Keçid linkləri

Təcili xəbərlər
2019, 19 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 10:41

Mitinq təşkilatçıları polisə çağırılıb


BŞBPİ rəisi Mirqafar Seyidov

Milli Şuranın son mitinqinin təşkilatçıları bu gün, yanvarın 22-də Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) dəvət ediliblər.

Bu barədə mitinqin təşkilatçılarından İlham Hüseyn bildirib.

Onun sözlərinə görə, təşkilatçıları BŞBPİ rəisi Mirqafar Seyidov qəbul edib.

İlham Hüseynin deməsinə görə, idarə rəisi yanvarın 19-da keçirilən mitinqdə qanunazidd hərəkətlər olduğunu, sahibkarlar və bəzi sakinlərdə narazılıqlar yarandığını bildirib: “Biz də, yəni təşkilatçılar bildirdik ki, mitinqin gedişində hər hansı qanunazidd addıma yol verilməyib, deyilən yerdə və müddətdə keçirilib. Polis idarəsində bizə izahatı imzalamaq təklif edildi, amma biz təşkilatçılar olaraq sənədi imzalamadıq və bundan imtina etdik”.

Polisə çağırışın özü qanuna zidd deyilmi?

İlham Hüseyn mitinq təşkilatçılarının polis idarəsinə dəvət olunmalarına da münasibət ifadə edib: “Bu dəvət vətəndaşın ifadə, eyni zamanda qanunla, Konstitusiya ilə qorunan sərbəst toplaşmaq azadığını məhdudlaşdırmaq cəhdidir, demokratik dəyərlərlə üst-üstə düşməyən addımdır, bunu elə belə də dəyərkləndiririk”.

Məsələ ilə bağlı BŞBPİ və şəhər prokurğorluğu da birgə məlumat yayıb.

Məlumatda qeyd edilir ki, yanvarın 19-da keçirilən mitinqdən sonra iştirakçıların bir qrupu Yasamal rayonunun Şərifzadə küçəsində və Bakı Metropoliteninin “İnşaatçılar” stansiyasının yaxınlığında “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun tələblərinə zidd olaraq razılaşdırılmış vaxtdan və ərazidən kənar qanunsuz küçə yürüşünə cəhd ediblər. Bu zaman hətta yetkinlik yaşına çatmayanların da aksiya cəlb edildiyi vurğulanır.

Müxalifət son illərin ən izdihamlı mitinqinin hakimiyyəti qorxuya saldığı deyir
Müxalifət son illərin ən izdihamlı mitinqinin hakimiyyəti qorxuya saldığı deyir

Birgə məlumatda da aksiyanın təşkilatçılarının polisə dəvət edildikləri ifadə olunur. Vurğulandığına görə, xəbərdarlıq olunub ki, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaq, əhalinin rahatlığının, müəssisə, idarə və təşkilatların normal fəaliyyətinin pozulması təkrarlanacaqsa aksiyanın təşkilatçıları, iştirakçıları məsuliyyətə cəlb ediləcəklər. Onlar cinayət məsuliyyəti də daxil olmaqla barələrində qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlərin görüləcəyinə dair rəsmi şəkildə xəbərdar edilmişlər”, açıqlamada yazılıb.

Polis hələlik mitinqlərə icazə verilməsini istəmir

“Report” agentliyinin məlumatına görə isə, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəisi Mirqafar Seyidov deyib ki, son aksiyadan sonra bu məsələ ilə bağlı şəhər rəhbərliyinə müraciət etmək niyyətindədir: “... Belələrinə kütləni idarə edə biləcəkləri vaxtadək hər hansı toplantı keçirməyə icazə verilməməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti qarşısında vəsatət qaldıracağam”.

Milli Şuranın sədri Cəmil Həsənli isə Azadlıq Radiosuna açıqlamasında bunu bəhanə adlandırıb: “Hökumətin gözləntisinin əksinə olaraq mitinqin izdihamlı keçməsi onları qorxuya salıb və bu tip açıqlamalar da həmin qorxunun nəticəsidir”

Bəzi şikayətlərə və sosial şəbəkələrdə yayılan iddialara görə, Milli Şuranın son mitinqinə qatılan bir çox insanlar polisə çağırılaraq hədələnməkdədirlər.

Amma belə şikayətlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Milli Şura, Müsavat Partiyası və bir sıra başqa müxalif qüvvələr yanvarın 19-da “bloger Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq” şüarı ilə aksiya keçirib.

Aksiyada hakimiyyət korrupsiyada da günahlandırılıb. Amma rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Üstəlik, rəsmilərin fikrincə, ölkədə korrupsiya ilə mübarizə aparılır və bundan ötrü prezidentin iradəsi var.

Bloger Mehman Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı.

Bloger həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşmişdi. Rəsmi məlumata görə, Mehman Hüseynov dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılırdı. Bloger ittihamı qurama sayırdı.

Bu gün, yanvarın 22-də isə Baş Prokurorluq Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verildiyini açıqlayıb.

Buna səbəb kimi isə blogerin və bəzi hüquq müdafiəçilərinin prezidentə müraciət etmələri, dövlət başçısının da öz növbəsində bununla bağlı baş prokurora tövsiyə verməsi göstərilir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG