Çexiya paytaxtı Praqanın bələdiyyəsi fevralın 24-də şəhərdə Rusiya səfirliyinin yerləşdiyi meydanın adının dəyişdirilməsi barədə qərar qəbul edib.
Əvvəllər “Podkaştanı” (Şabalıdlıq) adlanan meydan bundan sonra Rusiyanın qətlə yetirilmiş müxalifət lideri Boris Nemtsovun adını daşıyacaq.
Beləliklə, Çexiya paytaxtındakı Rusiya səfirliyinin rəsmi ünvanı da dəyişmiş olacaq.
Praqa hakimiyyət orqanlarının bəyantında deyilir:
"Bu qərar Rusiya müxalifəti ilə həmrəylik jestidir. Bu jestlə Praqa müasir Rusiyadakı siyasi vəziyyətin ağırlığına işarə edən bir neçə başqa meqapolislərə qoşulmuş olacaq”.
Meydanın adının dəyişdirilməsi təşəbbüsü Praqa meri Zdenek Hribə aiddir.
O bildirib ki, meydanın yeni adının açılış mərasiminin Boris Nemtsovun qətlinin 5 illiyi ilə üst-üstə düşməsini istəyirdi.
Nemtsov 2015-ci ilin 27 fevralında öldürülüb.
Maraqlıdır ki, bu meydanda Rusiya səfirliyindən başqa heç bir rəsmi idarə yerləşmir və deməli dəyişən yalnız Rusiya səfirliyinin ünvanı olacaq.
Boris Nemtsov 1997-1998-ci illərdə Rusiya baş nazirinin müavini olub. O bundan əvvəl Nijeqorod vilayətinin qubernatoru vəzifəsini tuturdu.
Vladimir Putin hakimiyyətə gələndən sonra Nemtsov onun ən qatı və ən ardıcıl tənqidçisinə, habelə Rusiya müxalifətinin liderlərindən birinə çevrilib.
Siyasətçi 27 fevral 2015-ci ildə Moskvanın mərkəzindəki Böyük Moskvaretsk körpüsünün üstündə, Kreml divarlarının yaxınlığında qətlə yetirilib.
Onun qətlinə görə Çeçenistanın beş sakini ittiham olunaraq məhkum edilib.
Qətlin birbaşa icraçısı Zaur Dadayevə 20 il iş kəsilib.
Buna baxmayaraq, qətlin sifarişçisi bugünədək müəyyən edilməyib.
Nemtsovun vəkili Vadim Prokhorov AzadlıqRadiosuna deyib ki, Rusiya hakimiyyət orqanları bu təhqiqatı bilərəkdən uzadır.
Praqakı meydan Nemtsovun adını daşıyan yeganə ünvan deyil.
Kiyevdə, Vilnüsdə və Vaşinqtonda da Nemtsovun adını daşıyan meydan və küçə adları var.
Onların hamısında Rusiya səfirlikləri yerləşir.