Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:56

Dünyadakı hakim dairələrin hamısı 'Pokemon Go'dan rahatsızmış


Pokemon Go Facebook-u da ötüb
Gözlə

No media source currently available

0:00 0:01:14 0:00

Pokemon Go Facebook-u da ötüb

«Pokemon Go» oyunu 10 gün öncə işıq üzü görsə də, bütün dünyanı bir-birinə qatıb: İstər təhlükəsizlik, istərsə ədəb-ərkan qaydaları ilə bağlı ciddi rahatsızlıq doğub.

«UYĞUN DAVRANIŞ SAYILMAZ»

Vaşinqtonda Holokost Muzeyi və Arlinqton Milli Məzarlığı öz ziyarətçilərini ərazidə pokemon tutmamağa çağırıb.

«Nasizm qurbanlarını anım yeri olan bir muzeydə oyun oynamaq uyğun davranış sayılmaz», - Holokost Muzeyinin rəsmisi Andrew Hollinger «The Washington Post»a belə deyib və ayrıca vurğulayıb ki, muzey ərazisini oyundakı «pokespot»lar siyahısından çıxarmağa çalışır.

Belçikanın liman şəhəri Antverpendə polis sözügedən oyuna qurşanan piyadaları üzləşə biləcəkləri təhlükələrdən xəbərdarlıq edib. Xəbərdarlıqda deyilir ki, bütün diqqətini oyuna yönəldənlər yol hərəkətinə diqqət yetirə bilməyəcəklər: «Üstəlik, oyundan yararlanan cinayətkarlar onları izləyə və soya bilərlər».

Buna da bax: Pokemon tutanların başına gələnlər: qarət, qəza, xəsarət...

İSLAM ALƏMİNDƏ REAKSİYALAR

İslam dünyasının bəzi yerlərində oyuna reaksiya daha çox əxlaqi çalarları ilə seçilir. Misirdə bir din alimi hələ 2001-ci ildə ilk «Pokemon»a qarşı fətva verərək, «mason və sionist simvollar»dan yararlanan bu oyunun uşaqları qumarbazlığa öyrəşdirdiyini iddia etmişdi. İndi də Qahirədəki «Əl- Əzhar» məktəbi (Əl-Əzhar sünni İslamın ən mühüm ilahiyyat institutudur) rəhbərinin müavini Abbas Shouman «Pokemon Go»nu alkoqol qədər haram elan edib:

«Bu oyun insanları küçə və yollarda sərxoş kimi göstərir. Gözləri mobil ekranlara zillənib, telefonlar onları xəyali pokemonların olduğu yerlərə yönəldir... İnsanlar öz iş və qazanclarını buraxıb özlərini Pokemon ovlamağamı həsr edəcəklər?». Türkiyə İmamlar Birliyinin rəhbəri Mehmet Bayraktutar da «Pokemon Go» oyunçularının Pokemon tapmaqdan ötrü məscid, türbə və digər müqəddəs yerlərə getməsini pisləyib:

«Bu, İslamda ən gözəl ibadət yerləri olan məscidlərin... önəminə xələl gətirir. Mən bu oyunun Türkiyədə yasaqlanmasını istəyirəm».

Türkiyə Səhiyyə Nazirliyi də günün günorta vaxtı «Pokemon GO» əlavəsindən istifadə etməməyə çağırıb: «Biz səhər saat 11-lə 16 arası Pokemon axtarmamağı tövsiyə edirik. Bu saatlarda günəş şüaları düz bucaq altında düşür. Biz onu da məsləhət görürük ki, özəlliklə yolu keçərkən, gözünüz telefonun ekranında deyil, yolda olsun».

«ONDAN SATANİZM İYİ GƏLİR»

İsrailin hərbi dairələrisözügedən əlavəni hərbi hissələr barədə məlumat sızdırıcısı kimi görür və əsgərlərə ondan yararlanmamağı əmr edirlər.

«Pokemon Go»ya ən şiddətli reaksiya Rusiyadan gəlib. Ölkədə bu oyun hələ aktivləşdirilməsə də, Sankt-Peterburqdakı kazak lideri Andrei Polyakov yerli radioya müsahibəsində deyib ki, kazaklar hökumətin bu oyunu yasaqlamasına çalışacaqlar:

«İnsanlar virtual dünyadan uzaq durmalıdır, ondan satanizm iyi gəlir. Görməyə o qədər maraqlı iş var ki, di gəl, insanlar vaxtlarını boşa xərcləyirlər».

Rusiya prezidentinin mətbuat katibi Dmitry Peskov«Pokemon Go» oyunçularını Kremldə Pokemon axtarışına çıxmamalarını istəyib:

«Pokemonlar dünyanın mədəniyyət xəzinəsi olan Kremli ziyarətdən ötrü səbəb sayıla bilməz. Kreml Rusiya prezidentinin iqamətgahı olsa da, daim açıqdır və belə yerə dünyada başqa bir örnək tapılmaz».

TƏK MÜQƏDDƏS TORPAQ?

Cənubi Koreyada hökumət «Google Maps»dan istifadəni məhdudlaşdırdığından, «Pokemon Go» əlavəsi işləmir. Ancaq bu oyuna aşırı maraq göstərənlər bir neçə uyğun yer tapa biliblər. Özəlliklə ölkənin şimal-şərqindəki Sokçxo şəhəri«Pokemon Go»nun yarımadadakı yeganə müqəddəs torpağı» kimi tanınıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG