Keçid linkləri

2024, 04 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:25

Pensiya kapitalından kredit ödəmək olarmı...


İnsanlar özəl pensiya fondlarına etibar edəcəkmi? ''Paşa fondu' yaradılsa…'
Gözlə

No media source currently available

0:00 0:06:32 0:00

İnsanlar özəl pensiya fondlarına etibar edəcəkmi? ''Paşa fondu' yaradılsa…'

İyulun 1-dən Azərbaycanda qadınların pensiya yaşı artırılıb. İndiyədək qadınlar 63 yaşından pensiyaya çıxa bilirdilərsə, 2023-cü ilin iyulun 1-dən bu yaş həddi 63.5 yaşa qaldırılıb.

Azərbaycanda üç pensiya növü var – yaşa, əlilliyə və ailə başçısını itirməyə görə. Yaşa görə pensiya almaq üçün şərtlərdən biri pensiya kapitalıdır. Lakin pensiya yaşından əvvəl pensiya kapitalını yığan şəxslər bu kapitalından istifadə edə bilmir.

Halbuki inkişaf etmiş ölkələrdə bu təcrübə mövcuddur. Məsələn, ABŞ-da pensiya hesabı onun sahibinin ixtiyarındadır. O, investisiya fondlarına yatırım edə, yığılmış kapitalı kreditlərin ödənişlərinə yönəldə bilir.

Bakıda yaşayan Gülnaz Əhmədova AzadlıqRadiosuna bildirib ki, 58 yaşı var və pensiyaya çıxmasına bir neçə il qalmasına baxmayaraq, artıq qanunvericilikdə nəzərdə tutulmuş pensiya kapitalını yığıb və ondan istifadə etmək istəyir: "Pensiya fonduna müraciət etmişəm, mənə dedilər ki, bizdə bu mexanizm yoxdur. Yəni, mən yığdığım pensiya kapitalını indi xərcləyə bilmirəm, çünki pensiya yaşına çatmamışam. Onda bu pensiyanın kapital hissəsi məsələsi işləmirsə, qanunda niyə var?".

Deputatın təklifi

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən "Turan"a bildirilib ki, bu ildən pensiya kapitalı 40 min 320 manat təşkil edir. Bu il yanvarın 1-dən minimum əməkhaqqı 15 faiz artırılaraq 300 manatdan 345 manata, minimum pensiya 40 manat artımla 240 manatdan 280 manata çatdırılıb. Bu, pensiya kapitalının minimum məbləğinə də təsir göstərib. Ötən il ən azı 34 min 560 manat pensiya kapitalı toplamaq tələb olunurdusa, hazırda bu rəqəm 40 min 320 manat təşkil edir.

V.Bayramov
V.Bayramov

Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin üzvü Vüqar Bayramov da "Turan"a bildirib ki, bir sıra inkişaf etmiş ölkələrdəki kimi, Azərbaycanda da pensiya kapitalından digər məqsədlər üçün istifadə ilə bağlı təkliflər hazırlanıb: "Burada söhbət pensiya kapitalının müəyyən hissəsinin digər məqsədlər üçün istifadə olunmasından gedir. Təklif edirik ki, pensiya kapitalının bir hissəsi, məsələn, ümumi yığılmış kapitalın 1/3 hissəsi həmin pensiya kapitalına sahib vətəndaş tərəfindən pensiya yaşı tamam olmadan digər məqsədlər üçün istifadə etməsinə şərait yaradılsın".

Deputatın sözlərinə görə, vəsait səhiyyə xidmətlərinə, kommunal ödənişlərə və bank kreditləri üzrə faiz ödənişlərinə yönələ bilər: "Bu, pensiya kapitalından daha səmərəli istifadəsinə şərait yaradacaq. Biz təklif edirik ki, məsələn, əgər vətəndaşın pensiya kapitalı 60 min manatdırsa, onun 20 min manatını vətəndaş pensiya yaşına çatmadan istifadə etməyə hüquqa malik olsun".

N.Cəfərli
N.Cəfərli

Qadağa da yoxdur, mexanizm də

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda pensiya kapitalından istifadəyə, yaxud da bu vəsaiti vərəsəlik hüququ ilə ailə üzvlərinə verməyə qanunvericilikdə qadağa yoxdur: "Amma bunun mexanizmi də yoxdur. Mexanizm yoxdur deyə, insan öz kapitalı ilə sərəncam verməyə hüququna malik deyil. Ona görə də bizdə bunun çözüm yolu ya qanunvericiliyə ciddi dəyişiklik etmək, ya da özəl təqaüd fondları yaratmaqdır. Həmin fondlarla bağlanan müqavilədə qeyd olunmalıdır ki, vətəndaş bu kapitalı nə vaxt, hansı şərtlərlə götürə bilər".

Ekspertin sözlərinə görə, Azərbaycanda pensiya kapitalının yığımı problemi ondan ibarətdir ki, minimum təqaüd artdıqca Dövlət Sosial Fonduna pensiya kapitalının yığım hissəsi də avtomatik olaraq artır: "Prezidentin fərmanı ilə bu il minimum pensiyalar 280 manata qaldırıldı və avtomatik olaraq pensiya kapitalının yığım hissəsi də artdı. Bu, doğru bağlantı deyil və aradan qaldırılmalıdır. Sabah pensiyanı artırsalar, kapitalın yığım hissəsi yenə artacaq. Azərbaycanda isə maaşların çox az olduğunu nəzərə alsaq, çox az insan pensiya yaşına qədər pensiya kapitalını toplaya bilir".

İqtisadçı qeyd edib ki, pensiya kapitalını toplamayan vətəndaş daha az pensiya almağa məcburdur. O, qanunvericilikdə bu bağlılığı aradan qaldırılmağı vacib sayır, təklif edir ki, qanunvericilikdə yığılan pensiya kapitalına uyğun pensiya kəsilməsi ilə bağlı şkala tətbiq olunsun.

Xatırlatma

Pensiya yaşına çatmış şəxs pensiya hüququndan ötrü ya əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya kapitalına, bu olmadıqda azı 25 il sığorta stajına malik olmalıdır. Pensiya kapitalı əmək pensiyasının minimum məbləğinin (hazırda 280 manatdır) 144-ə vurulması ilə müəyyən olunur. Əgər bu qədər pensiya kapitalı yığılmayıbsa, o zaman azı 25 il sığorta stajı olsa, pensiya təyin olunur.

XS
SM
MD
LG