Yanvarın 4-də Ermənistanın iki yüksək rütbəli məmuru işdən çıxarılıb. Bundan bir gün öncə baş nazir Nikol Paşinyan ölkənin şimalındakı Lori vilayətinə səfəri zamanı büdcə puluna tikilmiş tikintinin aşağı keyfiyyətli olmasına sərt reaksiya vermişdi.
Paşinyan səfəri zamanı kənd yerlərində təmir olunmuş bir neçə məktəbə, digər obyektə baş çəkib. Hökumətin şəhərsalma komitəsi və vilayət administrasiyasının nəzarəti altında gerçəkləşdirilmiş dizayn və tikinti işlərindəki qüsurlar Paşinyanı qəzəbləndirib.
"Asılqana dəyirsən, qopub düşür"
Lorinin kəndlərindən birində yeni təmir olunmuş məktəbdə standartlara uyğun gəlməyən avadanlıq və mebel baş naziri xüsusilə məyus edib.
"Qısacası, çox, dəhşətli dərəcədə narazı qaldım. Belə şeylərə dözməyəcəyəm", -- səfərdən hökumətin paylaşdığı videoda Paşinyan onu müşayiət edən məmurlara deyir.
Bundan sonra şəhərsalma komitəsinin başçısı Armen Qulariyan və Lorinin qubernatoru Aram Xaçatryanın vəzifədən kənarlaşdırıldığı elan edilib. Bu zaman Paşinyan Yerevanda hökumətin həftəlik iclasını aparırdı.
Baş nazir iclasda Loridə gördüklərindən 16 dəqiqə danışıb, Ermənistanda hökumətin maliyyələşdirdiyi tikintilərin qeyri-adekvatlığının "dərin kök salmış" mədəniyyətə çevrilməsindən gileylənib.
"Məktəbdə asılqana dəyirsən, qopub düşür, hər yerdə su damcılayır. Hələ onu demirəm ki, beş aydır kimsəni inandıra bilmədim ki, tualetlərə şəffaf şüşələr qoymayın", - o deyib.
"Bizə daha məsələ qaldıran deyil, məsələləri həll edən məmurlar lazımdır", - Paşinyan sözlərinə əlavə edib.
Paşinyanın vədi
Paşinyan hökumət korrupsiyası ilə bağlı problemlərin həllini vəd edib. O, altı il öncə hakimiyyətə gələndən ölkədə sistematik korrupsiyanı ləğv etdiyini deyir. Tənqidçiləri isə bu iddiaları rədd edirlər.
AzadlıqRadiosunun erməni xidməti yazır ki, Ermənistanda dövlət sifarişlərinin bütövlüyü ilə bağlı suallar var. "Transparency International" təşkilatı bir il öncə Korrupsiyanı Qavrama İndeksində ölkənin reytinqini salmışdı.
Loridə Paşinyanın yoxladığı tikinti layihələrini şəhərsalma komitəsinin cəlb etdiyi şirkət həyata keçirib. "T-Construction" adlı şirkətdən şərh almaq mümkün olmayıb.
Vəzifədən kənarlaşdırılmış Xaçatryan həm də Paşinyanın "Mülki Müqavilə" partiyasının aparıcı üzvüdür.