Bu gün, aprelin 27-də Azərbaycan müdafiə naziri Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Pekində Çin Xalq Respublikası (ÇXR) Dövlət Şurasının üzvü, bu ölkənin milli müdafiə naziri Vey Fenxe ilə görüşüb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirildiyinə görə, Vey Fenxe deyib ki, Çin ilə Azərbaycan coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, xalqlar arasında tarixən dostluq münasibətləri olub.
O, bu münasibətlərin yaranmasında tarixi İpək yolunun vacib rol oynadığını bildirib.
Çinin milli müdafiə naziri habelə, iki ölkənin hərbi sahədə əməkdaşlığına toxunaraq bu istiqamətdə böyük potensialın olduğunu vurğulayıb.
Cənubi Qafqazdakı hərbi-siyasi vəziyyətə toxunan Zakir Həsənov isə deyib ki, Ermənistanın Azərbaycana qarşı 25 ildən artıq davam edən işğalçılıq siyasəti bütün regionda sülhə və təhlükəsizliyə ciddi təhdid təşkil edir.
Verilən məlumata görə, qarşılıqlı etimad şəraitində keçən görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Görüşün sonunda Azərbaycan Müdafiə Nazirliyi və Çin Xalq Respublikası Milli Müdafiə Nazirliyi arasında hərbi yardımın göstərilməsinə dair sənəd imzalanıb.
Sənədin detalları açıqlanmayıb.
Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasına bu ölkənin Dövlət Şurasının üzvü, milli müdafiə naziri Vey Fenxenin dəvəti ilə gedib.
Zakir Həsənovun Çinə səfəri aprelin 26-dan başlayıb.
Azərbaycan nümayəndə heyətinin Çinin hərbi sənaye kompleksinə daxil olan müəssisələrə də baş çəkəcəyi gözlənilir.