Braziliyada dekabrın 29-da futbol əfsanəsi, üçqat dünya çempionu Pele 82 yaşında vəfat edib.
Associated Press agentliyi bildirir ki, o tənəffüs yollarının iltihabı və COVID-19 yoluxmasına görə noyabr ayından San Paulu şəhərindəki xəstəxanalardan birində idi.
Pele eyni zamanda onkoloji xəstəlikdən müalicə olunurdu. Futbolçu 2021-ci ildə yoğun bağısaqdakı şişin götürülməsi üçün cərrahiyyə əməliyyatından keçmişdi və ondan sonra vaxtaşırı müalicə alırdı.
Lakin dekabrın 22-də Pelenin vəziyyəti əhəmiyyətli dərəcədə pisləşmişdi.
FIFA-nın qiymətləndirməsinə görə tam adı Edson Arantis du Nasimentu olan Pele argentinalı Dieqo Maradona ilə yanaşı XX əsrin ən yaxşı futbolçusu idi.
Pele futbol tarixində dünya çempionatlarının üç dəfə qalibi olmuş yeganə futbolçu idi.
Braziliya yığması 1959, 1962 və 1970-ci illərdə dünya kubokuna sahiblənmişdi.
Pele Braziliya millisinin tərkibində 92 matç oynayaraq 77 qol vurmuşdu.
O klub yarışlarında Santos və Nyu York Kosmosun heyətində oynamışdı.
Bu ilin iyun ayında Pele özünün Instagram səhifəsində Rusiya prezidenti Vladimir Putinə Ukraynada müharibəyə son qoymaq çağırışı ilə müraciət etmişdi:
"Mən yaşadığım səkkiz onillikdə münaqişələr görmüş, öz xalqının təhlükəsizliyi naminə vəhşilik təbliğ edən məsuliyyətsiz liderlərin bəyanatlarını eşitmişəm. Biz bunu dayandırmalıyıq. Mən hələ lap çoxdan özümə söz vermişəm ki, sülh naminə həmişə səs ucaldacağam. Bu münaqişəni dayandırmaq gücü sizin əllərinizdədir. Həmin əllərinizdəki mən onları 2017-ci ildə sonuncu görüşümüz zamanı sıxmışdım”.