Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 05:58

'Polis vəfat etmiş cəbhəçi ilə bağlı tədbirə imkan vermir'


E.Fərəcov
E.Fərəcov

İyulun 30-u keçmiş məhbus, keçən il həbsdən çıxdıqdan az sonra vəfat edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Elnur Fərəcovun doğum günüdür. Amma AXCP-dən AzadlıqRadiosuna deyildiyinə görə, Neftçala polisi vəfat etmiş cəbhəçi ilə bağlı tədbirə imkan vermir.

Partiyadan verilən məlumata görə, mərhumun atası Hüseyn Fərəcov iyulun 29-da Neftçala Rayon Polis Şöbəsinə dəvət olunub. AXCP-dən vurğulandığına görə, ona xəbərdarlıq edilib ki, E.Fərəcovun ad günü xüsusi qeyd edilməməlidir: «Ancaq ailə üzvləri qəbrini ziyarət edə bilər... Özü də səbəb kimi tədbirin siyasi xarakter ala bilməsi ehtimalı göstərilib. Əlavə ediblər ki, hər hansi tədbir keçirilsə, cidd-cəhdlə qarşısı alınacaq».

H.Fərəcov: «Evim polis əhatəsindədir»

«Hal-hazırda evim polis əhatəsindədir. Bir polis maşını evin önündə dayanıb, biri də arxasında».

Bunu isə mərhum Elnur Fərəcovun atası, Neftçala rayon sakini Hüseyn Fərəcov bildirib.

H.Fərəcov da təsdiq edib ki, iyulun 30-u mərhum oğlu Elnur Fərəcovun doğum günüdür. Onun sözlərinə görə, amma evin ətrafında polis nəzarəti olduğundan, qohumları evlərinə gələ bilmir: «İnanın ki, qohum-əqrəba yanında adam peşman olur. Mən özüm xəstə adamam. Övlad itkisi ağır dərddir. Bu yandan da bunlar imkan vermirlər. Şəkər, təzyiq imkan vermir. Guya bura qohum-əqrəbam gəlsəydi, nə olacaqdı ki?».

Bütün bu deyilənlərə, hələlik, Neftçala Rayon Polis Şöbəsi və Daxili İşlər Nazirliyindən (DİN) münasibət öyrənmək mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə bütün fundamental azadlıqlar qorunur, heç kim siyasi mövqeyi və tənqidi münasibətinə görə ayrıseçkiliyə məruz qalmır. Rəsmilərin fikrincə, Azərbaycanda «siyasi məhbus» adlandırılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Xatırlatma

AXCP fəalı Elnur Fərəcov 2017-ci il mayın 5-də Cinayət Məcəlləsinin (CM) 234.2-ci (narkotik vasitələrin satış məqsədilə əldə edilməsi, saxlanması, hazırlanması ) maddəsi ilə təqsirli bilinərək, Neftçala Rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib.

E.Fərəcova qarşı cinayət işi 2016-cı ilin dekabrında açılıb. Onun mənsub olduğu AXCP ittihamları rədd edərək, bunu siyasi iş kimi, təqsirləndirilən şəxsin müxalif fəaliyyəti ilə əlaqələndiriblər.

Ancaq rəsmilər hesab edirlər ki, Azərbaycanda heç kim dinc, siyasi fəaliyyətinə görə təzyiq və həbslərlə üzləşmir.

Onun səhhəti həbsxanada pisləşib və o, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Binə qəsəbəsində vərəm xəstələrindən ötrü yaradılan 3 saylı ixtisaslaşmış cəzaçəkmə müəssisəsinə (tubzon) köçürülüb. 4 ay «tubzon»da saxlanılan E.Fərəcovun müalicəsinin nəticə vermədiyi bildirilib. E.Fərəcov daha sonra Penitensiar Xidmətin müalicə mərkəzinə köçürülüb. Həbsdə onun boğazında şiş olduğu müəyyən edilib E.Fərəcov ötən ilin mayında prezidentin verdiyi əfv sərəncamı ilə azadlığa çıxıb. O, azadlığa çıxdıqdan bir neçə ay sonra-avqustun 9-da xərçəng xəstəliyindən vəfat edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG