlərini bayram təbriklərində ‘düşmən’ elan edir. Münasibətlərin dəyişməsi üçün görünür, bütünlükdə idarəçilik sistemi dəyişməlidir, Azərbaycanda hüquqi dövlət, demokratik cəmiyyət qurulmalıdır”.

Arif Hacılı, 7 iyun 2013
Arif Hacılı, 7 iyun 2013

Müsavat partiyasının başqanı müxalifət liderlərinin bir qisminin təbrik edilib, bir qisminin təbriksiz buraxılması haqda isə geniş danışmır.

“Mənim bildiyim odur ki, Azərbaycan xalqına təbrik müraciətində İlham Əliyev müxalifət qüvvələri, müxalifət liderləri haqqında adekvat olmayan çıxış etdi. Təbrik çıxışında indiki zamanda, koronavirusla bağlı gərgin şəraitdə belə ifadələrin işlədilməsi xüsusilə yolverilməz idi”, – A.Hacılı bildirir.

Xalq Partiyasının sədri Pənah Hüseyn prezidentin bir sıra partiya liderlərini təbrik etməsini müsbət dəyərləndirsə də, bayram çıxışında müxalifətin və “beşinci kolon” adlandırılan hansısa qüvvələrin ünvanına kəskin ifadələr işlədildiyini də xatırladır. Onun fikrincə, “bunlar bayramın ruhuna uyğun olmayan ifadələr idi”.

Pənah Hüseyn, 22 fevral 2011
Pənah Hüseyn, 22 fevral 2011

O, sosial mediada da bu haqda yazıb və prezidentin “təbrik müraciətinin “təxribat və təxribatçılara” həsr olunmuş hissəsi ən uğursuz fraqmenti oldu və təbrik sözünü mötərizəyə aldı” deyə bildirib.

Rauf Arifoğlu: 'Əli Kərimli naz eləsə də o görüşə getməlidir'
Gözlə

No media source currently available

0:00 0:44:41 0:00

17 ildə birinci dəfə təbrik gəldi

17 illik hakimiyyəti dövründə İlham Əliyev birinci dəfədir ki, müxalifət partiyalarının rəhbərlərini təbrik edir. Adətən, o, çıxışlarında müxalifəti, xüsusən də bir il hakimiyyətdə olmuş Xalq Cəbhəsi, Müsavat partiyalarını tənqid edib, səriştəsizlikdə suçlayıb. Elə builki bayram təbrikində də bu cür ittihamlar səsləndirib.

Bu həm də bayramdan bir neçə gün öncə PA-nın şöbə müdiri Ədalət Vəliyevin bəzi partiya sədrləri ilə görüşməyə başlaması fonunda baş verir. Doğrudur, bu təklifə “yox” deyənlər də olub. Görüşdə iştirak edənlər Pənah Hüseyn, ReAL partiyasının sədri İlqar Məmmədov və başqaları bu haqda mətbuata çox qısa açıqlama verməklə kifayətləniblər. Görüşlərin davam etdiriləcəyi bildirilir.

İlham Əliyev xalqa müraciətində Prezident Administrasiyasının bütün siyasi partiyalara dialoq təklifini “çox ciddi addım” adlandırıb.

İlham Əliyev Novruz təbriki edərkən, 19 mart 2020
İlham Əliyev Novruz təbriki edərkən, 19 mart 2020

“O ki qaldı, bu dialoqdan imtina edən qruplaşmalara, onlar özləri bilərlər. Hər halda, mən demişəm, bir daha demək istəyirəm, uduzan tərəf biz olmayacağıq və yeni siyasi konfiqurasiyada satqın, xain beşinci kolonun nümayəndələrinə yer olmayacaq. Azərbaycan təmizlənir, o cümlədən satqınlardan, xainlərdən, beşinci kolonun nümayəndələrindən təmizlənir və təmizlənməlidir”, - İlham Əliyev belə deyib.

“Biz düşünməliyik, nəyə görə ölkə başçısı siyasi partiyaları təbrik edir”

ADP sədri Sərdar Cəlaloğlu son addımlar haqda müsbət düşünür və onun fikrincə, “proses dərinləşərsə qısa zamanda prezidentlə əsas müxalifət liderlərinin görüşü də baş tutar, bu da həmrəylik yarada, proseslərin yeni müstəviyə keçməsinə səbəb ola bilər”. Onun sözlərinə görə, böhrandan çıxmağın yeganə düzgün yolu yeni davranışların müəyyən edilməsi, faktların düzgün dərk edilməsidir. S.Cəlaloğlunun qənaətincə, son zamanlar ölkədə və dünyada gedən proseslər iqtidara münasibətin dəyişdirilməsini tələb edir:

“İndiyə qədər bizdə yanlış mövqe vardı, biz iqtidara monolit, vahid qüvvə kimi baxırdıq. İndi açıqca bəyan olunur ki, İlham Əliyev islahat aparmaq istəyir, bunun əleyhinə çıxan qüvvələr var. Hətta son çıxışında o, beşinci kolonla bağlı ciddi bəyanatlar verdi. Biz də uzun illər ölkədə neqativ proseslərin həmin 5-ci kolon tərəfindən tətikləndiyini demişik. Belə vəziyyətdə biz, əvvəlki illərdə olduğu kimi, iqtidara total münasibət göstərsək yanlışlığa yol verərik”.

Sərdar Cəlaloğlu “ölkədə sivil münasibətlərin, həmrəyliyin yaranmasına, Avropaya inteqrasiyaya cəhd edən qüvvəni dəstəkləməliyik, bunun əksinə olan qüvvələrə qarşı barışmaz, radikal mövqedə durmalıyıq” deyir. Onun sözlərinə görə, bu prosesdə başlıca problem “pis yaddaşdır, buna qədər baş verənləri unuda bilməməkdir”:

“Biz bilirik ki, iqtidarın da vaxtilə müxalifətə yanlış münasibəti olub, müxalifətin də həmçinin. Ölkədə həmrəyliyin əleyhinə olanlar həmin beşinci kolondur, mühafizəkar qüvvələrdir. Biz keçmişi qırağa qoymalıyıq, gələcək haqda düşünməliyik. Biz düşünməliyik nəyə görə ölkə başçısı siyasi partiyaları təbrik edir. Bunun sətiraltı mesajlarını oxumağı bacarmalıyıq. Bu o deməkdir ki, iqtidar müxalifətə, xalqa istinad etmək istəyir. Bu baxımdan hər şey ürəyimizcədir, normaldır”.

“Məqsəd yaxşı və pis müxalifətə bölmək və bu şəkildə ictimaiyyətə qəbul etdirməkdir”

Şahin Hacıyev
Şahin Hacıyev

“Turan”xəbər agentliyinin redaktoru, siyasi şərhçi Şahin Hacıyev ADP sədrindən fərqli olaraq bu addımın altında böyük məna axtarmağı düzgün saymır. Onun fikrincə, “burda bir mesaj var:

“Hökuməti tanıyın, bu halda sizə də nəsə verərlər, imkan yaradarlar və s.”.

Siyasi şərhçi hesab edir ki, məqsəd bu yolla müxalifəti “yaxşı və pis müxalifətə bölmək və bu şəkildə ictimaiyyətə qəbul etdirməkdir”.

“Belə çıxır ki, dövlət başçısı müxalifətin bir hissəsindən inciyib. İndiyə kimi belə şey olmamışdı ki, Prezident Administrasiyasının əməkdaşı zəng vurub bayramı təbrik etsin. Gülməli addımdır. Elə çıxır ki, görüşə gələn, dialoqu qəbul edən müxalifət müxalifətdir, qalanlar satqındır. Şəxsən mənim üçün qeyri-ciddi yanaşmadır, düzgün addım deyil. Real dialoqda ilk növbədə siyasi əqidə var, ya yox ondan asılıdır. Sən real dialoq istəyirsənsə dialoqa getməlisən və inandırmalısan ki, bunu istəyirsən. Sənə inanmırlarsa bu, iqtidarın problemidir, müxalifətin yox. Deməli, indiyə kimi özünü elə aparmısan ki, sənin təklifin ciddi qəbul edilmir. Birinə zəng vurmaq, o birinə etməmək ideyanın cılızlığını göstərir”, – Şahin Hacıyev deyir.

Şərhlər

XS
SM
MD
LG