Keçid linkləri

2025, 24 Mart, Bazar ertəsi, Bakı vaxtı 06:22

Politkovskayanın qətlinə görə məhkum edilmiş şəxs Ukrayna müharibəsinə yollanıb


Sergey Xacikurbanov
Sergey Xacikurbanov

"Novaya qazeta" qəzetinin müxbiri Anna Politkovskayanın qətlində vasitəçi kimi məhkəmə tərəfindən təqsirli bilinmiş və 20 il azadlıqdan məhrum edilmiş keçmiş milis nəfəri Sergey Xacikurbanov koloniyadan azad edilərək Ukrayna müharibəsinə yollanıb.

Baza teleqram kanalının məlumatına görə Xacikurbanov döyüş əməliyyatları zonasına artıq 2022-ci ildən gəlib. O burada əvvəlcə kəşfiyyat bölməsinin komandiri, daha sonra isə batalyon komandiri vəzifəsinə təyin edilib.

Bu da xəbər verilir ki, yarımillik xidmətini başa vurduqdan sonra Xacikurbanov əfv olunan bir çox keçmiş məhkumlar kimi evinə qayıtmayaraq Müdafiə Nazirliyi ilə xidmət müqaviləsini uzadıb.

Xacikurbanovun Ukrayna müharibəsinə yollanaraq həbsdən vaxtından əvvəl azad edilməsini RBK agentliyinə vəkil Aleksey Mixalçik də təsdiqləyib.

Onun sözlərinə görə Xacikurbanov əvvəlcə məhkum kimi müqavilə bağlayıb, amma hazırda Ukrayna müharibəsində "azad muzdlu hərbçi" kimi iştirak edir.

Məhkəmə

2014-cü ilin iyununda Moskva şəhər məhkəməsi Politkovskayanın qətlinin icraçısı və təşkilatçısı kimi təqsirli bilmiş münsiflərin qərarı əsasında Çeçenistan doğumlu Rustam Maxmudovu və Lom-Ali Qaytukayevi ömürlük həbs cəzasına məhkum etmişdi.

Qaytukayev sonradan həbsxanada vəfat etmişdi. O vaxt Sergey Xacikurbanov cinayətin vasitəçisi kimi 20 il iş almışdı.

Politkovskayanın qətli üzrə habelə Moskva milisinin keçmiş əməkdaşı Dmitri Pavlyuçenkova 11 il iş kəsilmişdi. O jurnalistin izlənməsini təşkil etdiyini boynuna almışdı.

Xacikurbanov isə sonadək ifadə verməkdən imtina edir və təqsirsiz olduğunu deyirdi.

O iddia edirdi ki, ona qarşı ittiham yalnız Pavlyuçenkovun ifadələri əsasında tərtib olunub, o isə ona pul borclu olduğuna görə şər atıb.

Qətlin ipucu

Anna Politkovskaya 2006-cı ilin oktyabrında Moskvada öz evinin blokunda qətlə yetirilib.

İstintaq hesab edirdi ki, bu qətlin motivi onun jurnalist fəaliyyətindən narazılıq olub. Buna baxmayaraq qətlin sifarişçisi bugünədək tapılmayıb.

Vəkillər və Politkovskayanın həmkarları iddia edirdilər ki, bir çox dəlillər və cinayət şəraiti qətlin bir ucunun Çeçenistan rəhbərliyinə gedib çıxdığını göstərir.

2021-ci ilin 7 oktyabrında bu cinayətin keçmişlik müddəti başa çatıb. Bu isə o deməkdir ki, həmin vaxtdan bəri bu qətllə bağlı heç bir axtarış tədbiri görülmür.

XS
SM
MD
LG