ABŞ Nümayəndələr Palatasında demokratların lideri Nancy Pelosi prezident Donald Trump-a qarşı rəsmi impiçment araşdırmasına göstəriş verib.
Xanım Pelosi prezident Donald Trump-ı Ukrayna prezidenti Volodymyr Zelenskiy ilə telefon söhbətilə bağlı Konstitusiyanı pozmaqda ittiham edib.
Bu təhqiqat Trump-ın xarici hökumətdən özünün təkrar prezident seçilməsi üçün kömək istəməkləsəlahiyyətlərini aşıb-aşmadığını üzə çıxarmalıdır.
Nancy Pelosi Trump-ın hərəkətini “verdiyi prezident andına xəyanət” adlandırıb və deyib ki, “heç kəs qanundan yuxarı deyil”.
AzadlıqRadiosu yazır ki, bu qərar Pelosinin partiyasını prezidentlə qarşıdurmanın yeni mərhələsinə çıxarır və Ağ Evin sahibliyi uğrunda 2020-ci il seçki yarışının gedişatına qeyri-müəyyənlik gətirir.
Öz uğurlarını qarşıdurmalar üzərində quran Trump onun barəsində impiçment araşdırmasını “əcinnə ovu” adlandırıb və deyib ki, bu, onun üçün çox “pozitiv” bir vəziyyət yaradır.
***
Bundan az əvvəl ABŞ prezidenti Donald Trump demişdi ki, Ağ Evin administrasiyası onun Ukrayna prezidenti Volodymyr Zelenskiy ilə iyul ayında etdiyi telefon söhbətinin “tam, tamamilə açıq və redaktə olunmamış” mətnini açıqlaya bilər.
İddialara görə Trump həmin telefon danışığında siyasi rəqibinə qarşı təhqiqatın başlanması üçün təzyiq göstərib.
Trump bu bəyanatı sentyabrın 24-də demokratlar Konqresdə impiçment prosesinıə başlanması üçün çağırışlar edəndən sonra yazdığı tvitdə verib.
"Özünüz də görəcəksiniz ki, bu çox dostyana və tamamilə normal telefon danışığı olub. Təzyiq olmayıb”.
Lakin Senat demokratlarının lideri Chuck Schumer deyib ki, telefon danışığının yazılı mətninin açıqlanması kafi deyil və onun partiyası Ağ Evdəki kəşfiyyat nümayəndəsinin bu telefon söhbətinə dair şikayətinin mətnini qanuna müvafiq şəkildə Konqresə verilməsini tələb edir.
ABŞ mediası bildirirdi ki, kəşfiyyat informatoru Trump-ın Zelenskiy ilə iyulun 25-də etdiyi telefon söhbətindən narahatlıq dolu rəsmi şikayət verib.
Administrasiya bu şikayəti Konqresə verməkdən imtina edir.
Demokratların çoxluğa malik olduqları Nümayəndələr Palatasının spikeri Nancy Pelosi indiyədək impiçment proseduruna başlanması üçün partiyadaşlarının çağırışlarına müqavimət göstərib.
Lakin o axşam saat 17-də (Bakı vaxtı ilə sentaybrın 25-i saat 01:00-da bu barədə xüsusi bəyanat veriləcəyini bildirib.
The Washington Post və başqa media qurumları xanım Pelosinin impiçment təhqiqatına başlanmasının elanını verəcəyini bildirirlər.
Pelosi deyib ki, Trump-ın Ukraynadan onun siyasi opponenti barədə təhqiqata başlanmasını istəməsi, hətta bu tələbi Ukraynaya milyonlarla dollarlıq yardımın verilməsi ilə bağlamayıbsa belə, qanunsuzdur.
İmpiçment proseduruna Nümayəndələr Palatasında başlansa da, prosesin mühakimə hissəsinə Senat baxır. Hazırda Senatda Trump-ın partiyadaşları olan respublikaçılar çoxluğa malikdirlər.
Bundan əvvəl Trump Ukrayna üçün nəzərdə tutulmuş 400 milyon dollarlıq ABŞ yardımının dondurulmasına göstəriş verdiyini etiraf etmişdi.
O bunu Ukrayna prezidenti Volodymyr Zelenskiy-dən ABŞ-ın keçmiş vise-prezidenti Joe Biden və onun oğlu Hunter-ə qarşı təhqiqatın başlanmasını istəməzdən əvvəl etmişdi. Biden-in oğlu vaxtilə Ukraynada bizneslə məşğul olub.
Biden 2020-ci il ABŞ prezident seçkisində Trump-ın aparıcı demokrat rəqibi ola bilər.
Keçmiş vise-prezident sentyabrın 24-də deyib ki, əgər Trump Zelenskiy ilə telefon söhbətilə bağlı Konqresin tələbinə tam əməl etməsə, ona qarşı impiçment proseduruna başlanmalıdır.
BMT Baş Assambleyasında iştirak edən Trump müxbirlərə deyib ki, o Ukraynaya verilməli olan vəsaiti korrupsiya ilə mübarizə zəminində və Avropa müttəfiqlərini – Fransa və Almaniyanı Ukraynaya yardım göstərməyə məcbur etmək məqsədilə dondurmuşdu.
Trump bildirib ki, sonradan Ukraynaya verilməli olan pulların hamısı buraxılıb və onun məqsədi Avropa ölkələrinin də Ukraynaya yardıma töhfə vermələri üçün onlara təzyiq göstərmək olub.
Burası da var ki, 2014-cü ildən bəri Avropa İttifaqı və Avropanın maliyyə təsistatları Ukraynaya islahatların keçirilməsi üçün toplam 16, 5 milyard dollar dəyərində kredit və yardım verib.