Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 15:09

Polis haqsız cəzalandırıldığını deyir: 'Şlaqbaum işləmədi, nazir 50 metr piyada yol getdi...'


Şlaqbaum

Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin əməkdaşı olmuş Fuad Abdullayev işdən haqsız çıxarıldığını deyir. O, işinə bərpa olunmaq və işsiz qaldığı müddətə görə ona əməkhaqqı ödənilməsindən ötrü məhkəməyə üz tutub.

F.Abdullayev Əmək Məcəlləsinin 70-ci maddəsinin «Ç» (işçi əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirə bilmədikdə) bəndi ilə işdən azad edilib. Amma o, bununla razılaşmır. Deyir, işinin öhdəsindən gələ bilməməsi haqda yazılanlar həqiqətəuyğun deyil. F.Abdullayevin sözlərinə görə, üstəlik, ona çatası son əməkhaqqı, artımlar ödənilməyib, işlədiyi dövrdə 20-yə yaxın pul mükafatı depozit adıyla saxlanılıb.

Nazir 50 metr piyada getməli olub

F.Abdullayev işdən çıxarılmasının səbəbini izah edərkən danışır ki, 2006-cı ildən DİN-in Baş Mühafizə İdarəsinin tabeliyindəki strukturlarda işləyib. 2012-ci ilin iyulundan Səbail rayon Mühafizə İdarəsinin Mülki Mühafizə Xidmətinə keçirilib:


«Kollektivdə nüfuzum olub, haqqımda tənbeh tədbiri olmayıb. 2018-ci ilin sentyabrında İçərişəhərdəki postda sutkalıq xidmətdə idim. Günorta 12-13 radələrində İtaliya səfirinin sürücüsü yaxınlaşıb dedi ki, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev səfirlə görüşə gələcək, onda şlaqbaumu açaram. Saat 15 radələrində nazir gələndə şlaqbaumun pultu xarab olduğuna görə qalxmadı. Nazir təxminən 50 metrlik məsafəni piyada getməli oldu...».

Onun sözlərinə görə, həmin gecə bu məsələ ilə əlaqədar Səbail rayon Mühafizə İdarəsinin polkovniki Habil Əsədov ona zəng edib. Deyir, telefon zəngi dini musiqi səsi olduğuna görə də polkovnik ona irad bildirib. Gecə saat 4 radələrində isə onun xidmətdə olduğu yerə yoxlama aparmağa gəliblər: «Bu dəfə də ayağımda corab olmamasını irad tutdu. Dedim ki, sutkalıq xidmət aparanlara əl-ayağı yumağa icazə verilir. Həm də ayağımı indicə yumuşam. Ertəsi gün səhər saat 11 radələrində Səbail rayon Mühafizə İdarəsinə çağırıb, bir gün əvvəl olanlar barədə izahat aldılar. Beş gün sonra manqa komandiri zəng eləyib dedi ki, işdən azad edilmişəm».

Məhkəmələr iddianı təmin etməyib

Nəsimi rayon Məhkəməsi F.Abdullayevin işə bərpa və məcburi iş buraxmaya görə əməkhaqqının ödənilməsi haqda iddiasını təmin etməyib. Apellyasiya şikayəti də nəticəsiz qalıb - qərar dəyişməyib.

Dekabrın 13-də Ali Məhkəmədə bu məsələyə baxılıb. Məhkəmədə Baş Mühafizə İdarəsinin vəkili Vüqar Məmmədov deyib ki, onun işdən çıxarılması qanuni və əsaslı olub. F.Abdullayevin «gücləndirilmiş iş rejimi dövründə xidmət vaxtı mobil telefonunda musiqini yüksək səslə dinləyib, yoxlayıcının gəlməsinə reaksiya verməməklə, sayıqlığını itirdiyinə və ayaqqabısını corabsız geyinməklə geyim formasının daşıma qaydalarını pozduğuna görə» cəzalandırıldığı iddia olunub. Həmçinin, onun xidmətdə mənfi xarakterizə olunduğu bildirilib.

F.Abdullayev isə deyir ki, əksinə, İçərişəhərdəki hadisənin ertəsi gün Səbail rayon Mühafizə İdarəsində yoldaşlıq məhkəməsi olub. Orada iştirak edən 18 nəfərə yaxın mühafizəçi onun müsbət xüsusiyyətlərini vurğulayıb, işdə saxlanılmasının tərəfdarı olub.

Ali Məhkəmə isə aşağı instansiyaların qərarını dəyişməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG