Polşada dövlət kütləvi informasiya vasitələrinin – ictimai televiziya, radio və PAP xəbər agentliyinin bütün rəhbərliyi istefaya göndərilib.
Bu barədə məlumatı dekabrın 20-də Polşa hökuməti verib.
PolsatNews xəbər verir ki, hökumətin bu bəyantından yarım saat sonra TVP Info və TVP3 telekanalları yayınlarını dayandırıblar. TVP-nin internet saytı işləmir.
Ölkənin yeni hökuməti bildirir ki, dövlət KİV-ləri Hüquq və Ədalət Partiyasının 8 illik hakimiyyəti illərində təbliğat vasitəsinə çevriliblər.
Baş nazir Donald Tuskun koalisiya hökuməti ölkənin həyatına və hadisələrə balanslı yanaşma nümayiş etdirən yeni KİV-lərin yaradılacağını vəd edib.
Qərar fikir ayrılığı yaradıb
Bu yaxınlarda Polşa Seymi “Hüquq qayda-qanununun, dövlət KİV-lərinin və Polşa xəbər agentliyinin qərəzsizliyinin və tamlığının bərpasına” dair qətnamə qəbul edib.
Bu qətnamənin leyhinə 244, əleyhinə 84 deputat səs verib, daha 16 deputat bitərəf qalıb.
Bu sənəddə Seym bu dövlət orqanlarını və dövlət mediasını “vətəndaşların etibarlı informaisya almaq kimi Konstitusiya hüququnun bərpa edilməsinə” çağırıb.
Xəbər verilir ki, Hüquq və Ədalət Partiyasının siyasətçiləri hökumətin bu qərarını dəstəkləməyiblər.
Onlardan bir çoxu, o cümlədən partiyanın lideri Yaroslav Kaçinski “demokratiyanı müdafiə etmək üçün” TVP telekanalının binasına yollanıb.