Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:45

'Yaraqlılar geri dönürlər'


Sankt-Peterburq metrosunda partlayış.
Sankt-Peterburq metrosunda partlayış.

Rusiyanın Sankt-Peterburq şəhərində aprelin 3-də törədilmiş terror hücumu Qərb mediasının aparıcı mövzularındandır. 14 nəfərin öldüyü, 50-dən çox yaralının olduğu həmin hücumu bir qırğız kökənli rusiyalının törətdiyi bildirilir.

SURİYA VƏ ŞİMALİ QAFQAZ ƏMƏLİYYATLARI

CNN televiziyası prezident Vladimir Putin-in 2015-ci ildə Suriyada başlatdığı əməliyyatlarda xeyli sayda potensial terrorçunun öldürüldüyünü yada salır. Amma sonucda bir xeylisi də Rusiyaya əks-hücumlara həvəslənmiş oldu. Axı, Rusiya Federasiyasından, özəlliklə də Qafqaz regionundan minlərlə şəxs Suriyaya islamçı qruplara qoşulmağa gedib. Bəziləri məharətli döyüşçü imicini də qazana bilib. Elə Rusiya hökuməti də, Fransa, Belçika, Böyük Britaniya kimi, döyüşlərdə bərkimiş vətəndaşlarının nə vaxtsa vətənə dönəcəyindən ehtiyatlanırdı.

Suriya məsələsi Rusiyanın terror əndişəsinin kökündə duran yeganə səbəb deyil. Şimali Qafqaz regionundakı separatçı, islamçı yaraqlılar da dəfələrlə ölkədə qanlı əməliyyat keçiriblər. Buna 2002-ci ildə Moskva teatrına, 2004-cü ildə Beslan məktəbinə hücumları misal göstərmək olar.

Sankt-Peterburq hücumu törədən şübhəli kimi isə Akbarjon Jalilov-un adı çəkilir. Onun azı, iki islamçı təşkilatdan xoşlandığı bildirilir ki, həmin qurumlar da ancaq dini mesajlar yayırmışlar.

Suriyada çeçen yaraqlıları.
Suriyada çeçen yaraqlıları.

YARAQLILAR QAYIDIR?

CNN yazır ki, bazar ertəsi hücumu islamçı ekstremistlərin törətdiyi ortaya çıxarsa, rusiyalılar daha özlərini terrorçuluq problemindən uzaqlaşmış kimi göstərə bilməyəcəklər. Buna birinci səbəb kimi Rusiyada Orta Asiyadan milyonlarla miqrantın çalışdığı göstərilir. Onlar daha çox gənclərdir, yoxsuldurlar, işəgötürənlər tərəfindən istismar olunurlar və ekstremist mesajların uyğun qəbuledicisinə çevrilirlər. «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasına qoşulmuş 2-4 min orta asiyalının məhz Rusiyadan cəlb olunduğu vurğulanır.

İkincisi, Şimali Qafqazdakı islamçı yaraqlılar yenidən baş qaldırmaqdadır. Onlarla təhlükəsizlik qüvvələrinin toqquşmalarında 2015-ci ildə 258 nəfər həlak olmuşdusa, 2016-cı ildə bu rəqəm 287-yə yüksəlib.

Və nəhayət, üçüncüsü, Yaxın Şərqə – İŞİD sıralarında döyüşməyə 2 min 500 – 7 min rusiyalının getdiyi bildirilir. Bəzi məlumatlara görə, Soçi Olimpiadası ərəfəsində Moskva yaraqlıların ölkədən çıxmasına şərait yaradırmış. Amma ola bilsin, indi çoxları Rusiyaya qayıdır.

Rusiya üzrə ekspert Mark Galeotti deyir ki, təhlükəsizlik qüvvələri terrorçuluq problemini yalnız ertələyə bildiklərini anlayırlar. «Gec, ya tez yaraqlılar – daha təcrübəli, döyüşlərdə bərkimiş və ola bilsin, yeni əcnəbi dostları və tərəfdarları ilə birlikdə geri qayıdacaq», – o söyləyir.

Dağıstanda xüsusi əməliyyat.
Dağıstanda xüsusi əməliyyat.

MƏZHƏB SAVAŞI

Politico.com saytında Colin P.Clarke da Rusiyanın cihadçıların bir saylı hədəfinə çevrilməsinin səbəblərini araşdırır. Müəllif birinci səbəb kimi məhz Rusiyanın Yaxın Şərq əməliyyatlarının yaraqlı cihadçıları qızışdırmasında görür. Amma Qafqazda İnquşetiyadan tutmuş, Osetiyayadək aparılan antiyaraqlı əməliyyatları ocağı daha da alovlandırmaqdadır.

Yazıda vurğulanır ki, Qafqazda iki silahlı qruplaşma – İŞİD-in «Qafqaz vilayəti» qolu və «əl-Qaidə»yə bağlı Qafqaz Əmirliyi döyüşçülərin yığılması və resurslar uğrunda rəqabət aparır. Amma bu iki rəqib sünni fraksiyasını şiələrə və onların əsas patronu Putin-ə nifrət birləşdirə bilər.

«Rusiya şahmat üzrə qrossmeysterlər vətənidir və xarici siyasətində də iki-üç gediş irəliyə baxır. Amma Yaxın Şərq bataqlığına getdikcə daha çox bulaşması o deməkdir ki, Moskva xaricdə məzhəblərarası savaşda tərəf tutmağa başlayıb – bu strategiya da ölkə içində faciəyə yol açar», –müəllif yazır.

XS
SM
MD
LG