Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:00

Putin Gürcüstana təyyarə uçuşlarını qadağan edir


Tbilisidə Rusiyaya qarşı etiraz aksiyası, 21 iyun
Tbilisidə Rusiyaya qarşı etiraz aksiyası, 21 iyun

Tbilisidə iyunun 21-də etiraz aksiyası yenidən başlanıb. Etirazçılar mitinq üçün səhnə qurublar və bura səs avadanlığı gətiriblər.

Etirazçı tələbələr Gürcüstan paytaxtının əsas küçəsi olan və parlament binasına aparan Rustaveli prospektini bağlayıblar.

Gürcüstanda kütləvi etiraz aksiyasının vüsət aldığı bir əsnada Rusiya prezidenti Vladimir Putin öz ölkəsi ilə Gürcüstan arasında təyyarə uçuşlarını qadağan edib.

Bu qadağan iyulun 8-dən tətbiq olunacaq, lakin bu barədə fərman iyunun 21-dən qüvvədədir.

Rusiya Xarici İşlər Nazirliyi Rusiya vətəndaşlarına təhlükəsizlik mülahizələri ilə Gürcüstana səfər etməməyi, artıq Gürcüstanda olanlara isə insanların toplaşdığı ərazilərə getməkdən çəkinməyi tövsiyə edib.

Rusiya tur əməliyyatçılarına qadağan qüvvədə olduğu müddətdə Gürcüstana turist səfərləri təşkil etməməyi məsləhət görür.

Rosturizm idarəsinin məlumatına görə hazırda Gürcüstanda 5 minədək Rusiya vətəndaşı var.

Bundan əvvəl Rusiya ilə Gürcüstan arasında hava nəqliyyatı Moskva tərəfindən 2008-ci ilin 9 avqustundan dayandırılmışdı. Lakin bu, iki ölkə arasında silahlı münaqişə ilə əlaqədar idi.

***

Gürcüstan spikeri istefa verdi

Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze iyunun 21-də istefa verib. İstefa haqqında qərar onun da iştirakı ilə «Gürcü Arzusu» Partiyasının toplantısında verilib. Bununla bağlı bəyanatı jurnalistlərə partiyanın baş katibi Kaxa Kaladze oxuyub.

Bu zaman İ.Kobaxidze brifinq otağında olsa da, heç bir şərh vermədən oradan ayrılıb.

İyunun 21-də Gürcüstanın müxalifət liderləri Tbilisidə parlament qarşısında aksiya keçirməyi planlaşdırırlar. Onların tələbi parlamentin sədri ilə yanaşı, daxili işlər nazirinin də istefaya getməsidir.

Nümayişçilər gecə Tbilisidə parlament qarşısında polislə etiraz aksiyaçıları arasındakı qarşıdurmadan sonra erkən parlament seçkilərinin keçirilməsini də tələb edirlər.

Gürcüstan parlamenti qarşısında toqquşmalar. 21 iyun 2019
Gürcüstan parlamenti qarşısında toqquşmalar. 21 iyun 2019

Tbilisidə saxlananlar məhkəməyə aparılır

Tbilisidə parlament qarşısındakı etiraz aksiyasında polislə toqquşma zamanı saxlananların məhkəməsi başlanıb. «Rustavi-2» telekanalı xəbər verir ki, onlardan 9 nəfər inzibati həbs alıb. Qeyri-rəsmi məlumatlara görə, 100-ə yaxın etirazçı saxlanılıb. Onlar polisə müqavimətdə və xırda xuliqanlıqda ittiham olunurlar.

Polisin Tbilisinin mərkəzində hökumət və Rusiya əleyhinə şüarlar səsləndirən minlərlə aksiya iştirakçısına zor tətbiq etdiyi bildirilir. Aksiyaçıların dağıdılmasında gözyaşardıcı qazdan, rezin güllələrdən istifadə edildiyi deyilir.

Səhiyyə Nazirliyi 240 nəfərin, o cümlədən 80 polisin xəsarət aldığı haqda məlumat verib. Təxminın 100 nəfər hələ də xəstəxanalardadır. Bəzi aksiya iştirakçılarının qaz travması aldığı söylənilir.

«Human Rights Watch» hesab edir ki, polis xüsusi vasitələrdən istifadə edərkən insan haqları üzrə beynəlxalq standartları pozub.

Rus deputat Gürcüstanda etirazla qarşılanıb, mitinqlərə səbəb oldu
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

Tbilisidə və Gürcüstanın başqa şəhərlərindəki etirazlar Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilovun iclas zamanı Gürcüstan parlamenti spikerinin yerində oturmasına görə başlanıb. Həmin deputat bu yaxınlarda ölkəyə səfəri zamanı Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyan Rusiyanın geriyə addım atmasını mümkünsüz sayıb. Rəsmi Tbilisi və beynəlxalq birlik həmin bölgəni Gürcüstanın tərkib hissəsi sayır.

Aksiya iştirakçıları deputatın qatıldığı tədbiri yarıda kəsiblər. Rusiya deputatı mühafizə altında aeroporta çatdırılıb və Rusiyaya uçub.

Rusiya Federasiyası Kommunist Partiyasından seçilmiş deputat «Kommersant» qəzetinə gürcü həmkarlarının onu öldürəcəkləri ilə hədələdiklərini və vurduqlarını söyləyib. Onun sözlərinə görə, spikerin kreslosunda təşkilatçıların xahişi ilə oturub. Qavrilovun iddiasına görə, gürcü jurnalistləri «ingilis dilinin Amerika versiyasında danışan kuratorlar» idarə edirlərmiş.

Gürcüstan müxalifəti bu axşam parlament qarşısında yeni aksiya keçirməyi planlaşdırır. Aksiyanın dinc olacağı bildirilir. AzadlıqRadiosu xəbər verir ki, müxalifət liderləri mətbuata parlament sədrinin, daxili işlər nazirinin istefasında israr etdiklərini söyləyiblər. Onlar həmçinin, növbədənkənar parlament seçkilərinin keçirilməsi və seçki qanunvericiliyinə dəyişikliklərin müzakirəsi təşəbbüsü ilə çıxış edirlər.

Ölkədən kənarda olan keçmiş prezident Mixeil Saakaşvili müxalif qüvvələri başladıqlarını sona çatdırmağa çağırıb və baş verənləri Rusiyaya, oliqarxlara qarşı inqilab adlandırıb.

+++

Gürcüstanın Səhiyyə naziri Eka Tikaradze iyunun 20-də axşam deyib ki, toqquşmalarda 30-dək nümayişçi və 30-dan artıq polis əməkdaşı xəsarət alıb. Etirazçılarla təhlükəsizlik əməkdaşlarının qarşıdurması səhər saatlarınadək davam edib.

AzadlıqRadiosu-nun (RFE/RL) hadisəni işıqlandıran əməkdaşı bir neçə jurnalistin də xəsarət aldığını bildirir.

***

Bu gün səhərdən Gürcüstan paytaxtında polis nəzarəti ələ alıb. Ötən gecə isə Tbilisini etirazlar bürümüşdü, rusiyalı deputatın parlamentin spikerinin yerində oturmasına etiraz edənlər küçələrə çıxmışdılar.

Gürcüstan parlamentinin qarşısı ötən gecəki etirazlardan sonra
Gürcüstan parlamentinin qarşısı ötən gecəki etirazlardan sonra

Ancaq müxalifət liderləri iyunun 21-də səhər deyib ki, etirazları davam etdirəcəklər.

“Axşam 7-də yenə də Rustaveli prospektində görüşəcəyik. Adamlarla hərəkət planını razılaşdırmalıyıq”, – Yeni Gürcüstan partiyasının lideri George Vashadze deyib.

70 nəfər yaralanıb

Tbilisi rəsmilərinin iyunun 21-də bildirməsinə görə, ötən gecə təhlükəsizlik əməkdaşları ilə etirazçıların toqquşmasında 39-u polis əməkdaşı olmaqla 70 nəfər yaralanıb.

***Buna da bax: Tbilisidə rusiyalı deputata görə kütləvi etiraz başlanıb (VIDEO)

Yerli media bir neçə nəfərin saxlandığını yazır, ancaq detallar açıqlanmır.

20 iyun etirazları
20 iyun etirazları

Polis kütləni dağıtmaqdan ötrü gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib və səhər 5-dək etirazçıların demək olar hamısı ərazini tərk edib.

“Hökumətin bu gün elədiyi xalqa qarşı tamamilə qanunsuz hərəkətdir. İndi saxlananları, xəstəxanada olanları müəyyənləşdirmək lazımdır”, – Vashadze vurğulayıb.

İyunun 20-də əhalini qəzəbləndirən rusiyalı deputat Sergei Gavrilov-un parlamentdə spikerin yerində oturması olub. Bu, Rusiyanın bu kiçik qonşusu üzərində arzuolunmaz nüfuzunu xatırladan addım kimi görünüb.

Rusiya Dumasının kommunist üzvü Gavrilov Tbilisiyə Parlamentlərarası Pravoslav Assambleyasının iclasına sədrlik etməyə gedib. Gürcüstanlılar Gavrolov-u Rusiya Prezidenti Vladimir Putin-in müttəfiqi sayırlar, belə ki, o, Gürcüstanın separatçı Cənubi Osetiya və Abxaziya regionlarına Rusiyanın dəstəyinə tərəfdardır.

Etirazlar zamanı polis gözyaşardıcı qazdan istifadə edir
Etirazlar zamanı polis gözyaşardıcı qazdan istifadə edir

Prezident etirazların arxasında kiminsə durduğuna eyham vurub

Gürcüstan Prezidenti Salome Zurabishvili Gavrilov-un hərəkətlərini “böyük cinayət” adlandırıb, ancaq bunun ictimai itaətsizliyi əsaslandırmadığını deyib, etirazların arxasında kiminsə durduğuna eyham vurub.

Gavrilov-un spikerin yerində oturması gürcüstanlı deputatların da etirazına səbəb olub, parlamentin daxilində qarşıdurma yaranınca iclas dayandırılıb. Sonradan etirazçılar parlament binası qarşısına yığışaraq spiker Irakli Kobakhidze-nin istefasını tələb ediblər. Etirazçılar Gürcüstanın, AB və ABŞ-ın bayraqlarını qaldırıblar, bəziləri əlində “Rusiya işğalçıdır” plakatını tutub.

Gecəyarısına doğru minlərlə etirazçı parlament binasına girməyə çalışıb.

ABŞ-ın Gürcüstandakı səfirliyi deyib ki, Gavrilov-un hərəkətlərinin bir çoxlarını “incitdiyini” anladığını bildirib, ancaq tərəfləri “sakit olmağa, təmkinli, Konstitusiya çərçivəsində davranmağa” çağırıb.

Gavrilov isə Dumanın vebsaytında yerləşdirilmiş bəyanatda deyib ki, parlament radikallar tərəfindən tutulub, Rusiya və Gürcüstanı “qardaş pravoslav əlaqələr birləşdirir”.

Parlamentlərarası Pravoslav Assambleyası 1994-cü ilə yaradılıb, Yunanıstanda mənzillənir. Məqsədi pravoslav xristianlar arasında xristian və demokratik dəyərlər və prinsiplər əsasında vəhdət yaratmaqdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG