Keçid linkləri

Təcili xəbərlər
2020, 12 İyul, bazar, Bakı vaxtı 02:47

Polis və prokurorluq Tofiq Yaqublu barədə açıqlama yayıb


T.Yaqublu hadisə yerində. 22 mart 2020

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu Müsavat Partiyasının üzvü Tofiq Yaqublu ilə bağlı məlumat yayıb.

Məlumatda qeyd edilib ki, martın 22-də saat 15 radələrində T.Yaqublu «Toyota Corolla» markalı avtomobillə Bakı şəhəri, Naxçıvanski küçəsi-61 saylı ünvanda yolun sağ kənarında dayanmış vəziyyətdən sola yerdəyişmə edib hərəkətə başlayarkən manevr qaydalarını pozub. Rəsmi açıqlamaya görə, bu zaman eyni istiqamətdə hərəkət edən Elxan Cəbrayılovun idarə etdiyi «VAZ-21074» markalı 90-HA-028 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.

Məlumata görə, araşdırma zamanı T.Yaqublunun həmin vaxt avtomobildən çıxaraq E.Cəbrayılovu nalayiq ifadələrlə təhqir edərək yumruqla baş və vintaçan alətlə sağ çiyin nahiyəsinə vurduğu müəyyən olunub. İddiaya görə, eləcə də, T.Yaqublunun qanunsuz hərəkətlərinin qarşısını almaq istəyən E.Cəbrayılovun avtomobildə olan arvadı Cəvahir Cəbrayılovanı əli ilə də itələyib, ona da xəsarət yetirməsinə dair əsaslı şübhələr var: «Hadisə zamanı «Toyota Corolla» markalı avtomobilin sol qapıları və qabaq qanadı üzərində, «VAZ-21074» markalı avtomobilin isə sağ qabaq qanad üzərində zədələrin yarandığı müəyyən edilib. Fakta görə Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə cinayət işi başlanıb. Hadisə yerinə baxış zamanı… üzərində qanabənzər ləkələr olan vintaçan, zərərçəkmiş şəxs E.Cəbrayılovun hadisə vaxtı əynində olmuş, üzərində qanabənzər ləkə olan cırılmış jaket aşkar edilərək maddi sübut kimi götürülüb».

Tofiq Yaqublu barədə üç aylıq həbs qətiimkan tədbiri seçildi
Gözlə

No media source currently available

0:00 0:02:12 0:00

Açıqlamaya görə, məhkəmə-tibbi, məhkəmə-trasoloji və məhkəmə-bioloji ekspertizaları təyin edilib, zərərçəkmiş şəxslər və şahidlər dindirilib: «Məhkəmə-tibbi ekspertizasının rəylərinə əsasən, E.Cəbrayılov və arvadı C.Cəbrayılovanın bədənləri üzərində hadisə zamanı yetirilməyə xarakterik olan xəsarətlər aşkar edilib…».

Dünən, martin 23-də Nizami Rayon Məhkəməsində T.Yaqublu haqqında 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Tofiq Yaqublu saxlanmazdan öncə nə yazmışdı

Tofiq Yaqublu isə saxlanmazdan öncə - martın 22-də saat 16 radələrində Facebook səhifəsində məlumat paylaşaraq ciddi təxribatla üzləşdiyini vurğulamışdı. «Dostlar, ciddi təxribatla üzləşmişəm. «8-ci kilometr bazarı»nda park halındakı maşınımı qəsdən, nümayişkaranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır», - deyə o yazmışdı.

Üstəlik, yaxınlarının bildirməsinə görə, o, həmçinin, saxlanmazdan əvvəl onlara da telefonla bilgi verib. Yaxınlarının sözlərinə görə, T.Yaqublu qeyd edib ki, təxribatla üzləşdiyini anlayan kimi ona hücum edənlərə heç bir qarşılıq verməyib.

«Tofiq Yaqublu özünü təqsirli bilmir, təbii ki, qərardan apellyasiya şikayəti verəcəyik. Qərarı tamamilə əsassız və qanunsuz hesab edirik», - bunu isə məhkəmədən sonra onun vəkili Elçin Sadıqov bildirmişdi.

Hələlik, bütün bu deyilənlərə E.Cəbrayılov və onun həyat yoldaşından ayrıca münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Tofiq Yaqublu 2013-cü ildə İsmayıllıda baş verən etirazlardan sonra həbs olunub.

O, həmin vaxt kütləvi iğtişaşlara çağırma və hakimiyyət nümayəndələrinə müqavimət göstərməkdə ittiham olunub.

2014-cü ildə isə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Yaqublu 5 il müddətinə həbs edilib. O, 2016-cı ilin martında əfv sərəncamı ilə azadlığa çıxıb. Amma sonradan da inzibati qaydada həbs həyatı yaşayıb. Həbsdə işgəncələrə məruz qaldığını açıqlayıb. Hərçənd, DİN işgəncə şikayətini əsassız sayıb.

T.Yaqublu Milli Şuranın Koordinasiya Mərkəzinin üzvüdür.

XS
SM
MD
LG