Ukrayna prezidenti Petro Poroşenko ukraynalıları İkinci Dünya Müharibəsi zamanı nasist Almaniyası ilə əməkdaşlıqda ittiham edən Polşa qanununun qəbulu ilə bağlı dərin narahatlığını ifadə edib.
O bildirib ki, məsələnin belə qoyuluşu “qətiyyən qəbuledilməzdir”.
Poroşenko bu barədə postu fevralın 1-də özünün Facebook səhifəsində yazıb. Bundan bir neçə saat əvvəl Polşa Senatı “Holokost və nasist zəmanəsi cinayətləri barədə ifadələri tənzimləyən” qanunu qəbul etmişdi.
Birləşmiş Ştatlar, İsrail və bir sıra başqa ölkələr də Polşada qəbul edilmiş qanunu tənqid ediblər.
Bu qanun Polşanı nasist cinayətlərlə bağlayan şəxslər barədə üç ilədək həbsxana cəzası ilə nəticələ biləcək cinayət məsuliyyəti nəzərdə tutur.
Bu qanunda nasist və kommunist rejimi cinayətləri ilə yanaşı Üçüncü Reyxlə əməkdaşlıq edən “Ukrayna millətçilərinin törətdikləri cinayətlərdən” də söz açılır.
Bu qanunda söhbət “1925-1950-ci illər arasında Ukrayna millətçiləri tərəfindən törədilmiş əməllərdən” gedir.
Qanunda deyilir ki, bu Ukrayna birlikləri ikinci Polşa Respublikası Volınya və Malopolskanın yəhudi əhalisinin qətliam və soyqırımında iştuirak ediblər.
1925-1950-ci illər arasındakı müddətdə Qərbi Ukraynanın bir sıra əraziləri Polşa torpağı sayılırdı.
Varşava bildirir ki, bu qanundan məqsəd Polşa və onun xalqının reputasiyasını qorumaqdır.
Lakin Poroşebnko iddia edir ki, əsksinə, bu qanun Ukraynanın reputasiyasına xələl gətirir. Ukrayna prezidenti bildirib ki, qanunda Ukraynaya qarşı iddialar qərəzlidir.
Poroşenko yazır: “Tarixi həqiqət qadağanları yox, açıq söhbət və dialoqları nəzərdə tutmalıdır”.
Poroşenko bunu da qeyd edir ki, bu qanunun qəbulu Ukrayna və Polşa arasındakı strateji partnyorluqla bir araya sığmır.
Ukrayna prezidenti bildirir ki, Ukrayna və Polşa “totalitar rejimlər üzərində birgə qələbələrini unutmamalıdırlar”.
Poroşenko bunu da yazıb ki, “heç bir siyasi qərar tarixi həqiqəti dəyişə bilməz”.
AzadlıqRadiosu yazır ki, həm Polşa, həm də Ukraynanın bir çox rəsmiləri və vətəndaşları nasist Almaniyasına və Moskvanın sovet dövründə Şərqi Avropa üzərindəki hegemonluğuna eyni dərəcədə mənfi münasibət bəsləyirlər.
Lakin Polşa və Ukrayna arasında əsrlər boyunca zorakılıqlar və mübahisələr də olub.
Qanunun qüvvəyə minməsi üçün onun prezident Andrzej Duda tərəfindən imzalanması lazımdır.