Keçid linkləri

2017, 17 Avqust, Cümə axşamı, Bakı vaxtı 23:28

«Yol polisləri bu gün, iyunun 5-də məni Nərimanov istiqamətində hərəkət edərkən saxlayıb təhqir etdilər».

Bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Ruslan Qurbanlı bildirib.

R.Qurbanlının deməsinə görə, avtomobili saxlamaq əmri verəndən sonra ona yaxınlaşan Yol polisi söyüş söyməyə başlayıb:

«Mən bu davranışa etiraz etdikdə, polis avtomobilinin arxa oturacağında əyləşmiş iki polis nəfəri da hadisə yerinə gəldi. Zorla məni düşürərək, böyürmə zərbələr vuraraq maşının sənədlərini özləri ilə apardılar».

R.Qurbanlı deyir ki, elə bu zaman telefonuna Nərimanov rayon Polis İdarəsindən zəng ediblər.

AXCP fəalının bildirməsinə görə, idarəyə gəlib rəislə görüşüb. Rəis ona «ağıllı» olmaq tövsiyəsi verib.

R.Qurbanlı həmçinin deyir ki, rəisə hər hansı yanlışlığa yol vermədiyini və polislərin onu təhqir etdiyini desə də, yenə də şikayəti eşidilməyib.

R.Qurbanlı vurğulayır ki, aşağı endikdə avtomobilinə aid sənədləri və 800 manat cərimə qəbzini elə maşının üzərində görüb.

R.Qurbanlı özünün Facebook səhifəsində haqqında bəhs etdiyi polislərdən birinin fotosunu və onların idarə etdiyi xidməti avtomobilin nömrəsini paylaşıb.

AXCP fəalının bu açıqlamasına, hələlik, istər Dövlət Yol Polisindən, istərsə də Nərimanov rayon Polis İdarəsindən münasibət öyrənmək mümkün olmayıb.

Hazırda AXCP-nin 10-dan çox fəalı həbsdədir. Onların arasında AXCP sədri Əli Kərimlinin 3 müavini və bir də müşaviri var. AXCP onların qanunsuz və siyasi sifarişlə həbs edildiyini bəyan edib. Hakimiyyət rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG