Ukrayna prezidenti Petro Poroshenko yeni ölkə prezidentinin andiçmə mərasiminin təxirə salınması ilə bağlı Vladimir Zelenski-nin ittihamını rədd edib.
Onun bu bəyanatı prezidentin mətbuat xidmətinin rəsmi “Feysbuk” səhifəsində yerləşdirilib.
Poroshenko bildirib ki, andiçmə mərasimi ilə bağlı Zelenskinin təklif etdiyi istənilən vaxtı qəbul etməyə hazırdır, amma bu barədə qərarı ölkə parlamenti verir.
Poroshenko hesab edir ki, ölkənin yeni prezidenti seçilmiş Vladimir Zelenski onu əbəs yerə tənqid edir.
“Ukrayna, cənab Zelenskiyə göründüyü kimi Misir otelində nömrə deyil. Hakimiyyətin təhvil verilməsi cətin və məsuliyyətli bir prosesdir”, Poroshenkonun bəyanatında deyilir.
Vladimir Zelenski bundan əvvəl-mayın 9-da parlamentin hərəkətini tənqid eləmiş və sədr Andrey Parubiyadan andiçmə mərasiminin mayın 19-a təyin edilməsini tələb etmişdi.
Zelenski videomüraciətində prezident Poroshenkonu da tənqid edib, onu mehmanxana otağını vaxtında tərk etməyən “tərbiyəsiz turist” adlandırıb.