Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:28

Deputat: 'Təqaüdçüyə deyərdim ki, ünvanını versin mənə...'


Pensionerlər.

“... ünvanını versin, dəyişiklikləri ona poçtla göndərim. Çünki orda çoxlu variant və cədvəllər var”

Kim neçə yaşında pensiya alacaq? Nə qədər və hansı şərtlərlə pensiya alacaq? Bu sual indi pensiyaçılardan çox, pensiyaya çıxmayanları düşündürür.

Azərbaycan parlamenti “Əmək pensiyaları haqda” qanuna yeni dəyişiklik və düzəlişlərin müzakirəsinə hazırlaşır. İndiyədək qanun layihəsi haqqında ancaq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov danışıb.

Buna da bax:​ Pensiya şərtləri ağırlaşır

AzadlıqRadiosu deputatlarla əlaqə saxlayıb qanun layihəsində hansı dəyişikliklərdən söhbət getdiyini öyrənməyə çalışıb.

“Qanun layihəsini görməmişəm”

Deputat Vahid Əhmədov qanun layihəsini görmədiyini və buna görə konkret fikir söyləyə bilməyəcəyini bildirib:

“Bir onu bilirəm ki, yaş həddi kişilər üçün 65, qadınlar üçün 63 qoyulacaq. Yaş həddini birdən-birə artırmayacaqlar. İlyarımdan bir həmin yaş həddi artırılacaq. Narazılıq var ki, təkliflər qəbul edilərsə, pensiyaya çıxmaq istəyənlər 63 yaşında çıxa bilməyəcəklər. Gərək gözləsinlər, 65 yaşları tamam olsun. Yəni belə söhbətlər gedir. Ancaq konkret layihədə nə yazılıb, necə olacaq fikir söyləmək çətindir”.

Buna da bax:​ Pensiya stajı artırılır

Hadı Rəcəbliyə sualı çatdıracaqlar

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat qanun layihəsiylə bağlı parlamentin əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli ilə əlaqə saxlamağı tövsiyə edir. AzadlıqRadiosu bu suallara cavab almaq üçün artıq bir neçə gündür israrla adıçəkilən komitə sədrinə zəng vurur. Yalnız fevralın 2-də köməkçisi cavab verib ki, sualı ona çatdıracaq.

Komitənin sədr müavini Rauf Əliyev də iki gündür müxtəlif tədbirlərdə olduğundan onunla danışmaq alınmayıb.

“Cavabı təqaüdçüyə poçtla göndərərdim”

Araz Əlizadə
Araz Əlizadə

Komitə üzvü Araz Əlizadəsə telefonla bu dəyişiklikləri izah etməyin çətin olduğunu bildirib. Radionun “Seçiciniz olan bir təqaüdçü, deputat kimi sizdən dəyişiklikləri ona izah etməyinizi istəsə, necə başa salardınız” sualına belə cavab verib:

“Təqaüdçüyə deyərdim ki, ünvanını versin, dəyişiklikləri ona poçtla göndərim. Çünki orda çoxlu variant və cədvəllər var”.

Buna da bax:​ Pensiya şərtləri niyə ağırlaşdırılır?

Araz Əlizadə də daha çox yaşla bağlı dəyişiklik haqda məlumatlı olduğunu deyib. O, eyni zamanda yeni təkliflərin çoxu ilə razılaşmadığını qeyd edib. Deputat dəyişikliklərin müzakirə olunacağı parlament iclasında iştirak edə bilməsə də, təklifini indidən göndərib: “65 yaşına çatmadan ölən şəxslərin pensiyalarının yığım hissəsi ailə üzvlərinə ödənsin”.

Komitənin digər üzvləri Aytən Mustafayeva, Elmira Axundova, Yaqub Mahmudov, Musa Quliyev və başqaları zənglərə cavab vermədiklərindən onların dəyişikliklərlə tanış olub-olmadıqlarını, bu haqda nə düşündüklərini öyrənmək mümkün olmayıb.

Yeni element

Nazir Səlim Müslümov dəyişikliklərin parlamentdə fevralın 3-də müzakirə ediləcəyini söyləyib. O, hökumətin pensiyanın baza hissəsini ləğv edib minimum pensiya məbləğinin tətbiqinə hazırlaşdığını bildirib.

Buna da bax:​ Ölmədən neçə nəfər pensiya ala bilir?

«Biz qanuna yeni element daxil edirik – minimal pensiya məbləği. Əgər pensiyanın hesablanması zamanı vətəndaşın almalı olduğu pensiyanın məbləği minimal pensiya məbləğini keçirsə, o zaman iş stajından asılı olmayaraq, ona pensiya təyin ediləcək. Əks halda, iş stajına baxılacaq. Əgər işçinin 25 illik iş stajı varsa, biz sistemin vəsaitləri hesabına ona minimal pensiya təyin edəcəyik», – nazir bildirib.

İqtisadçı-ekspert Rövşən Ağayev deyir ki, iqtisadi mühit bu islahatlara hazır deyil. O dəyişikliklərlə pensiya şərtlərini ağırlaşdığını düşünür.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG