Azərbaycanın dövlət neft şirkəti SOCAR və ABŞ-ın KBR mühəndislik şirkətinin SOCAR-KBR müştərək şirkətinə yeni platformanın layihələndirilməsi üçün iki ayrı-ayrı kontraktlar verilib.
Trend-in verdiyi məlumata görə, yeni platforma Azərbaycanın ən böyük neft yatağı olan Azəri-Çıraq-Günəşli (AÇG) yatağında qurulacaq.
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən verilmiş kontraktlara, platformanın blokdakı başqa platformalarla birləşdirilməsi və sualtı mühəndislik işləri də daxildir.
Kontraktların qiymətləri barədə heç bir məlumat verilməyib. Bu da bildirilir ki, bu iki kontrakt SOCAR-KBR məhdud məsuliyyətli müştərək şirkəti 2015-ci ildə yaradılandan bəri ona verilmiş sayca dördüncü və beşinci müqavilələrdir.
Bundan əvvəl SOCAR və onun partnyorları əlavə hasilat platforması tikintisinin qiymətləndirilməsi məqsədilə mühəndis-layihə işlərinin icrası barədə razılığa gəlib.
“Mərkəzi Şərqi Azəri” adlanan yeni platformada hasilat 2023-cü ildə başlamalıdır.
KBR-in rəhbəri Jay İbrahim bildirib ki, sözü gedən kontraktlar üzrə layihələrə London ofisindəki mühəndislər komandası rəhbərlik edəcək. Bu layihələrin maksimum yerli icrası Bakı ofisinin mühəndisləri tərəfindən həyata keçiriləcək.
Cənab İbrahim bildirib ki, Bakıda mənzillənən SOCAR-KBR komandasındakı mühəndislərin 75 faizi azərbaycanlılardır.
Rəsmilərin “Əsrin kontraktı” adlandırdıqları AÇG müqaviləsi 1994-cü ildə imzalanıb. 2017-ci ilin 14 sentyabrında AÇG blokunun 2050-ci ilədək işlənməsi üçün yeni müqavilə bağlanıb.
Bu müqaviləyə əsasən şirkətlərin iştirak payı belədir: BP (əməliyyatçı) – 30,37 faiz, AzACG (SOCAR) – 25 faiz, Chevron – 9,57 faiz, INPEX – 9,31 faiz, Statoil – 7,27 faiz, ExxonMobil – 6,79 faiz, TP – 5,73 faiz, ITOCHU – 3,65 faiz, ONGC Videsh Limitd (OVL) – 2,31 faiz.