Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:25

Prezident ötən ili belə dəyərləndirib


“2019-cu il arxada qalır. Bu il ölkəmiz üçün uğurlu il olmuşdur. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edildi, Azərbaycan öz inkişaf yolu ilə uğurla gedib”

Bunu prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrik nitqində söyləyib. Nitqin tam mətnini AZƏRTAC yayıb.

Çıxışında Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlət başçısı bunları söyləyib:

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Bizim prinsipial mövqeyimiz ondan ibarətdir ki, bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır, beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz hissəsidir”.

Prezidentin deməsinə görə, il ərzində münaqişə ilə bağlı Ermənistandan çox ziddiyyətli, bir-birini təkzib edən və cəfəng bəyanatlar səslənirib:

“Gah deyirdilər ki, qondarma “Dağlıq Qarabağ respublikası” müstəqil dövlətdir və Azərbaycan bu dırnaqarası müstəqil dövlətlə danışıqlar aparmalıdır. Bu, yalandır, Dağlıq Qarabağ müstəqil dövlət deyil, heç bir ölkə bu qanunsuz qurumu tanımayıb, o cümlədən Ermənistan da tanımayıb və bu il ərzində danışıqlar prosesi Ermənistan və Azərbaycan arasında aparılmışdır. Beləliklə, bu cəfəng tezis tamamilə darmadağın edilmişdir. Gah deyirdilər ki, Dağlıq Qarabağ Ermənistandır və nöqtə. Belə populist bəyanatlar vermək olar, amma bu populist bəyanatların arxasında dayanmaq mümkün deyil. Bu da yalandır, Dağlıq Qarabağ Ermənistan deyil, bütün dünya bilir və mən bunu bir daha bəyan etmişəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi”.

Prezident münaqişə ilə bağlı sonra da deyib:

“Əminəm ki, bizim ardıcıl, düşünülmüş siyasət münaqişənin həllinə gətirib çıxaracaq. İqtisadi gücümüz, hərbi gücümüz, siyasi gücümüz, demoqrafik artım - bütün bu amillər bizim mövqeyimizi gücləndirir. Əminəm, gün gələcək ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Buna nail olmaq üçün biz daha da güclü olmalıyıq və bu istiqamətdə bu il böyük addımlar atılmışdır”.

Prezidentin deməsinə görə, 2019-cu il tarixdə dərin islahatlar ili kimi qalacaq:

“Siyasi islahatlar, kadr islahatları, struktur islahatları, iqtisadi, siyasi və sosial sahələrdə aparılan islahatlar bizim gücümüzü artırmışdır. Bu il iqtisadiyyat artmışdır, iqtisadiyyatın qeyri-neft sektoru 3 faizdən çox artmışdır. Bizim xarici dövlət borcumuz ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu da dünya miqyasında 9-cu göstəricidir və bundan sonrakı illərdə xarici borcumuz daha da aşağı düşəcək. Bizim valyuta ehtiyatlarımız bu il 4,5 milyard dollar artmışdır və rekord həddə - 50 milyard dollara çatmışdır. Bizim valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan 5 dəfədən çox artıqdır… Sənaye istehsalı artmışdır, xüsusilə qeyri-neft sektorunda sənaye artımı 14 faiz təşkil etmişdir. Kənd təsərrüfatında 7 faiz artım vardır.”

Prezident əlavə edib ki, şəffaflıq baxımından 2019-cu il çox uğurlu olub:

“Vergi və gömrük orqanları xəzinəyə plandan əlavə 1 milyard manatdan çox vəsait daxil etmişlər və əlbəttə, bu, imkan verir ki, - əminəm, bu meyl gələn il də müşahidə olunacaq, - biz daha geniş miqyasda sosial və infrastruktur layihələri icra edək”.

Xatırlatma

Dağlıq Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə tərəflər arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in (ATƏM) Minsk qrupunun vasitəçiliyi ilə aparılır.

ABŞ, Rusiya və Fransa Minsk qrupunun həmsədr dövlətləridir.

XS
SM
MD
LG