Keçid linkləri

Təcili xəbərlər
2019, 11 Dekabr, çərşənbə, Bakı vaxtı 20:46

Polkovnik prezidentə üz tutub


Q.Mənsimzadə

Orduda 30 ildən çox xidmət etdiyini bildirən polkovnik Qəhrəman Mənsimzadə bu günlər prezident, Ali baş komandan İlham Əliyevə sosial şəbəkələr vasitəsilə açıq videomüraciət ünvanlayıb.

Onun müraciətində Azərbaycan ordusunda qanun pozuntularının, korrupsiyanın və başqa neqativ halların olması barədə iddialar yer alır.

Q.Mənsimzadə qeyd edib ki, bütün bunlarla bağlı Müdafiə naziri Zakir Həsənov və bir sıra rəsmilərə dörd ay əvvəl ünvanladığı şikayət məktubları cavabsız qalıb. «Artıq bunlara göz yummaq qeyri-mümkündür…», - o vurğulayıb.

Q.Mənsimzadə iddia edib ki, bu il iyulun 11-də sifariş nəticəsində onun xidmət otağında qanunsuz axtarış aparılıb. Polkovnikin vurğulamasına görə, onunla bağlı tərtib olunmuş aktların hamısı qanunsuz olub və təlimata uyğun tərtib olunmayıb: «Məqsəd məni susdurmaq və vəzifədən kənarlaşdırmaq idi».

Sizcə, hökumət əsgərlərə necə baxır?
Gözlə

No media source currently available

0:00 0:01:24 0:00

Polkovnik əlavə edib ki, onu öz arzusu ilə ehtiyata buraxmaq əvəzinə, iyulun 15-də cəbhə bölgəsində yerləşən N saylı hərbi hissəyə ixtisasına uyğun olmayan vəzifəyə göndəriblər: «Mənə qarşı olan haqsız və ədalətsiz ittihamlara görə mən iyulun 12-də silahlı qüvvələrinin Hərbi Akademiyasından öz arzumla tərxis olunmağım barədə raport yazmışam. Lakin Zakir Həsənov məni başqa hərbi hissəyə göndərdi. General Həsənovdan soruşuram - Bu idi sizin apardığınız islahatlar? 32 il vicdanla xidmət etmiş zabiti bir an içində məhv etmək?».

Q.Mənsimzadə sonra da iddia edib ki, imkanlı şəxslərin övladları yalnız rüşvət hesabına ehtiyatda, ya da arxa cəbhədə xidmət edirlər.

Polkovnik Q.Mənsimzadənin müraciəti ilə bağlı Müdafiə Nazirliyindən, hələlik, münasibət öyrənmək mümkün olmayıb.

«Turan» agentliyinin məlumatına görə, nazirlikdən bu məsələyə münasibət bildirməkdən ötrü onlardan sualların yazılı göndərilməsi istənilib, suallar göndərilsə də, hələlik, cavab verilməyib.

Amma Müdafiə Nazirliyinin rəsmiləri bundan əvvəl korrupsiya ilə bağlı iddiaları qəbul etməyiblər.

Zabitlərin orduda duruma dair belə çıxışları nadir hadisələrdən sayılır. Bu yaxınlarda Sərhəd Qoşunlarının Qazax zastavasindan da bir zabit mövcud durumla bağlı YouTube kanalında video yaymışdı. Sonradan Dövlət Sərhəd Xidməti orada səslənən ittihamları təkzib etdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG