Keçid linkləri

2025, 21 İyun, şənbə, Bakı vaxtı 07:04

Polis bölməsində qadın qətlinə görə 20 il həbs tələb olundu


Dövlət ittihamçısı təklif edib ki, Məmmədova veriləcək 20 illik cəzanın ilk 3 ilini o, həbsxanada, qalanını cəzaçəkmə müəssisəsində çəksin

Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsində ora polis əməkdaşı olan ərindən şikayətə gəlmiş Xanım Məmmədovanın öldürülməsiylə bağlı məhkəmə istintaqı yekunlaşıb.

Nizami rayon Post-Patrul Xidmətinin keçmiş əməkdaşı, həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan İsmayıl Məmmədova 20 il həbs cəzası tələb olunub. Martın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı bu təkliflə çıxış edib.

Prokuror deyib ki, İsmayıl Məmmədova CM-in 128 (qəsdən sağlamlığa yüngül zərər vurma) və 120-ci (qəsdən adam öldürmə) maddələrilə verilən ittihamlar məhkəmə araşdırmalarında təsdiqini tapıb.

Dövlət ittihamçısı təklif edib ki, Məmmədova veriləcək 20 illik cəzanın ilk 3 ilini o, həbsxanada, qalanını cəzaçəkmə müəssisəsində çəksin.

“Onun islah olunacağına inam yoxdur”

Xanım Məmmədovanın hüquqi varisi qismində tanınan qardaşı və onun vəkili isə Məmmədova daha ağır cəza verilməsini istəyib.

“Ona ən ağır cəza verilməsini - ömürlük azadlıqdan məhrum edilməsini istəyirik. Çünki dövlətin verdiyi silahla öz uşaqlarının anasını öldürən şəxs 20 ildən sonra həbsdən çıxsa da, cəmiyyətə xeyri olmayacaq. Onun islah olunacağına inam yoxdur. Qətiyyətlə xahiş edirik ki, ömürlük həbs cəzası verilsin”, – zərərçəkmiş tərəfin vəkili belə deyib.

O, həmçinin təqsirləndirilən şəxsə qarşı 200 min manatlıq mülki iddianın təmin olunmasını xahiş edib.

“SMS və zənglərlə bağlı araşdırma aparılsa...”

Təqsirləndirilən Məmmədovun vəkili Qanqa İbrahimov isə əksinə, məhkəmə istintaqının yekunlaşmasına etiraz edib. Vəkilin fikrincə, məhkəmə təqsirləndirilən şəxsin xeyrinə olan sübutları araşdırmayıb.

Müdafiəçi hadisə günü Məmmədovun telefonundan qayınanasına yazılmış mesajların araşdırılması, cinayətin qəfil ruhi-həyəcan (affekt) vəziyyətində törədilib-törədilmədiyini müəyyənləşdirmək üçün ekspertiza keçirilməsini istəyib:

“Əgər SMS və zənglərlə bağlı araşdırma aparılsa, məlum olar ki, İsmayıl Məmmədov bölməyə gedərkən həyat yoldaşını yox, özünü öldürmək niyyətində olub. Qayınanasına da yazıb ki, əgər Xanım Məmmədova ora gəlsə, özünü öldürəcək. İş materiallarında olan ekspert rəyi qanunun tələblərinə uyğun tərtib olunmayıb”.

Məmmədov özü isə hakimin sualına cavab verərkən hadisəni şok vəziyyətində törətdiyini, bu səbəbdən xidməti silahdakı 15 güllənin hamısının atıldığını bildirib.

Məhkəmə prosesi aprelin 12-də Məmmədovun vəkilinin çıxışı, özünün son sözüylə yekunlaşacaq və bunun ardınca hökm oxunacaq.

Hadisə necə baş verib

Cinayət işinin materiallarında yazılıb ki, ər-arvad arasında münasibətlər son vaxtlar gərginləşib. Hadisədən bir gün əvvəl Məmmədov həyat yoldaşını döydüyünə görə o, Daxili İşlər Nazirliyinin “102” xidmətinə şikayət edib.

Ertəsi gün – sentyabrın 30-da səhər saatlarında onu şikayətilə əlaqədar Nizami rayonu, 24-cü polis bölməsinə dəvət ediblər. Məmmədova bibisi və iki uşağıyla bölməyə gedib.

Müstəntiq Füzuli Qurbanov telefonla Məmmədova həyat yoldaşının ondan şikayətçi olduğunu, polis əməkdaşı olduğuna görə onunla bağlı araşdırmaların prokurorluqda davam edəcəyini bildirib. Bölməyə gələn Məmmədov təhqiqatçıya bildirib ki, uşaqlarını görüb gedəcək. O, həyat yoldaşına barışmaq istədiyini bildirsə də, Məmmədova imtina edib.

Həyat yoldaşının işlədiyi ərazi üzrə bölməyə şikayət etməsinin ona pis təsir etdiyini, rüsvay olduğunu, üstəlik, bölmədə olarkən rəisin də ona irad bildirdiyini iddia edən Məmmədovun sözlərinə görə intihar etməyi qətiləşdirmişdi. Uşaqlarıyla da bu üzdən vidalaşmaq istəyirdi. Buna baxmayaraq, həyat yoldaşıyla da barışmağa cəhd edib, ondan üzr istəyib.

“Hamı eşidə-eşidə, mənimlə posta çıxan polislərin yanında ünvanıma xoşagəlməz ifadələr işlətdi...” – deyən Məmmədov hadisənin bir anda baş verdiyini deyir. O, əməlindən peşman olduğunu da vurğulayıb.

XS
SM
MD
LG