Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 08:51

Poçt şöbələrinin qarşısında sıxlıq yaranıb


Sabunçu rayon mərkəzi poçtu

Aprelin 15-də Bakı şəhərində yerləşən "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) bəzi şöbələrinin qarşısında insan növbələri yaranıb.

Növbələrin yaranması işsiz statusunda olan insanlara ayrılan yardımların verilməsi ilə izah edilir.

Bəs poçt şöbələrin qarşısında yaranmış sıxlıq koronavirus pandemiyası dövründə təhlükəli nəticələr doğura bilərmi? Əmək və Əhali Sosial Müdafiəsi Nazirliyi bunun qarşısını almaq üçün hansısa plan nəzərdə tuturmu?

Nazirliyin mətbuat katibi Fazil Talıbov "Turan" agentliyinə bildirib ki, bu, "Azərpoçt" MMC ilə bağlı olan məsələdir: "Amma bütün hallarda biz də vətəndaşları məsuliyyətli olmağa, öz sağlamlıqlarını qorumağa çağırırıq. Bu elə bir şeydir ki, mesajı aldıqdan dərhal sonra deyil, ən azı bir gün sonra və yaxud günün ikinci yarısında da getmək olar. Mesaj alıb səhər tezdən poçt şöbələrinə axışıb, sıxlıq yaratmaq və bu xüsusi karantin rejimində öz sağlamlığını risk altına atmağı məsləhət görmürük".

Agentliyin xəbərinə görə, "Azərpoçt" MMC-dən isə bildirilib ki, bəzi şöbələrin qarşısında sıxlığının yaranması sosial yardımın köçürülməsi barədə mesajların və bu yönümdə müraciətlərin çoxluğu ilə bağlıdır.

Prezident İlham Əliyev bu ilin martında koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, biznesə və məşğulluğa mənfi təsirlərini azaltmaqla bağlı sərəncam verib. Sərəncamın icrası ilə bağlı 1 milyard manat pul ayrılıb. Həmin sərəncamdan irəli gələrək işsiz kimi qeydiyyatda olan şəxslərə də iki ay ərzində 190 manat yardım ayrılır. Rəsmi qurumlar indiyə kimi 100 minə qədər şəxsin belə yardım aldığını bildiriblər.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 127 mindən çox şəxsin vəfat etdiyi bildirilir.

Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər dayandırılıb. Sonra martın 24-dən aprelin 20-nə kimi ölkədə xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alıb. Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər.

Multimedia

XS
SM
MD
LG