Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:08

Prezident Administrasiyası rəsmisinin adı məhkəmə qalmaqalında


Ş.Əliyev
Ş.Əliyev

Prezident Administrasiyasinda ictimai-siyasi şöbənin müdir müavininin qardaşı Saatlı sakinini məhkəməyə verib.

Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Əbülfəz Mehtiyev Saatlı şəhər sakini Şakir Əliyevə qarşı «şərəf və ləyaqətin müdafiəsi» barədə iddia qaldırıb. Saatlı Rayon Məhkəməsinə təqdim edilən ərizədə iddiaçı bildirib ki, Ş.Əliyev prezidentə və digər vəzifəli şəxslərə yazılı müraciətlərdə, habelə qohum və tanışlarının yanında şəxsi həyatına və ictimai nüfuzuna, şərəf və ləyaqətinə xələl gətirən böhtan xarakterli məlumatlar yayıb.

Bu barədə AzadlıqRadiosuna Saatlı sakini Ş.Əliyev özü məlumat verib. O bildirir ki, Ə.Mehtiyevlə münasibəti beş il əvvəl pozulub:

«Həmkarlar işçilərinə maaş əvəzinə Ramiz Mehdiyevin imzası olan kağız verilir»

«2013-cü ildə işsiz olduğumu bildirib ondan kömək istəmişdim. Dedi, gəl bizim təşkilatda işlə. Məni Azərbaycan Sahibkarlıq, Özəl və Elm Müəssisələri İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsində təlimatçı işinə düzəltdi. Hətta bunu rəsmiləşdirdi də – mənimlə adını çəkdiyim təşkilat arasında mülki-hüquqi müqavilə bağlanıldı. Sonradan başa düşdüm ki, bu, saxta bir işdir. Təsəvvür edin, işçi hüquqlarını qorumalı olan təşkilat öz işçilərinə əməkhaqqı vermir. Onların əlinə Ramiz Mehdiyevin (Prezident Administrasiyasının rəhbəri) imzası olan bir sənəd verilib ki, gedib kimisə qorxudub pul alsınlar. Baxdım ki, bu, açıq-aşkar dələduzluqdur. Münasibətimiz elə əməkhaqqı tələbimdən sonra pozuldu».

Həmkarlar işçilərinə belə sənəd paylanılıb
Həmkarlar işçilərinə belə sənəd paylanılıb

Saatlı sakini Prezident Administrasiyası da daxil, bir çox mərkəzi icra hakimiyyəti orqanlarına şikayət yazdığını təsdiqləyir. Amma deyir ki, o, iddiaçıdan daha çox onun qardaşları – Prezident Administrasiyasında ictimai-siyasi şöbə müdirinin müavini Ərəstun Mehtiyevdən və «Azərmətbuatyayımı» ASC-nin Regional Mətbuatyayımı Şöbəsinin müdiri Mansur Mehtiyevdən narazıdır:

«Mənə qəribə gələn odur ki, iddianı niyə bu şəxs qaldırıb. Məhkəməyə təqdim etdiyi ərizəyə şikayət məktublarımdan birini tam köçürüb. Oxuyan da görər ki, orada daha çox Mansur Mehtiyevin saxtakar əməlləri barədə yazmışam. Əminəm ki, (prezident) İlham Əliyevə, (vitse-prezident) Mehriban Əliyevaya, Ramiz Mehdiyevə və (prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi) Əli Həsənova ünvanladığım məktubları Administrasiyada Ərəstun Mehtiyev gizlədir, müraciətlərimdə göstərilən faktların araşdırılmasına imkan vermir. Şikayətlərimin heç birinə cavab verilməyib. Görünür, məni susdurmaq üçün bu adamı da onlar ortaya atıb».

Ş.Əliyev ərizələrində yetərincə ciddi, hətta korrupsiya hüquqpozması hesab edilən faktları qeyd etdiyini, lakin onların heç birinin araşdırılmadığını deyir.

Həmkarlar təşkilatı: «İşə götürmüşük, amma maaş verməmişik»

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından Ş.Əliyevin şikayətinə baxılıb. Qurumun sədr müavini C.Alxasovun adından verilən yazılı cavabda etiraf olunur ki, Ş.Əliyev həmkarlar təşkilatında işə götürülüb, lakin bağlanılan müqavilədə ona əməkhaqqı verilməyi nəzərdə tutulmayıb.

Məktubda Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Ə.Mehtiyev barədə yazılanlara münasibət bildirilməyib.

Komitə sədrinin müavini şikayətə görə xəstə düşdüyünü iddia edir

«Cavabdehin hərəkətləri nəticəsində dost-tanış, qohumlar arasında malik olduğum nüfuz heçə enmiş, bu sarsıntılar mənim və ailəmin səhhətinə olduqca mənfi təsir göstərmiş, müxtəlif xəstəliklərə düçar olmuşam. Bütün bu hadisələrə görə iztirab keçirərək psixoloji vəziyyətimiz kritik həddə çatmışdır», – Ə.Mehtiyev iddia ərizəsində belə yazır.

Ə.Mehtiyev mənəvi zərərə görə cavabdehdən 25 min manat təzminat tələb edir. O, bu vəsaitin Silahlı Qüvvələrə Yardım Fonduna köçürülməyini istəyir.

Saatlı Rayon Məhkəməsindən bildirilib ki, iş üzrə hazırlıq iclası iyulun 11-nə təyin edilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG