Məşhur Pink Floyd rok qrupunun yaradıcısı Roger Waters Rusiyanın 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq etməsini dəstəklədiyini bildirib. Musiqiçinin bu hərəkəti Ukraynada geniş hiddətə səbəb olub.
Ukraynanın qeyri-hökumət Mirotvorets təşkilatı avqustun 27-də Waters-in adını Ukrayna dövlətinə qarşı cinayətdə ittiham edilənlərin qara siyahısına daxil edib.
QHT Waters-i anti-Ukrayna təbliğatı aparmaqda, Ukraynanın ərazi bütövlüyünü pozmaqda və Krımın qanunsuz ilhaqına haqq qazandırmaq cəhdində ittiham edir.
Ukrayna hakimiyyəti Britaniya musiqçisinin siyasi bəyanatlarına hələlik şərh verməyib.
Rusiyanın gündəlik Izvestiya qəzetinə müsahibəsində Waters ilhaqı müdafiə edib və deyib ki, Rusiyanın Krımın əsas hərbi liman şəhəri Sevastopola iddialarının əsaslığını isbat edən “bir çox razılaşmalar və başqa kağızlar” var.
Bundan sonra musiqiçi bir az da dərinə gedərək bildirib ki, Moskvanın hərəkətinə keçmiş prezident Viktor Yanukovych-in küçə etirazları ilə devrilməsi səbəb olub. O əlavə edib ki, bütün bunlar Vaşinqton tərəfindən əlaqələndirilib.
Waters-in bu bəyanatları rəsmi Kremlin Krımın ilhaqına haqq qazandıran mövqeyi ilə üst-üstə düşür.
Bu da bildirilir ki, Rusiya Krımı ilhaq edəndən bəri bir çox beynəlxalq məşhurların adları Mirotvoretsin qara siyahısına salınıb.
Bir sıra hallarda Ukrayna hakimiyyət orqanları da buna müdaxilə edərək Krımın ilhaqını dəstəkləyən şəxslərin ölkəyə girişinə qadağan qoyub.
Barələrində belə qadağan olan şəxslərin arasında farnsız aktyoru Gerard Depardieu və serb kinorejissor və musiqiçi Emir Kusturica da var.
Kremlsayağı təbliğat
Bu da xəbər verilir ki, Waters avqustun 29-da Rusiyanın Sankt Peterburq şəhərində konsert verib. Daha bir konsert avqustun 31-də Moskvada olmalıdır.
Bundan əvvəl Pink Floyd qrupu Moksvada iki dəfə, 2006 və 2011-ci ildə konsertlər verib.
Lakin qrup öz varlığına rəsmən 2015-ci ildə son qoyub. İndi qrupun yaradıcısı Rusiya turuna tək çıxıb.
Roger Waters-in Rusiyaya getməsi İsraildə də maraqla izlənir. Jerusalem Post yazır ki,Waters başqa musiqiçiləri İsraildə konsert verməkdən çəkindirir.
Qəzet yazır ki, Waters siyasi fəallığı ilə tanınır. O bundan əvvəl dünya ölkələrini, İsrail də daxil nüvə silahlarını məhv etməyə çağırıb və iddia edib:
“İsrail bunu danır, amma onların nüvə silahı var. Bütün bunlar çox qəribədir. Supergüclərin liderləri çox təhlükəli oyun oynayırlar”.
Lakin Waters-in əksər bəyanatları Moskva tərəfindən xoş qarşılanır.
O bundan əvvəl Suriyadakı “Ağ Dəbilqələri” “cihadçı və terrorçular üçün təbliğat aparan saxta təşkilat” adlandırıb.
Izvestiya qəzetinə müsahibəsində Waters deyib ki, “bu təbliğat müharibələri Putini, Assad-ı və İranı qaralamaq üçündür”.