Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:30

‘Pashinianın Əliyevlə ciddi danışıqlara hazır olduğuna inanmıram’


Rauf Mirqədirov, 14 sentyabr 2009
Rauf Mirqədirov, 14 sentyabr 2009

“Paşinian bunu etməsə, vaxtilə Elçibəyin buraxdığı səhvi təkrarlaya bilər”

Ermənistanın Baş naziri Nikol Paşinian Azərbaycan prezidenti İlham Əliyevlə görüşməyə hazır olduğunu bildirib.

O bu barədə “Al-Jazeera” televiziyasına müsahibəsində danışıb.

Baş nazir müsahibəsində münaqişənin həll variantlarına, oğlunun cəbhə xəttinə göndərilməsinə və digər məsələlərə toxunub.

Avropada siyasi mühacir həyatı yaşayan siyasi icmalçı Rauf Mirqədirov bununla bağlı AzadliqRadiosunun suallarını cavablandırıb.

- Rauf bəy, baş nazir Paşinianla prezident İlham Əliyevin görüşü nə qədər realdır və nəticə ola bilərmi?

- Görüşün təşkilini real görürəm. Ancaq Paşinianla Əliyevin görüşü qeyri-adi hadisə sayıla bilməz. Problem görüşdə hansı nəticələrin əldə olunmasıdır, bu mənada Baş nazirlə prezidentin görüşündə ciddi nəticələrin əldə olunacağına inanmıram.

Nikol Pashinian, Yerevan, 20 iyul 2018.
Nikol Pashinian, Yerevan, 20 iyul 2018.

- Nə üçün?

- Bunun bir neçə səbəbi var, hazırda Nikol Paşinian Ermənistanın daxili siyasi problemləri ilə məşğuldur, ötən həftə eks-prezident Robert Kocharian haqda həbs qərarı çıxarıldı. İkinci məsələ Paşinianın siyasi sistemi öz maraqlarına uyğun dəyişməkdir. Ona görə yaxın vaxtlarda ən azı parlament seçkiləri keçirilməlidir. Paşinian bunu etməsə, vaxtilə Azərbaycan prezidenti Əbülfəz Elçibəyin buraxdığı səhvi təkrarlaya bilər. Elçibəy hakimiyyətə gələndən sonra parlamentdəki kommunist çoxluğuyla işlədi. Hazırda Ermənistan parlamentindəki çoxluq keçmiş prezident Serj Sarkisianın tərəfdarlarıdır və onlar ölkənin resurslarına hakimdirlər. Bu adamlar Paşinianın hakimiyyəti güclü olduqca ona sədaqətlə xidmət edəcəklər, vəziyyət dəyişəndə onlar da mövqelərini dəyişəcəklər. Vaxtilə Azərbaycan Milli Məclisində də oxşar situasiya olmuşdu. Paşinian seçkilərə getməsə, özünün devrilməsi üçün şərait yaradacaq. Düzdür, o, hazırda 20 il ölkəyə rəhbərlik etmiş korrupsion elitanı sıradan çıxarır, Sarkisianın yaxınları həbs edilir, bütün biznesmenlər Respublika Partiyasından uzaqlaşırlar, bu proseslər Paşinianın vaxtını alsa da, ictimai fikirdə mövqeyini gücləndirir.

- Ümumiyyətlə, baş nazirin son addımları islahat sayıla bilərmi?

- Məsələ ondadır ki, Nikol Paşinianın daxili siyasətdə atdığı addlmlar Ermənistanın köklü problemlərini həll etmir, problemlərin həlli üçün islahatlar lazımdır, siyasi-iqtisadi sistem dəyişilməlidir. Eyni zamanda, Ermənistan Dağlıq Qarabağ probleminin həllinə çalışmalıdır, burda qonşularla münasibətlər yaxşılaşmalıdır ki, iqtisadi blokadadan çıxa bilsinlər.

- Bəs Rusiya amilini nəzərə alırsınızmı?

Pashinian və Putin
Pashinian və Putin

- Əlbəttə, bu yöndə addımlar paralel atılmalıdır ki, Rusiyanın təsirindən çıxmaq üçün cəhd edə bilsinlər. Çünki Dağlıq Qarabağ münaqişəsi həll edilməyincə, Ermənistan Moskvanın təsiri altında olacaq. Məsələ ondadır ki, Ermənistanın təhlükəsizlik təminatı rolunda Rusiya çıxış edir, Paşinianın son müsahibəsində də bu məqam var idi. Özü etiraf edir ki, Rusiyasız müharibə başlaya bilər və acınacaqlı nəticələri olar.

- Siz münaqişənin həllinə toxundunuz, bu yöndə konkret hansı addımlar atılmalıdır?

- Problem ondadır ki, münaqişənin həlli istiqamətində real addımların atılması Nikol Paşinianın bütün imicini dağıda bilər və hakimiyyətin sonunu yaxınlaşdırar. Münaqişənin həlli üçün ən azından qarşılıqlı ciddi güzəştlərə getmək lazımdır. Ancaq nəzərə alınmalıdır ki, bu cür ciddi güzəştlər nəticəsində əldə olunan sülh hər iki cəmiyyətdə birmənalı qarşılanmayacaq. Əgər Azərbaycandakı vəziyyətə baxsaq, hakimiyyətin hələlik istənilən etirazı yatırmaq gücünə malik olduğunu görərik. Hətta hakimiyyət ən ağrılı güzəştləri belə cəmiyyətə qələbə kimi sırıya bilər. Ermənistanda vəziyyət bir qədər fərqlidir, bu cəmiyyət hazırda çox aktivdir, korrupsiyaya qurşanmış rejim üzərində “qələbə” çalmış toplum var, belə topluma hansısa ağrılı güzəşt sırımaq çox çətindir. Hətta keçmiş hakimiyyət rəsmilərinin həbsi onların imkanlarının tam məhdudlaşması anlamına gəlməməlidir. Çünki bu adamların Rusiya ilə bağlı əlaqələri qalır, Kreml Paşiniana qarşı etirazlar dalğasını stimullaşdıra bilər. Belə şəraitdə baş nazir Paşinianın indiki şəraitdə prezident Əliyevlə ciddi danışıqlara hazır olduğuna inanmıram.

- Niyə belə düşünürsünüz?

- Bilirsiniz, Paşinianın əlində ən azı bəhanə var, deyəcək ki, vəziyyətlə tanış olmalıdır, yeni parlament seçilməlidir və s. Danışıqlarda Ermənistanın hazırda istifadə etdiyi arqument etimad tədbirləri məsələsidir, yəni snayperlərin cəbhə xəttindən uzaqlaşdırılması,ümumiyyətlə, münaqişənin hərbi variantını istisna edən müəyyən variantı ortalığa gətirməkdir. Bu isə Azərbaycanın maraqlarına cavab vermir, rəsmi Bakı münaqişənin həlli ilə bağlı ciddi qərarların qəbuluna çalışır. Ona görə yaxın perspektivdə danışıqlarda ciddi uğurlar olmayacaq.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Münaqişə nəticəsində Dağlıq Qarabağ, 7 rayon və bir neçə kənd işğal olunub. Münaqişənin nizamlanması ATƏT-in Minsk Qrupuna həvalə olunub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG