Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:45

Pensiyalar niyə gecikir


Astarada bankomat qarşısında növbə
Astarada bankomat qarşısında növbə

«Evdə beş nəfərik. Oğlum, qızım, gəlinim, nəvəm, bir də mən. Gəlinim işləmir. Qızım xəstədir, əlil kimi 50 manat pensiya alır. Oğlum da ustadır. Ev təmir edir. Qış ayı olanda işləri kasadlaşır. Odur ki, evdəkilər gözünü qızımla mənim pensiyama dikiblər. Birtəhər ayı aya calayırıq. Pensiyaların verilməsi yubananda isə lap dara düşürük. Üç gündür çörəyi nisyə alırıq», – Bakının Əhmədli qəsəbəsində yaşayan pensiyaçı Məhluqə Əliyeva belə söyləyir.

Yaşlı qadın «Bilmirəm, niyə hər il bayramdan sonra pensiyalar yubanır» deyə sual edir.

Tovuzda yaşayan Gülüstan Qurbanova da eyni sualı verir. O da artıq ərzaq ehtiyatlarının tükənməkdə olduğunu deyir: «Bir az ehtiyat saxlamışdıq. Qəfil xəstələndim, əlimizdəki ehtiyat dava-dərmana, həkimə getdi. Oğlum iki gündür bir toyuğu bazara aparır ki, bəlkə alan oldu. Pensiya bu gün, sabah verilməsə, batdıq».

«O boyda Maliyyə Nazirliyinin ağlı kəsmir ki...»

İqtisadçı Nemət Əliyevin qənaətincə, pensiyaların yubanmasının səbəbi maliyyə problemidir. Onun sözlərinə görə, rəsmilər «gurultulu inkişaf nağılları» danışsalar da, Azərbaycanda ciddi maliyyə sıxıntıları yaşanır:

«Dövlətin əvvəlki kimi maliyyə imkanları olsaydı, problemi rahatlıqla həll edərdilər. Niyə əvvəllər edirdilər, indi yox?».

Pensiya neçə günə çatır?- [Eksperiment]
Gözlə

No media source currently available

0:00 0:03:17 0:00

N.Əliyev deyir ki, pensiyaların yubanması həm maliyyə, həm də subyektiv problemlərlə bağlı ola bilər:

«Subyektiv səbəbi odur ki, problemi həll etmək istəmirlər. Konkret vəzifəli şəxslərdən asılı olan məsələlər zamanında həllini tapmır. Bundan ötrü müəyyən maliyyə qaydaları yaratmaq, maliyyə vəsaitlərinin təyinatından yayındırılmasının qarşısını almaq, bir də banklarla işi yoluna salmaq lazımdır. Mənə belə gəlir ki, bunu yoluna qoymaq mümkündür. Ancaq ya öhdəsindən gələ bilmirlər, yaxud da yoluna qoymaq istəmirlər. Obyektiv səbəbə gəlincə, o boyda Maliyyə Nazirliyinin ağlı kəsmir ki, pensiyaçının pensiyasını zamanında vermək lazımdır. Çünki onların başqa yerdən gəliri yoxdur. Pensiya yubananda ərzağa və qeyri-ərzaq mallarına tələbatların ödənilməsində problemlər yaşanır, insanlar əziyyət çəkir».

İqtisadçı deyir ki, görünür, hökumət pensiyaçılara «axırıncı sort» adam kimi baxır: «Məncə, səbəblərdən biri də budur. Birinci növbədə iriçaplı, yüksəkvəzifəli adamların maaşlarının ödənilməsinə üstünlük verirlər».

Aytən Mustafayeva: «Məsələ yaxın günlərdə həll olunacaq»

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Aytən Mustafayeva hesab edir ki, pensiyaların yubanması obyektiv səbəblərlə bağlıdır:

«Pensiyaların məbləği artırılıb və mənə elə gəlir ki, indi bununla bağlı hesablamalar aparılır. İnanmıram ki, yubanma uzun çəksin. Düşünürəm ki, yaxın günlərdə pensiyalar veriləcək. Sözün düzü, mən aidiyyəti qurum deyiləm, amma hesab edirəm ki, bu məsələ yaxın günlərdə həll olunacaq».

Nazirlik: «Veriləcək»

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev AzadlıqRadiosuna deyir ki, yanvarın 15-dən bu ay üzrə əmək pensiyalarının maliyyələşdirilməsinə başlanıb. Həmin vəsait yanvarın 16-da hesablara oturmalıdır. Onun sözlərinə görə, ilkin olaraq Bakı şəhəri üzrə pensiyaçılar təqaüdlərini ala biləcəklər.

Amma günün sonunda hələ də paytaxtda pensiyasını ala bilməyənlər var.

E.Babayev pensiyaların yubanmasına da aydınlıq gətirir. Onun sözlərinə görə, yanvarın ilk günləri bayram günlərinə düşdüyündən pensiyaların Bakı şəhəri üzrə hesablara köçürülməsi bir neçə gün sonraya – ayın 16-na təsadüf edib, əvvəlki aylarda ödəniş ayın 12-si və ya 13-nə edilirdi.

Nazirliyin rəsmisi sonrakı mərhələdə maliyyələşdirmənin ötən aylarda olduğu kimi, qrafikə uyğun, mərhələli şəkildə aparılacağını bildirir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG