Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:10

Peyk fotosu İranın nüvə fəallığını artırdığını göstərir


Kosmosdan çəkilmiş foto
Kosmosdan çəkilmiş foto

İran Fordo nüvə mərkəzində yeni yeraltı obyektin tikintisinə başlayıb.

Bu barədə məlumatı Associated Press yayıb.

Kosmosdan alınmış fotolardan tikintinin sentyabrın sonlarında başlandığı görünür.

Tikinti işləri Tehranın təxminən 90 kilometrliyində aparılır.

Dekabrın 11-də peykdən çəkilmiş fotoda onlarca dirəyi olan bünövrənin qazıldığı görünür. Belə dirəklərdən adətən seysmik titrəmə rayonlarında tikililərin davamlılığını artırmaq üçün istifadə edilir.

Qurğunun yaxınlığında yardımçı binalar, elmi-tədqiqat stansiyası, habelə İranın Vakuum Texnologiyaları Milli Mərkəzinin binası gözə dəyir.

Vakuum texnologiyası uranın zənginləşdirilməsi üçün nəzərdə tutulmuş sentrifuqların mühüm komponentidir.

2015-ci il nüvə razılaşmasına görə İran Fordo müəssisəsində uranın zənginləşdirilməsi həcmlərini azaltmaq öhdəliyi götürüb.

Bu zonada aktivliyin artması İranın bu öhdəliklərdən imtina etməyə hazırlaşdığının göstəricisi ola bilər.

Bütün bunlar ABŞ prezidenti Donald Trampın administrasiyası tərəfindən İranın üzərinə təzyiqlərin davam etdiyi bir vaxtda baş verir.

Tramp 2018-ci ildə birtərəfli qaydada ABŞ-ı nüvə sazişindən çıxardıqdan sonra Tehran üzərinə sanksiyalar bərpa edilib və iki ölkə arasındakı münasibətlər daha da korlanıb.

İki nüvə döyüş başlığı üçün material

Uranın zənginləşdirilməsi ilə məşğul olan Fordo məntəqəsi barədə məlumatlar tam məxfidir və buradan alınan xəbərlər əsasən ABŞ və İsrail mediasında yayılır.

Bu xəbərlərdən məlumdur ki, mərkəzin əsas istehsal sahələri yerin 90 metr dərinliyində, qaya süxurlarının altındadır.

İran özünün nüvə proqramının tamamilə dinc məqsədlər daşıdığında israr edir.

Buna baxmayaraq, ekspertlərin rəyinə görə Tehranın son illərdə topladığı aşağı dərəcəli uran ehtiyatı ona artıq indidən ən azı iki nüvə döyüş başlığı hazırlamaq imkanı verir.

İkinci sazişə ehtiyac var

Beynəlxalq Atom Energetikası Agentliyinin başçısı Rafael Qrossi sentyabrın 17-də deyib ki, əgər ABŞ-da yeni prezidentin administrasiyası 2015-ci il nüvə sazişinə qayıtmasq istəsə, onda İranın öhdəliklərini pozması ilə bağlı yeni razılaşmanın əldə olunmasına ehtiyac olacaq.

ABŞ-da prezident seçilmiş Co Bayden demişdi ki, Birləşmiş Ştatlar 2015-ci ilin nüvə sazişinə qayıdacaq.

Lakin Qrossi Reuters agentliyinə deyib ki, ABŞ-ın qayıdışı bir-iki günün məsələsi deyil.

O qeyd edib ki, indi söhbət daha çox nüvə materialından, daha çox sentrifuqlardan gedir və Vaşinqtonun qayıdışı “siyasi səviyyədə qərarın qəbulunu” tələb edəcək və heç şübhəsiz ikinci bir sazişə ehtiyac olacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG