Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:45

Pedofilləri necə cilovlamalı?


Kyrgyzstan Bishkek Protest Against Pedophilia January 2015
Kyrgyzstan Bishkek Protest Against Pedophilia January 2015

“Pedofiliya xəstəlikdir. Uşaqlara cinsi maraq əvvəllər də olub. Sadəcə indi bu hadisələrin sayı artıb və biz bunu daha çox görməyə başlamışıq”.

Psixoloq Vəfa Əkbər son zamanlar zorlama, xüsusilə pedofiliya hallarının artması barədə danışarkən belə deyib.

Psixoloq deyir ki, pedofiliyaya meyli olan insanları və pedofilləri müalicə etmək lazımdır.

“Sosial gərginlik o dərəcədə artıb ki...”

“Əvvəllər cəmiyyətdə sosial gərginlik daha az idi və insanlar öz ailələrinə, yaxınlarına, ətraflarına daha çox diqqət yetirirdilər. İndi sosial gərginlik o dərəcədə artıb ki, insanlar yalnız öz problemləri ilə məşğuldurlar, ətrafdakılara diqqət yetirmirlər. Onlar doğmalarının başına gələnləri görmürlər, ətraflarında qeyri-adekvat insanı sezmirlər”, deyən psixoloq bu səbəblərdən pedofillərdən ötrü əlverişli zəmin yarandığını vurğulayır.

“Onlar da bunu hiss edər, istədiklərini edirlər. Amma onların cəmiyyətdən sürgün edilmələrindən daha çox müalicəyə, reabilitasiyaya ehtiyacları var. Onları uzun müddət nəzarət altında saxlamaq, müalicə etmək lazımdır. Yalnız bu halda bu cür insanların sayı azalacaq, uşaqlar isə təhlükəsizlikdə olacaqlar”, psixoloq qeyd edib.

Dəqiq statistika problemi...

Başqa bir psixoloq Azad İsadzadə isə diqqəti uşaqlara sataşma və onların zorlanması hadisələrinin tam və dəqiq statistikasının olmamasına çəkir.

“Buna görə də bu qəbildən olan cinayətlərin sayının artdığını iddia etmək olmaz. Sadəcə, mətbuata bu haqda məlumatlar daha tez-tez sızmağa başlayıb. Buna görə bizdə belə bir hiss yaranır ki, bu, daha tez-tez baş verir, amma bizdə dəqiq statistika yoxdur”, deyən psixoloq uşaqların pedofillərdən qorunması məsələsində valideyinlərin rolunu vurğulayır.

“Valideynlər mütləq uşaqları ila söhbət etməlidir”

“Valideynlər mütləq uşaqlarla söhbət etməlidir, cərəyanla oynamağın təhlükəli olduğunu necə izah edirlərsə, bu məsələdəki vəziyyəti onlara başa salmalıdırlar. Bizim ailələrdə valideynlər və övladlar arasında sərhəd saxlamağa çalışırlar. Buna görə uşaqlar çox vaxt bir çox məsələlərdə hazırlıqsız və sadəlöhv olurlar. Bundan başqa, evdən kənarda asudə vaxtlarını keçirərkən onlara nəzarət etmək lazımdır”.

Yerli qanunvericilikdə cinsi xarakterli cinayətlərə toxunan bir neçə maddə var.Onlarda ayrıca bir bənd olaraq uşaqlara cinsi zorakılığa görə, məsuliyyət müəyyən edilib. Bu əməllərə görə, 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Qanunvericliyin təkmilləşdirilməsi zərurəti

Hüquqşünas Samirə Ağayeva hesab edir ki, qanunvericiliyin müəyyən təkmilləşdirmələrə ehtiyacı var.

“Məsələ ondadır ki, pedofili cəzalandırmaqla, onu müxtəlif müddətə azadlıqdanmərhum etməklə problem onun barmaqlıqlar arxasında olduğu müddət üçün həll edilir. Onun azadlığa çıxıb yenə əvvəlki həyatına qayıtmayacağına zəmanət yoxdur. Buna görə pedofillərin həbsxanada olarkən məcburi müalicəsi zəruridir. Bundan başqa, bu şəxslərin azadlığa çıxdıqdan sonra reabilitasiyası mütləqdir. Təəssüf ki, bizdə bu tədbirlər görülmür. Cəzanın məqsədi cinayətkarın islah edilməsidir. Pedofili həbsxanaya atmaqla bu məqsədə nail olunmur, o, öz-özünə düzələ bilməz...”, deyə S.Ağayeva qeyd edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG