Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

Putinin sözçüsü Peskovun qızı Avropa Parlamentində işləyirmiş


Elizaveta Peskova
Elizaveta Peskova

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitry Peskovun qızı Avropa Parlamentində təcrübəçi işləyrimiş. Bu ona Avropa İttifaqının müxtəlif sənədlərinə birbaşa çıxış verir.

Bu da məlum olub ki, 21 yaşlı Yelizaveta Peskova Avropa Parlamentinin fransalı millət vəkili Aymeric Chauprade-in (Aymerik Çopreyd) köməkçisi kimi fəaliyyət göstərir. Bu millət vəkili 2014-cü ildə Rusiyanın Krım yarımadasını ilhaq etməsini açıq dəstəkləyib.

Peskovanın adı Chauprade-in Avropa Parlamentinin rəsmi saytındakı bölümündə görünür. Millət vəkili bu faktı AzadlıqRadiosuna təsdiq edib:

“Xanım Peskova əlbəttə ki, Rusiya Federasiyasında çox mühüm şəxsin qızıdır. Lakin bir tələbə kimi təcrübə keçmək üçün onun hüquqları başqa gənclərin hüquqlarından məhdud deyil”.

Aymeric Chauprade
Aymeric Chauprade

Millət vəkili əlavə edib ki, Peskova hazırda Rusiyada işləmir və heç bir rəsmi qurumun təmsilçisi deyil:

“Beləliklə burada mənim parlament üzvü kimi mandatımdan istifadə etməyimdə heç bir maraq toqquşmasından söhbət gedə bilməz”.

Cənab Chauprade Avropa Parlamentində həm xarici işlər komitəsinin, həm də təhlükəsizlik və müdafiə alt komitəsinin üzvüdür, habelə Avropa İttifaqı-Rusiya parlamentlərarası komitəsinə daxildir.

O Moskvanın ilhaqdan sonra Krımda keçirdiyi referendumda beynəlxasalq müşahidəçilərdən biri olub.

Həmin vaxt Chauprade referenduma haqq qazandırmışdı, halbuki bu, Avropa İttifaqının mövqeyi ilə daban-dabana zidd idi.

BMT Baş Assambleyasının Krım referendumunu qanunsuz adlandıran qətnamənsini yüzdən artıq ölkə dəstəkləyib.

Prezident Vladimir Putin (solda) və onun sözçüsü Dmitry Peskov
Prezident Vladimir Putin (solda) və onun sözçüsü Dmitry Peskov

Avropa Parlamentinin bir neçə üzvü AzadlıqRadiosu ilə əlaqə saxlayaraq bildiriblər ki, yüksək vəzifəli Rusiya rəsmisinin qohumunun onlarla birlikdə Avropa Parlamentində işləməsindən xəbərsiz olublar.

Xanım Sandra Kalniete Avropa Parlamentində ən böyük fraksiya olan mərkəz-sağçı Avropa Xalq Partiyasının üzvüdür. O deyir ki, Peskovun qızının burada işləməsi səhlənkarlığın nəticəsidir:

“Bu, Avropa Parlamenti ümumi təhlükəsizlik qaydalarının pozulması deməkdir”.

AP-nin Liberal Qrupundan millət vəkili Petras Austrevicius bunu utancverici hadisə adlandırıb:

“Mən inana bilmirəm ki, Kreml əllərini Avropa İttifaqı təsisatlarının cibində saxlayır”.

AzadlıqRadiosunun sorğusuna cavab olaraq xanım Peskovanın sözçüsü deyib ki, onun Avropa Parlamentində işlədiyini təsdiq edə bilməz.

Məsələ burasındadır ki, Peskova bir təcrübəçi olaraq Avropa Parlamentinin Brüssel və Strasburqdakı binalarına giriş hüququna malikdir.

Əgər təhlükəsizlik qaydalarının yumşaqlığı nəzərə alınarsa, belə bir vəziyyət Peskovaya siyasi qrupların da iclaslarına giriş verə bilər.Onun habelə Avropa Parlamentinin daxili internetinə də girişi var.

Bundan başqa AP təcrübəçiləri millət vəkillərinin büdcəsindən maaş alırlar. Bu büdcə isə Avropa İttifqı vergiödəyəninin cibindən gəlirr. Peskovanın nə qədər maaş aldığı bilinmir.

Təcrübəçinin nə qədər maaş alması məsələsinə millət vəkilinin özü baxır və bu pul onun maaşının bir hissəsini təşkil edir. Avropa Parlamentinin işçisinin aylıq maaşı 25 min avrodur. Təcrübəçiyə ödənilən maaş məksimum ayda 1600 avro ola bilər.

Peskova Rusiya elitasının Qərbi Avropada yaşayan və oxuyan çoxsaylı uşaqlarından biridir.

Putinin sözçüsü Peskov Rusiya müxalifətinin lideri Alexei Navalny tərəfindən dəfələrlə korrupsiyada ittiham olunub.

Onun qızı Yelizaveta sosial mediadan fəal istifadə edir və 80 minədək izləyivcisi var. O burada özünün dəbdəbəli həyat tərzini açıq nümayiş etdirir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG