Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:37

Penitensiar Xidmət yenə təkzib edir


Qobustan həbsxanası
Qobustan həbsxanası

Qobustan həbsxanasında saxlanan Nardaran məhbusları - "Müsəlman Birliyi" hərəkatının sədri Taleh Bağırov və Abbas Hüseynovun aclıq aksiyası keçirməsi haqda məlumatlarla əlaqədar Penitensiar Xidmət hüquq-mühafizə orqanlarına müraciət edib. Bu haqda AzadlıqRadiosuna Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

"Son günlər özünü Zümrüd Yağmur kimi təqdim edən sosial şəbəkə istifadəçisi məhkumlar Taleh Bağırzadə və Abbas Hüseynin həmin müəssisənin rəisi Aftandil Ağayev tərəfindən döyülmələri, işgəncəyə məruz qalmaları... buna etiraz əlaməti olaraq aclıq aksiyasına başlamaları barədə həqiqətə uyğun olmayan şər-böhtan xarakterli məlumatlar paylaşmağa başlayıb. Bəzi informasiya saytları isə həmin yanlış informasiyaları öz səhifələrində yerləşdirməklə, ictimaiyyətdə çaşqınlıq yaradır. Nəticədə ayrı-ayrı şəxslər həmin saytların şərhlər bölməsində həbsxananın rəisi Aftandil Ağayev və onun ailə üzvlərinin ünvanına hədə-qorxu və təhqirlər səsləndirir, hətta həbsxanaya Aftandil Ağayevə qarşı sui-qəsd edəcəkləri barədə məktub göndəriblər. Bununla əlaqədar Penitensiar xidmət araşdırılması üçün aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edib", – məlumatda belə deyilir.

“HƏRƏKƏTƏ KEÇİBLƏR”

Yazar Zümrüd Yağmur isə Penitensiar Xidmətin bu addımını hələ Nardaran hadisələrilə bağlı məhkəmə prosesi gedən dövrdən özünə qarşı təzyiqlərin davamı kimi qiymətləndirir.

O, AzadlıqRadiosu-na bildirib ki, Nardaran məhbusları Taleh Bağırov və Abbas Hüseynovun aclıq aksiyası keçirməsi barədə sosial şəbəkələrdə çox adam məlumat paylaşsa da, məhz onun hədəf seçilməsi təsadüf deyil:

"Mənim hədəf seçilməyim təsadüf deyil, amma gözlənilməz də deyil. Nardaran hadisələrilə bağlı məhkəmə başlanandan sonra dəfələrlə təzyiq və təqiblərə məruz qalmışam, bu da davamıdır. Hesab edirəm ki, məni də öz xain planlarına daxil ediblər. Hələ bir neçə həftə öncə Taleh Bağırov ailəsilə telefon danışığı zamanı demişdi ki, bunların nəsə məkrli planı var, onu gerçəkləşdirmək üçün hərəkətə keçiblər. Hətta istisna etməmişdi ki, onlara zülm eləyən həbsxana rəisi Avtandil Ağayevə özləri nəsə eləyib, dindarların üstünə atarlar. Penitensiar Xidmətin son addımı da göstərir ki, bunlar həmin istiqamətdə fəaliyyətə başlayıblar artıq".

Həbsxananın rəisi Aftandil Ağayevə sui-qəsd barədə məktub göndərilməsini də Zümrüd Yağmur inandırıcı saymır. Deyir ki, qəsd etmək istəyən adam niyə əvvəldən xəbərdarlıq məktubu göndərsin: "Bunlar hamısı uydurmadır".

Zümrüd Yağmurun həyat yoldaşı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı 2015-ci il noyabrın 26-da Nardaranda keçirilmiş və 6 nəfərin öldüyü polis əməliyyatından sonra bu haqda Facebook səhifəsində yazdığı statuslara görə 10 il azadlıqdan məhrum edilib.

Xatırlatma

“Müsəlman Birliyi” hərəkatının sədri Taleh Bağırov və Abbas Hüseynov 2015-ci il noyabrın 26-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat zamanı həbs olunub. Həmin əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib.

40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Həbs olunanların işi üç qrupa ayrılıb. Abbas Hüseynov birinci qrupda “Müsəlman Birliyi” hərəkatının sədri Taleh Bağırov və daha 16 nəfərlə birlikdə mühakimə olunub. Taleh Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə isə 10 ildən 19 ilə qədər həbs cəzası verilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində, tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Polislər isə işgəncə iddialarını təkzib ediblər.

XS
SM
MD
LG