Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:04

Çexiya prezidenti 'Praqa Baharı'na görə izahat istəyir


Milos Zeman və Dmitry Medvedev
Milos Zeman və Dmitry Medvedev

Çexiya prezidenti Milos Zeman Rusiyanın baş naziri Dmitry Medvedev-lə görüşü zamanı «Zvezda» telekanalının saytında dərc edilmiş məqaləyə görə izahat tələb edib. Məqalədə deyilir ki, sovet işğalı Çexoslovakiyaya kömək edib.

«HANSISA BEYNİÇÜRÜK BİRİNİN MƏQALƏSİ»

««Zvezda» telekanalında hansısa beyniçürük birinin məqaləsi çıxıb. O bəyan edir ki, 1968-ci ildə sovet ordusu Çexoslovakiyanı işğal etməklə ona kömək göstərib. Bu bəyanat bütün çex xalqına təhqirdir», -prezident Zeman etirazını belə ifadə edib.

Çexiya Respublikasının prezidenti həmin bəyanatı Rusiyada keçirilən Çexiya-Rusiya iqtisadi forumunda dilə gətirib. «Zvezda» telekanalının saytındakı sözügedən məqalə prezident Rusiyada olan zaman dərc edilib. Zeman bu əməli təxribat saydığını söyləyib.

Zaman bildirib ki, Medvedev özünü məqalədə ifadə edilmiş mövqedən «kənarlaşdırmasa», bu, Rusiya - Çexiya münasibətlərinin ciddi pozulmasına gətirib çıxara bilər.

Zeman Medvedev-lə görüşünün əvvəlində məqalənin çap nüsxəsini ona verərək təəssüfünü bildirib:

«Bu, adətən, görməyə öyrəşdiyimiz xoş hədiyyələrdən deyil». Prezident bu məqaləyə görə ona hətta Rusiyaya səfərini yarımçıq qoymağın təklif olunduğunu da vurğulayıb.

49 il qabaq Sovet qoşunları demokratiyanı belə boğdu
Gözlə

No media source currently available

0:00 0:02:14 0:00

Məqaləni «opus» (bu kontekstdə «təxəyyül məhsulu» bir əsər – red) adlandıran D.Medvedev qeyd edib ki, sözügedən məqalə nə Müdafiə Nazirliyinin «Zvezda» telekanalının, nə də bütövlükdə Rusiya hökumətinin rəsmi mövqeyini əks etdirir. O, ölkəsinin medianın işinə qarışmamaq prinsipini bəyan etdiyini və bu prinsipə maksimum dərəcədə əməl etməyə çalışdığını da vurğulayıb.

«Çexoslovakiya, 1968-ci il: «Praqa Baharı»nın tarixi» adlanan və noyabrın 21-də dərc edilən həmin məqalə artıq saytdan yığışdırılsa da, internetdə yazının surəti qalıb.

MƏQALƏNİN BAŞLICA MƏQAMLARI

CurrentTime.TV qalmaqallı məqalədə əksini tapan əsas məqamları oxucularının diqqətinə çatdırıb. Həmin məqamlar bunlardır:

- Nikita Khrushchev-un destalinizasiya siyasəti və SSRİ-də repressiyaların baş verməsinin etirafı ölkənin düşmənlərinin əlinə təsir imkanları verdi. Onlar bu imkanların köməyilə «alınmaz qala» olan SSRİ-ni dağıda bilərdilər.

- 1968-ci ilədək Qərb Çexoslovakiya cəmiyyətini sosializmdən və SSRİ ilə dostluqdan imtinaya hazırlayırdı.

- «Antisovet qüvvələr» çexlər və slovaklar arasında milli ixtilafı qızışdırırdılar.

Praqada insanlar Sovet tanklarını mühasirəyə alır. 21 avqust 1968
Praqada insanlar Sovet tanklarını mühasirəyə alır. 21 avqust 1968

- 1953-cü ilədək Çexoslovakiyaya rəhbərlik etmiş kommunist Klement Gottwald-ın (o, 1929-1945-ci illərdə Çexoslovakiya Kommunist Partiyasının baş katibi olub - tərc.) ölümündən sonra gələn prezidentlər mahiyyət etibarilə ölkəni dağıdırdılar. Xalq təsərrüfatına zərbə vurulub, xalqın həyat səviyyəsi isə pisləşib.

- «Praqa baharı» zamanı Çexoslovakiyada dövlət quruluşunun dəyişdirilməsinə gizli hazırlıq başlanıb.

- 1968-ci ildə NATO üzvləri görüşlər keçirərək, ÇSSR-in (Çexoslovakiya Sosialist Respublikasının baş hərflərindən yaradılan qısaltma ad – red.) sosialist düşərgəsindən çıxarılması imkanlarını müzakirə ediblər. NATO şurası ölkənin sosialist düşərgəsindən çıxarılmasına yönəlmiş «Zefir» proqramını hazırlayıb.

- Çexoslovakiyanın sosialist düşərgəsindən çıxması potensial düşmənə Sovet İttifaqının sərhədinə birbaşa çıxış imkanı verirdi.

- Qərb sui-qəsdçi Ian Palach-ı hazırlayıb, onu üzərinə benzin tökərək Praqanın mərkəzində yandırıb və bunu Varşava Müqaviləsi Təşkilatı ölkələrinin qoşunlarının buraya yeridilməsinə qarşı etiraz əlaməti olaraq özünüyandırma aksiyası kimi qələmə verib.

XATIRLATMA

Xatırlatmağa dəyər ki, 1968-ci il yanvarın 5-də Alexander Dubcek-in Çexoslovakiya Kommunist Partiyasının rəhbərliyinə gəlməsi ilə baş qaldırmış «Praqa Baharı» zamanı Çexoslovakiya cəmiyyətində liberallaşma meylləri, senzuranın məhdudlaşdırılması, sərbəst ictimai diskussiyalar və hətta çoxpartiyalı sistemə keçid başlanmışdı.

1968-ci il avqustun 20-dən 21-nə keçən gecə Varşava Müqaviləsi Təşkilatının 500 min nəfərlik canlı qüvvədən və 5 min tankdan ibarət hərbi kontingenti ölkəyə yeridilib və ÇSSR işğal edilib. Bu əməliyyat tarixə «Dunay» əməliyyatı adı ilə düşüb və bununla da «Praqa Baharı» sona çatıb.

1969-cu ilin aprelində Alexander Dubcek Gustav Gusak-la əvəzlənib.

İşğalın ardınca 300 minədək Çexoslovakiya vətəndaşının ölkəni tərk etdiyi bildirilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG