Keçid linkləri

Təcili xəbərlər
2023, 28 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:48

Poroşenko Rusiyanı “təcavüzkar ölkə” adlandırdı


Ukrayna prezidenti Petro Poroşenko keçmiş prezident Yanukoviçin məhkəməsinə videoxətlə ifadə verib

Özündən əvvəlki prezident Yanukoviçin xəyanət ittihamı ilə keçirilən məhkəməsinə ifadə verən Ukrayna lideri Petro Poroşenko Rusiyanı “təcavüzkar ölkə” adlandırıb və onu Ukraynaya qarşı “yaxşı hazırlanmış hibrid müharibəsini” həyata keçirməkdə ittiham edib.

Məhkəməyə videoxətlə ifadə verən Poroşenko deyib ki, 2014-cü ilin fevralında Yanukoviç avropayönlü etirazçılardan Rusiyaya qaçanda, Moskva Ukraynanın Krım yarımadasını ilhaq etmək və Ukraynanın şərqindəki Dnepropetrovsk, Xarkov, Odessa, Luqansk və Donetsk bölgələrindəseparatizmi qızışdırmaq planlarının icrasına başlayıb.

Prezident bunu da bildirib ki, o 2014-cü ilin fevralında Krıma səfəri zamanı Rusiya hərbçilərinin yarımadanı necə ilhaq etməsinin şahidi olub.

Poroşenko deyib: “Sevastopolda mənzillənmiş on minlərlə Rusiya hərbçiləri Ukrayna ərazisinin zəbt olunmasında iştirak edib”.

Fevralın 21-də verdiyi ifadə zamanı Poroşenko habelə işinin çoxluğu ucbatından məhkəməyə şəxsən gələ bilmədiyinə görə üzr istəyib.

Müdafiə vəkillərinin Yanukoviç və müxalifət liderləri arasında imzalanmış sülh razılaşmasına dair suallarrına cavab olraq Poroşenko belə bir sənədi görmədiyini və onun imzalanmasında iştirak etmədiyini bildirib.

Poroşenko deyib ki, o vaxt o “yeri bəlli olmayan” Yanukoviçin səlahiyyətlərinin spiker Oleksandr Turçinova ötürülməsi qərarına səs verib.

Bundan sonra müdafiə tərəfinin vəkilləri hakimiyyətin Yanukoviçdən Turçinova transferinin qanuniliyinə dair çoxsaylı suallar veriblər, lakin hakim onları dayandıraraq mahiyyəti üzrə çıxış etməyə dəvət edib.

Avromaydan kimi tanınan Ukrayna etirazları 2013-cü ilin noyabrında başlanmışdı və hökumətdən Avropa İttifaqı ilə assiosiasiya sazişinin imzalanmasını tələb edirdi. Yanukoviç bu sazişin imzalanmasının təxirə salınmasını və Moskva ilə daha sıx əlaqələrin qurulmasını istəyirdi.

Ukrayna prokurorları deyirlər ki, paytaxtın Azadlıq meydanında yer alan etirazlarda 104 nəfər həlak olmuş, daha 2500 nəfər xəsarət almışdı.

Özünə Rusiyada sığınacaq tapmış Yanukoviç polisə, etirazçılara atəş açmaq əmrini verməsini inkar edir və bildirir ki, etirazlar onun “qanuni hökumətini” devirmək məqsədi güdən zorakılıqlar idi.

Moskva Yanukoviçin devrilməsinə Krımın ilhaqı və Ukraynanın şərqində separatizmi qızışdırmaqla cavab verib. Bundan sonra başlanan münaqişədə 10 mindən çox insan həlak olub.

XS
SM
MD
LG