Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:10

ABŞ sanksiyaların İran üçün humanitar yardıma əngəl olmadığını deyir (VIDEO)


İranın şimalındakı Ağqala kəndində könüllülər
İranın şimalındakı Ağqala kəndində könüllülər

Birləşmiş Ştatlar Tehranın siyasi davranışının dəyişdirilməsi üçün onun üzərinə qoyduğu sanksiyaların İranda sel qurbanlarına humanitar yardımın çatdırılmasına əngəl yaratdığı barədə fikirləri rədd edib.

ABŞ dövlət katibi Mike Pompeo aprelin 2-də deyib ki, İranda sellərin yaratdığı humanitar fəlakət Tehran rejiminin “şəhərsalma işlərindəki səriştəsizliyini və fövqəladə vəziyyətlərə hazırlıqsızlığını bir daha nümayiş etdirib”.

O deyib ki, İran rejimi kənar qüvvələri günahlandırsa da, təbii fəlakətin dağıdıcılığına hökumətin səriştəsizliyi səbəb olub.

İranın xarici işlər naziri Mohammad Javad Zarif və Beynəlxaql Qırmızı Xaç və Aypara Hərəkatının qolu olan İran Qırmızı Aypara cəmiyyətinin başçısı bildiriblər ki, ABŞ sanksiyaları 47 iranlının ölümü ilə nəticələnmiş selin qurbanlarına humanitar yardımın çatdırılmasını əngəlləyir.

İran Qırmızı Ayparasının rəhbəri Ali Asghar Peyvandi aprelin 1-də yarırəsmi ISNA xəbər agentliyinə demişdi ki, onun təşkilatı ABŞ-ın bank sektoruna qoyduğu sanksiyalara görə iki həftə davam edən sel zamanı beynəlxalq yardım ala bilməyib.

Şiraz şəhərinin cənubundakı kəndlərdən biri seldən sonra
Şiraz şəhərinin cənubundakı kəndlərdən biri seldən sonra

Birləşmiş Ştatlar 2015-ci il nüvə sazişindən çıxandan bəri İran üzərinə sanksiyaları bərpa edib. Tehran və dünyanın 6 gücü arasında imzalanmış bu saziş İranın öz nüvə proqramını məhdudlaşdırması müqabilində onun üzərinə qoyulmuş beynəlxalq sanksiyaların qaldırılmasını nəzərdə tutur.

Peyvandi deyib ki, sanksiyaların bərpasından əvvəl təşkilat xarici yardımları SWIFT beynəlxaql bank köçürmələri sistemi ilə alırdı. İndi bu sistem üzərinə də sanksiyalar tətbiq edilib.

İranda leysan yağışları nətciəsində yaranmış sellər ölkənin qərb və cənub bölgələrində böyük dağıntılara səbəb olub. Burada Qırmızı Ayparanın onlarca təyyarəsi fəlakətdən zərər çəkmiş insanlara humanitar yardım çatdırır.

Belçikada mənzillənmiş Dünya Banklararası Kommunikasiyalar Cəmiyyəti (Society for Worldwide Interbank Financial Communications) və ya qısaca adı SWIFT olan maliyyə mesajlaşması xidməti bildirmişdi ki, bəzi İran banklarına çıxışı bağlayıb.

Bundan əvvəl Birləşmiş Ştatlar SWIFT-ə sanksiyalarla üzləşə biləcəyi barədə xəbərdarlıq etmişdi.

Peyvandi bildirib ki, 2017-ci ilin zəlzələsi zamanı Qırmızı Ayparanın xəstəxanaları bank hesablarından istifadə edə bilirdilər.

Bu şəkil martın 31-də Əhvaz yaxınlığında çəkilib
Bu şəkil martın 31-də Əhvaz yaxınlığında çəkilib

Tehran ara-sıra təbii fəlakətlər zamanı ABŞ-ın təklif etdiyi humanitar dəstəkdən özü imtina edib.

Lakin ABŞ 2012-ci ildə İranda 300 nəfərin ölümü ilə nəticələnmiş qoşa zəlzələdən sonra bu ölkəyə pul tranşlarını asanlaşdıran müvəqq əti lisenziya vermişdi.

Bundan əvvəl, martın 26-da BMT-nin Humanitar Yardımın Koordinasiyası idarəsi bildirmişdi ki, təşkilat İrana humanitar yardım edilməsinə hazırdır, lakin birtərəfli qaydada qoyulmuş ABŞ sanksiyaları böyük çətinlik yaradır.

Aprelin 2-də Pompeo deyib ki, Birləşmiş Ştatlar İranın Qırmızı Ayparasına dəstək verilməsi məqsədilə Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatına yardım göstərməyə hazırdır.

Özünün farsca Twitter hesabında ABŞ Dövlət Departamenti İrandakı sel qurbanlarına hüsn-rəğbət ifadə edib, həlak olanların yaxınlarına başsağlığı verib və köməklik göstərməyə hazırlığını bildirib:

"Biz həmişə olduğu kimi dünyanın başqa yerlərində olan cəbhə xətti bölgələrinə yardım göstərməyə hazırlıq”.

Dövlət Departamentinin Twitter postunda “başsağlığı” sözü qara hərflərlə yazılıb.

İran tərəfi bu yardım təklifinə hələki reaksiya verməyib.

Bu arada ABŞ-da mənzillənmiş bir sıra xeyriyyə fondları İrana yardımın toplanmasına başlayıb. Portlenddə yerləşən Child Foundation özünün Facebook hesabında bildirir ki, İranda seldən zərər çəkənlərə yardım toplayır.

Bu fondun İrana 3 milyon dollarlıq yardım göndərmək üçün lisenziyası var. Təşkilat hələlik yalnız 200 min dollar toplandığlını bildirir.

İranın rəsmi IRNA xəbər agentliyi bildirir ki, qonşu Əfqanıstan, Azərbaycan, Türkiyə, habelə Birləşmiş Krallığın qırmızı xaç və qırmızı aypara komitələri İrana yardım təklif ediblər.

Almaniyanın Tehrandakı səfiri Michael Klor-Berchtold aprelin 1-də Twitter-də bildirib ki, onun ölkəsi İranda sel qurbanlarına humanitar yardımın çatdırılmasına başlayıb.

O bildirib Almaniya Qırmızı Xaç Komitəsi İran Qırmızı Ayparasına 40 kater və başqa avadanlıq çatdırıb.

İran bildirir ki, sel suları onun 31 ostanından 25-də dağıntılara səbəb olub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG