Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:12

Təqaüd üçün 600 manat 'şirinlik' söhbəti...


Pul
Pul

Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin Sosial yardım və müavinətlər sektorunun müdiri Vidadi Eyvazov və bu sektorun baş məsləhətçisi Elnur Quliyev məhkəmə qarşısına çıxarılıb. Onlar müavinətlərin təyini üçün vətəndaşlardan rüşvət almaqda suçlanır.

Hər ikisi həbsdədir. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Sabiq məmurlar özlərini təqsirli bilmirlər, kimsədən də rüşvət almadıqlarını deyirlər.

«Mən 50-100 manat verməyi nəzərdə tuturdum»

Martın 29-da onların məhkəməsində dindirilən Tofiq Məhərrəmov isə əksini iddia edir. Deyir ki, anasına təqaüd təyin olunmasının əvəzində Fondun əməkdaşları onun kartına köçürülən məbləğin 600 manatını özlərinə götürüb. Şahid qismində ifadə verən T.Məhərrəmov 600 manatın anasının pensiya kartından necə çıxarılması barədə bunları danışıb: «Mən anama təqaüd düzəltmək üçün Elnur Quliyevə müraciət etdim. Mənə izah elədi ki, hansı sənədlər lazımdı. Əvvəldən özüm ona söz vermişdim ki, iş düzəlsin, ona «şirinlik» verəcəm. Bir müddət keçəndən sonra Elnur zəng eləyib dedi ki, sənədlər hazırdır, gedib bankdan kartı götürmək lazımdır. Kartı götürəndən sonra anamla birlikdə onun yanına gəlməyimizi istədi, dedi ki, kartı aktivləşdirmək üçün anam gəlib idarədə nəyisə imzalamalıdır. Dediyi kimi elədik. Kart bir neçə gün onda qaldı. Gəlib götürəndə dedi ki, «şirinliyi» özü kartdan çıxarıb. Soruşdum ki, nə qədər? Dedi ki, 600 manat. Narazılığımı bildirdim. Çünki mən 50-100 manat verməyi nəzərdə tutmuşdum».

Şahid deyir ki, əslində, kartı bankdan alanda artıq aktiv olduğunu sonradan biliblər. Başa düşüblər ki, E.Quliyev kartdan pulu özü çıxarmaq üçün «gəlib sənədləri imzalamaq» bəhanəsiylə aldadırmış. Ona görə də kartı alıb bir neçə gün özündə saxlayır.

T.Məhərrəmovun sözlərinə görə, anasının təqaüdündən 600 manatın özbaşına çıxarılmasına etiraz edəndə E.Quliyev o pulun 100 manatını qaytarmağa razılaşıb. Bu isə onu qane etməyib. Ona görə də prokurorluğa şikayət edib.

«Prokurorluğa zəng eləyib şikayətləndim. Mənim üzərimə kamera bağlayıb Elnurla görüşməyimi istədilər. Elnurdan qaytara bildiyi 100 manatı aldım, aramızda danışıq oldu. Prokurorluq əməkdaşları 100 manatı məndən alıb yola saldılar. Sonra bildim ki, Elnur həbs edilib. Mən belə olacağını bilmirdim. Düşünürdüm ki, yəqin ki, çağırıb xəbərdarlıq edərlər», – T.Məhərrəmov məhkəmədə belə deyib.

Dindirmə zamanı məlum olub ki, nə prokurorluq əməkdaşları 100 manatı qaytarıb, nə də E.Quliyev qalan 500 manatı...

«İfadəni özüm yazmamışam»

Başqa bir şahid Vüsalə Məlikova isə deyir ki, təqsirləndirilən şəxslərdən şikayətçi deyil. Onu prokurorluğa çağırıb, oxumadan ifadələrə imza atdırıblar: «Sumqayıtda evdə olanda zəng gəldi, dedilər ki, prokurorluqdandır. Təcili Bakıya gəlməyimi istədilər. Mən epilepsiya xəstəsiyəm. Həyəcanlandım, soruşdum ki, nə məsələdir? Dedilər ki, gələndə öyrənəcəksən. Qorxa-qorxa getdim. Bildirdilər ki, guya mənə sosial yardım təyin olunanda ilk ayların pulunu Vidadigil alıblar. Amma mən belə ifadə verməmişəm. Sonra məni Kürdəxanıdakı həbsxanaya apardılar ki, üzləşdirsinlər. Mən xəstə olduğum üçün getmək istəmədim. Sonra bir də çağırıb dedilər ki, «gəl ifadəni dəyiş». Razılaşmadım. İfadəni özüm yazmamışam, oxumadan imzalamışam, mən latın əlifbasında yaza bilmirəm».

Bununla belə, V.Məlikova onu da deyib ki, bir neçə il əvvəl təqsirləndirilən şəxslərdən V.Eyvazovdan şikayət edib. Çünki sənədlərini hazırlayıb təqdim etsə də, ona sosial yardım təyin edilmirdi: «Mən də gedib müdirinə şikayət elədim. O da Vidadini çağırıb işi tezləşdirməsini istədi».

Təqsirləndirilən V.Eyvazov bildirib ki, bu qadının sənədlərində problem olduğuna görə ona ünvanlı sosial yardım təyin olunması gecikib.

V.Məlikova deyir ki, düzdür, özü sosial yardım üçün pul verməyib, amma başqalarından bundan ötrü pul alınmasından xəbərdardır: «Bunu hamı bilir ki, çox adam pul verib sosial yardım düzəltdirib. Pul verməyəndə sənədləri gecikdirirdilər. Amma Vidadi şəxsən məndən pul istəməyib».

Şahidin istintaqa ifadəsində isə yazılıb ki, V.Eyvazov ondan 400 manat rüşvət istəyib. Pulu olmadığına görə belə razılığa gəliblər ki, ünvanlı sosial yardım düzələndən sonra ilk dörd ayın pulunu ona versin. V.Məlikova bu ifadəni təsdiqləməyib.

Təqsirləndirilən şəxslərə qarşı CM-in 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddədə 8 ildən 12 ilə qədər həbs cəzası nəzərdə tutulub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG