Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:06

'PKK tərəfdarı' Bakıda özünü necə təqdim etdi


PKK tərəfdarları
PKK tərəfdarları

Türkiyənin beynəlxalq axtarışa verdiyi Duman Özgür gəlib Bakıda Azərbaycanın Dövlət Miqrasiya Xidmətinə özünü suriyalı kimi təqdim edib. Bu barədə onun özü martın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində danışıb.

Məhkəmədə 29 yaşlı D.Özgürün Türkiyəyə təhvil verilməsi məsələsinə baxılıb. Ölkəsinə göndərilməsini onun özü istəyib və bununla əlaqədar ərizə yazıb. Ədliyyə Nazirliyi də onun ərizəsi əsasında məhkəməyə təqdimat verib.

Cinayət işinin materiallarında D.Özgür Türkiyədə qadağan olunmuş, bir sıra ölkələrin terror təşkilatı hesab etdiyi Kürd İşçi Partiyasının (PKK) tərəfdarı kimi təqdim olunur.

Məhkəmədə sualları cavablandıran D.Özgür bildirib ki, bundan öncə Türkiyədə qanunsuz silah-sursat, partlayıcı maddələr saxlamaqda suçlanaraq, 7 il 6 ay azadlıqdan məhrum edilib. Həbsdən buraxılandan sonra yenə əvvəlki işlə məşğul olub: «Məlumat aldım ki, məni yenə həbs edəcəklər. Ona görə ölkədən qaçmaq qərarına gəldim. Əvvəlcə Gürcüstana keçdim. Bir müddət orada qalandan sonra Azərbaycana gəldim. Burada Miqrasiya Xidmətinə də özüm getmişəm. Orada özümü suriyalı kimi təqdim etdim. Dedim ki, sənədlərimi itirmişəm. Amma mənimlə bağlı araşdırma aparanda yalan danışdığım ortaya çıxdı. Bundan sonra məni Bakıda həbs elədilər».

Türkiyədə də onun barəsində cinayət işi başlanıb. D.Özgür Türk Cəza Qanununun 174-cü (təhlükəli maddələrin icazəsiz saxlanması və əl dəyişdirməsi) maddəsi ilə ittiham olunaraq, beynəlxalq axtarışa verilib. O, Bakıda saxlandıqdan sonra ölkəsinə bu barədə məlumat verilib.

D.Özgürün məhkəməsində Azərbaycan Ədliyyə Nazirliyi ilə yanaşı, Türkiyə səfirliyinin də nümayəndələri iştirak edib. Onlar da təqdimatın təmin olunmasını, təqsirləndirilən şəxsin ölkəsinə təhvil verilməsini istəyiblər.

Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası qısa müşavirədən sonra təqdimatı təmin edib. D.Özgür yaxın vaxtlarda Türkiyəyə göndəriləcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG