Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:13

Pensiyaçılara xeyir və ziyan...


Dövlət kimlərin pensiyasını geri alacaq?
Gözlə

No media source currently available

0:00 0:04:07 0:00

Dövlət kimlərin pensiyasını geri alacaq?

İqtisadçı Qubad İbadoğlu pensiya sahəsində qanunvericiliyə dəyişiklik təklifi ilə çıxış edib. O, AzadlıqRadiosuna deyib ki, pensiyanın minimum məbləği ilə pensiya çıxanda tələb olunan minimum sığorta kapitalı arasında asılılıq aradan qaldırılmalıdır.

İqtisadçı hesab edir ki, asılılıq ciddi sosial ədalətsizliyə gətirib çıxardığından aradan qaldırılmalıdır. Onun fikrincə, pensiyaların hesablanması formulasında da dəyişiklik olmalıdır: "Təsəvvür edin ki, minimum pensiya 200 manatdır və pensiyaya çıxmaq üçün sığorta kapitalının minimal məbləği 28 min 800 manatdır. Düzdür, 2006-cı ildən sonra stajı və pensiya kapitalı az olan şəxslər də pensiya almaq hüququna malikdirlər. Amma onlara minimum pensiya verirlər. Məsələn, biri pensiyaya çıxır, onun sığorta kapitalı 20 min manatdır, o biri 10 min manat, başqa biri 28 min 800 manatdır. Amma üçünə də eyni məbləğdə pensiya verilir".

Q.İbadoğlu
Q.İbadoğlu

"Bu, böyük ədalətsizlikdir"

İqtisadçının vurğulamasına görə, əgər gələn il minimal pensiya məbləği 200 manatdan 250 manata qalxarsa, onda tələb olunan sığorta kapitalı da 36 min manata qalxacaq: "Yəni 28 min 800 manatdan 36 min manata. Deməli, sığorta kapitalı 10 min, 5 min, 28 min yığanda hamısına eyni məbləğ kəsiləcək. Bu, böyük ədalətsizlikdir, adamlar işləyirlər, pul yığırlar, amma eyni məbləği alırlar. O adamlar ki, 2006-cı ildən sonra işləməyiblər, onlara pensiya verilmir. Pensiya yaşı çatanda onlara yalnız qocalıq müavinəti ödənilir".

V.Əhmədov
V.Əhmədov

"Yəqin ki, müəyyən dəyişikliklər olacaq"

Deputat Vahid Əhmədov da məlum asılılığın qanunla tətbiq olunduğunu deyir. Onun fikrincə, qanunda dəyişiklik ola bilər: "Amma, ümumiyyətlə, pensiya sistemiylə əlaqədar suallarımız kifayət qədərdir. Konkret olaraq yaşla bağlı suallar və bunun üzərində iş gedir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində pensiya ilə əlaqədar qanunvericilik üzərində işləyirlər.Yəqin ki, müəyyən qanun dəyişiklikləri olacaq".

"Üç uşaqlılara güzəştlər vermək olar"

Son illər pensiyaçıların sayında yüz mindən çox azalmaya gəlincə, Q.İbadoğlu bildirib ki, əgər bunun qarşısını almaq istəyiriksə, onda pensiya yaşının artırılmasının qarşısı alınmalıdır: "Hələ qadınların pensiya yaşı 65-ə çatmayıb, 62 yaş 6 aydır. İkincisi, kişilərin də pensiya yaşını aşağı salmaq lazımdır. O halda pensiyaya çıxanların sayını artırmaq mümkündür. Eyni zamanda, üç uşaqlılara güzəştlər vermək olar. Düzdür, beş və çox uşaqlı analara güzəşt var, amma üç uşaqlı analara güzəşt yoxdur. Onların pensiya yaşı aşağı salınsın".

17 manatlıq artım pensiyaçıların hansı dərdinə dərman olacaq?
Gözlə

No media source currently available

0:00 0:03:46 0:00

"65 yaş həddi kifayət qədər yüksəkdir"

V.Əhmədov da düşünür ki, əvvəlcə pensiya yaşı müəyyən edilməlidir. Onun fikrincə, bundan əlavə, Azərbaycanda orta və maksimum yaşayış səviyyəsi müəyyən olunmalıdır: "Bunlar əsasında müəyyən yaş həddi müəyyən edilməlidir, çünki 65 yaş həddi kifayət qədər yüksəkdir. Biz bununla bağlı Milli Məclisdə təkliflər vermişik, baxılmalıdır. İkincisi, yığılan sığorta hissəsində aşkarlıq təmin olunmalıdır. Hər bir insan nə qədər sığorta haqlarının yığıldığını, pensiyaya çıxanda nə qədər əlavə vəsait alacağını bilməlidir. Bu məsələlər aşkarlıq şəraitində həll olunmalıdır".

Yazıda səslənən fikirlərə, hələlik, Azərbaycan hökumətinin təmsilçilərindən münasibət almaq mümkün olmayıb. Amma parlamentdəki çoxluq indiyə qədər pensiya yaşının aşağı salınması ilə bağlı təkliflərə bir elə də isti yanaşmayıb. Onlar deyir ki, bunun 65 yaş müəyyən edilməsi, əksinə, bir çox insanların işləməsinə imkan yaradır. Üstəlik, həmin çoxluq ölkədə sosial ədalətin qorunduğu ilə bağlı fikirləri müdafiə edir.

Xatırlatma

Rəsmi rəqəmlərə görə, 2017-ci ildə Azərbaycanda hər 100 nəfərdən 14-ü pensiya alırdısa, bu il bu rəqəm 12-ə düşüb. Son bir ildə pensiyaçıların sayı 43 mindən çox azalıb. Dörd ildə isə 114 mindən çox azalma olub. Məsələ burasındadır ki, dörd il əvvəl kişilər 63, qadınlar 60 yaşda pensiyaya çıxırdı. 2017-ci ildən bu yaş həddi hər il 6 ay artırılır. Nəticədə kişilər 2021-ci il, qadınlar 2027-ci ilin yanvarından 65 yaşdan pensiyaya çıxacaqlar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG