Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:44

Pence deyir ki, Avropa ABŞ-ın ‘ən böyük müttəfiqi’ olaraq qalır


ABŞ vise-prezidenti Michael Richard Pence
ABŞ vise-prezidenti Michael Richard Pence

ABŞ vise-prezidenti Mike Pence Avropa liderləri qarşısında etdiyi çıxışda Vaşinqtonun transatlantika bağlarına sadiqliyi məsələsində yaranmış şübhələri dağıdaraq deyib ki, “Birləşmiş Ştatlar indi və həmişə sizin ən böyük müttəfiqiniz olaraq qalacaq”.

AzadlqıRadiosunun müxbiri Steve Guttermanın reportajında deyilir ki, Pence fevralın 18-də Münhendə keçirilən Təhlükəsizlik Konfransına özü ilə Trump-ın mesajını gətirdiyini söyləyib: “Birləşmiş Ştatlar NATO-nu güclü şəkildə dəstəkləyir və onun bu mövqeyi dəyişməzdir”.

ABŞ vise-prezidenti bunu da əlavə edib ki, Birləşmiş Ştatlar və Avropa arasındakı “sarsılmaz bağ” yalnız “silahın gücünə” deyil, “həm də ortaq dəyərlərimizə, birlikdə bəslədiyimiz prinsiplərə: azadlığa, demokratiyaya, ədalət və qanunun aliliyinə söykənir”.

Bununla yanaşı Pence Trump-ın Avropa müttəfiqlərinə etdiyi çağırışı, NATO-nun maliyyə yükündə üzərlərinə düşən yük payını götürmək çağırışını qızğın şəkildə təkrar edib.

O bildirib ki, 2014-cü ilə olan məlumata görə NATO-nun yalnız 5 üzvü qarşıya qoyulmuş hədəfə, ÜDM-in 2 faizini müdafiəyə xərcləmək hədəfinə yetişib.

"Daha çox iş görməyin vaxtı çatıb” – deyib Pence.

Moskvadan haqq-hesab istənəcək

Mike Pence deyib ki, Birləşmiş Ştatlar Moskva ilə “ortaq məxrəc” axtarışında olmasına baxmayaraq, Ukraynanın daxili işlərinə müdaxiləyə görə Rusiyadan “haqq-hesab soracaq”.

Pence deyib ki, Rusiya Ukraynanın şərqindəki gərginliyi aradan qaldırmaqla Minsk sazişinin müddəalarına əməl etməlidir.

Daha geniş məsələlərə toxunan vise-prezident deyib ki, ABŞ İranın nüvə silahı əldə etməsinə yol verməyəcək, “radikal İslam terroruna, və Soyuq müharibədən 25 il sonra ortaya çıxmış pozucu ölkələrə və yeni düşmənlərə” qarşı mübarizə aparacaq.

AzadlıqRadiosunun müxbiri yazır ki, hər il Münhendə keçirilən Təhlükəsizlik Konfransının əsas diqqəti Trump-ın ABŞ-ın Avropa ilə bağlarını zəiflədə biləcəyi barədə narahatlıqlara yönəlmişdi.

Bu narahatlıqlar əsasən Trump-ın seçki kampaniyası ərzində Britaniyanın Avropa İttifaqından çıxmasını alqışlaması, NATO-nu “köhnəlmiş” təşkilat adlandırması və Rusiya prezidenti Vladimir Putinlə yaxşı münasibətlərə can atacağını söyləməsinə görə yaranıb.

Öz çıxışında 11 sentyabr terror hücumları vaxtı ABŞ-a verdiyi böyük dəstəyə görə təşəkkürünü bildirən Pence deyib ki, “Amerika xalqı buna görə daim minnətdar olacaq”.

Lakin o Avropanı xəbərdar edib ki, “sülh yalnız güclə birlikdə qurulur” və “Avropanın müdafiəsi üçün Avropanın öz öhdəliklərinə əməl etməsi mühümdür”.

Lavrov Moskvanın ittiham olunmasını rədd edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov konfransda etdiyi çıxışda Ukraynadakı zorakılıqlara görə Rusiyanın ittiham olunmasını rədd edib.

Lavrov Minsk razılaşmalarının indiyədək icra olunmamasında Ukraynanı günahlandırıb və deyib ki, bu barədə Qərb liderlərinin bəyanatları Soyuq Müharibə zehniyyətinin nəticəsidir.

Pence-dən az sonra çıxış edən Lavrov bir daha NATO-nun genişlənməsini, onun tərkibinə xüsusən də keçmiş sovet respublikalarının cəlb olunması cəhdlərini tənqid edib.

Lavrov deyib ki, “post-Soyuq müharibə erası” başa çatıb və o “məsuliyyətli liderlərin” “demokratik və ədalətli dünya nizamı” yaradacağına ümid edir.

“İstəsəniz bunu post-Qərb nizamı da adlandıra bilərsiniz” – deyib Rusiya xarici işlər naziri.

Qərbi onun hegemonluq iddialarına görə kəskin tənqid etməsinə baxmayaraq, Lavrov Rusiya və NATO arasında hərbi əməkdaşlığın bərpasına, qlobal stabillik üçün ortaq məsuliyyətə çağırıb.

Lavrov deyib ki, ABŞ və Rusiya arasında hazırkı gərgin münasibətlər “qeyri-təbiidir” və Moskva-Vaşinqton arasında əməkdaşlıq üçün böyük potensial mövcuddur.

Merkel “ərazi bütövlüyü prinspini” müdafiə edir

Konfransda çıxış edən Almaniya kansleri Angela Merkel müdafiə xərcləri barədə ABŞ-ın tələblərini ədalətli saydığını bildirib.

Ukraynanın şərqindəki vəziyyətə və Rusiyanın bu ölkənin işlərinə qarışmasına diqqət çəkən Merkel “NATO-nun mühümlüyünün Amerikanın marağında olmasını” bir daha dilə gətirib.

Merkel deyib kİ, o hələ də Ukraynadakı münaqişəsnin sülh yolu ilə həll oluna biləcəyinə inanır.

Bundan bir gün əvvəl Münhen konfransındakı çıxışında Ukrayna prezidenti Petro Poroşenko sanksiyaları qaldırmaqla Rusiyanın “qılığına girməməyə” çağırıb.

“Rusiyanın iştahının yalnız Ukrayna ilə təmin olunacağını düşünmək səhvdir” – deyib Ukrayna lideri.

Fevralın 18-də ABŞ vise-prezidenti ilə görüşündən sonra Poroşenko deyib ki, Vaşinqton “Ukraynaya çox güclü dəstəyin mesajını” verib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG