Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:08

Deputat pensiya yaşı məsələsinə yenidən baxılmasına çağırır


Vahid Əhmədov
Vahid Əhmədov

““Pensiya sistemi haqqında” qanuna yenidən baxılmasına böyük ehtiyac var”.

Deputat Vahid Əhmədov bu gün, noyabrın 14-də Milli Məclisdə 2019-cu ilin büdcə müzakirələri zamanı belə deyib.

Deputat çıxışında əmək və əhalinin sosial müdafiəsi nazirinə müraciət edib:

“Yeni nazir Sahil Babayevə təklif edirəm ki, pensiya yaşı ilə bağlı məsələyə ciddi şəkildə baxılsın. Biz pensiya yaşını ciddi bir şəkildə artırdıq. Başa düşə bilmirəm ki, biz, qadınları niyə 65 yaşında pensiyaya çıxarırıq?”

Vahid Əhmədov Azərbaycan Milli Məclisinin pensiya islahatları ilə bağlı çox ciddi qanun layihələri qəbul etdiyini vurğulayıb.

“Pensiya ilə bağlı yaş həddini dəyişdirdik. Kişilərin və qadınların pensiya yaşını 65-ə qaldırdıq, eyniləşdirdik. Bu, dövlət büdcəsinə nə verdi? Dövlət büdcəsinə əlavə vəsait gətirdimi? Ümumiyyətlə, bunu hesabladılarmı?” deyən deputat vurğulayıb ki, aparılan pensiya islahatlarının, hələki, müsbət nəticəsi olmayıb.

Vahid Əhmədov bundan əvvəllər də pensiya yaşı ilə bağlı narahatlıqlarını ifadə etmişdi.

Deputat AzadlıqRadiosuna açıqlamalarından birində demişdi ki, Azərbaycan qanunvericiliyində nəzərdə tutulan pensiya yaşı həddi yüksəkdir və bunu aşağı salmaq yaxşı olardı.

Xatırlatma

2017-ci ildə Azərbaycanda pensiya yaşının mərhələli şəkildə həm kişilər, həm də qadınlardan ötrü 65-ə çatdırılması ilə bağlı qanunvericiliyə dəyişiklik edilib.

Ona qədər Azərbaycanda pensiya yaşı qadınlarda 60, kişilərdə isə 63 idi. Kişilər üçün nəzərdə tutulan yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-nə, qadınlar üçünsə 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılacaq.

2018-cı il oktyabrın 1-nə olan məlumata görə, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 309 min nəfər təşkil edib.

Bu il büdcə müzakirələri zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib ki, gələn il pensiya alanların sayı təxminən 1 milyon 294 min nəfər olacağı gözlənir. Pensiyaçıların sayında azalma var.

XS
SM
MD
LG