Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:55

Sürəyya- «Post»da qalan sonuncu rəssam


Sürəyya Muğanlı (Zeynalova)
Sürəyya Muğanlı (Zeynalova)

-

Bir rəssam haqqında danışacağıq. Onun bu sənətdəki istiqamət, janr və mövzu seçimi kimi, həyat yolu da qeyri-adiliklərlə doludur. Üstəlik, illərlə yaratdığı əsərlər düz-əməlli «gün işığı» görmədiyindən, nə müəllifinə çörəkpulu qazandıra, nə də sənət taleyini yaşaya bilir...

«BÖYÜK DÜNYAYA BABAMIN KOMASINDAN BAXMIŞAM»

Sürəyya Muğanlı (Zeynalova) 1957-ci ildə Saatlı şəhərində doğulub. Həmin vaxt ekskavatorçu olan atası Mingəçevir SES-in tikintisinə cəlb olunub. Məktəb yaşınadək uşaqlığını Naxçıvandan Mingəçevirin «İncilli» adlanan yaşayış massivinə sürgün olunan babasının yanında keçirdiyini deyir:

«Böyük dünyaya çöllü-biyabanda tikilən komadan baxmışam. Babamla nənəm səhər ertədən çıxır, bir də axşam evə qayıdırdılar. Ətrafda sovxoz vardı, amma o qədər uzaqda idi ki, heç kəsi görə bilmirdim. Bütün günü təbiətlə üz-üzə qalırdım. Səhərlər pəncərə önündə dayanıb Bozdağdan dumanın çəkilməyinə baxırdım. Sonra həyətə düşüb inəklərin otlamağına, buzovların, quzuların dəlisov hərəkətlərinə tamaşa edirdim. Çöl quşları gəlib meyvə ağaclarının budaqlarında yuva qururdu. Quru otların arasından kiçik, rəngli quş yumurtaları tapırdım...».

MƏKTƏBLİ QIZIN UZAQGÖRƏNLİYİ

Orta təhsilini Saatlı şəhərində alan Sürəyya Zeynalova yay tətilini Naxçıvanda yaşayan nənəsinin yanında keçirdiyini, orada da fərqli təbiət lövhələri və mədəniyyət gördüyünü deyir. Bütün bunlar onda rəssamlıq sənətinə meyl yaradır. 7-ci sinifdən başlayaraq onun çəkdiyi şəkillər əl-əl gəzir, müsabiqələrdə qalib olur.

O illərdə qazıntılar zamanı Saatlı ərazisindən müxtəlif dövrlərə aid əşyalar tapılırdı. Məktəbli qız atasının köməyi ilə onları toplayıb evlərində saxlayır. Bu əşyalar sonralar Saatlıdakı tarix-diyarşünaslıq muzeyinin ilk eksponatlarına çevrilir:

«Əzim Əzimzadə adına rəssamlıq məktəbini bitirəndən sonra məni Xarkova göndərmək istəyirdilər. Atam razı olmadı. Rayonda qalıb işlədim. Bu illərdə əyalətlərdə muzeylər təşkil olunurdu. Artıq mən tanınırdım- sərgim keçirilmiş, keçmiş SSRİ üzrə festival qalibi olmuşdum. Saatlının 1-ci katibi Almaz Hacıyeva muzey yaratmağı mənə həvalə etdi. Gənc qız üçün bu, çox məsuliyyətli vəzifə idi. Evdəki kolleksiyamı daşıyıb muzeyə gətirdim. Hazırkı vaxtadək eksponatlarımızın sayını 10 min ədədə çatdırmışıq».

«AZAD DÜŞÜNCƏLƏRİN İFADƏSİ...»

Sürəyya Muğanlı işləyə-işləyə qiyabi İncəsənət Universitetinin Mədəni-maarif fakültəsini bitirir. İndi o, mədəni irsin təbliği ilə yanaşı, tədrisi ilə də məşğuldur- orta məktəbdə təsviri incəsənət fənnindən dərs deyir. Mədəniyyət sahəsindəki çoxillik fəaliyyəti nəzərə alınaraq 2015-ci ildə «əməkdar mədəniyyət işçisi» fəxri adına layiq görülüb.

Muzey işi və pedaqoji fəaliyyət, çoxsaylı ictimai tədbirlər onu ilk «məhəbbətindən» - rəsmdən ayırmayıb. O, təbiətə, cəmiyyətə, qloballaşan dünyaya rəssam gözü ilə baxır. Dövrün narahatlıq və ağrılarını içindən keçirərək kətan üzərinə köçürür...

Amma o, həyatından, seçimindən narazı deyil, əksinə, özünü xoşbəxt hesab edir:

«Başqa sənətlər sintezdirsə, rəssamlıq fərdidir. Bu sənət məni sirli-sehrli aləmə gətirməklə yanaşı, cəmiyyətin qəbul və diktə etdiklərindən kənarlaşmaq, özümü, azad düşüncələrimi ifadə etmək imkanı verir».

«TANRI BÜTÜN YARATDIQLARININ YARADICI OLMAĞINI İSTƏYİR»

Nə qədər qəribə səslənsə də, Sürəyya Muğanlı təsviri incəsənəti də «dəqiq elm» kimi təqdim edir:

«Bəzi tarixi faktlar salnamələrə düşməyə, yaxud təhrif edilə bilər. Amma rəsm əsərləri tarixə ən yaxşı bələdçilik edir».

Onun düşüncəsinə görə, böyük rəssam Yaradanın özüdür:

«Götürək torpağı. Ətri yox, dadı yox, birrənglidir. Amma görün ondan nə qədər ətir, dad, rəng yaranır. Kiçik ölçüdə olan kətan üzərinə də beləcə tariximizin, təbiətimizin, həyatımızın, daxili aləmimizin böyük bir parçası köçürülür. Heç şübhəsiz, bunda Yaradanın razılığı var. Bir mövzu düşüncəni məşğul edir. Ta əlinə fırça alanadək o, içində üsyan edir. Böyük yaradan yaratdıqlarının da yaradıcı olmağını istəyir...».

«ƏN GÜCLÜ ETİRAZIMI SÜRREALİZM VƏ POSTİMPRESSİONİZMDƏ İFADƏ EDİRƏM»

Sürəyya Muğanlı çoxşaxəli, geniş diapazonlu yaradıcılığa malikdir. Zəngin həyat müşahidələri, tükənməz ideyalar «arsenalı», fəlsəfi fikir dünyagörüşünü ustalıqla ifadə etmək bacarığı ona özünü təsviri sənətin bir çox növ və janrlarında sınamaq imkanı verib. Abstrakt metod və texnikasını yaxşı mənimsəyə bildiyindən sürrealizmə, impressionizmə, postimpressionizmə aid edilən çoxsaylı əsərlər yaradıb. O, bu cərəyanların təsiri altına düşməyindən danışır:

«Mən ən mübhəm hislərimi, ən güclü etirazlarımı sürrealizm və postimpressionizmdə ifadə edə bilirəm. Amma deyim ki, bizdə postimpressionizmlə məşhurlaşmaq çətindir. Xaricə gedəndən sonra Cavad Mircavadovun əsərləri tanındı. Deyəsən, hazırkı vaxtda Azərbaycanda «post»da təkcə mən qalmışam...».

«BİZDƏ RƏSM ƏSƏRİNƏ OYUNCAQ QƏDƏR DƏYƏR VERİLMİR»

Sürəyya Muğanlı deyir ki, Azərbaycanda rəsm əsərini hədiyyə etmək mədəniyyəti yoxdur:

«Suvenirlər, oyuncaqlar, qab-qacaq bağışlanır, amma sənətə dəyər verilmir. Ən yaxşı rəsm əsərlərimiz xaricə daşınır. Baxaq evlərimizə, ofislərimizə, ictimai binalarımıza, onun divarlarından nə asılıb? Amma cəmiyyətin bu yanaşmasından asılı olmayaraq, sənət fədakarlar hesabına ayaqda dayanıb...».

XS
SM
MD
LG