Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:43

Adı çəkilməyən yüksək vəzifəli Rusiya rəsmisi: 'Paşinyan nəhəng addımlarla Zelenskinin yolunu gedir'


Paşinyan Avropa Parlamentində alqışlandı: 'Mehridən yol açmağa hazırıq'
Gözlə

No media source currently available

0:00 0:02:49 0:00

Paşinyan Avropa Parlamentində alqışlandı: "Meğridən yol açmağa hazırıq"

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, baş nazir Nikol Paşinyanın oktyabrın 17-də Avropa Parlamentində etdiyi çıxış həm Bakının , həm də Moskvanın kəskin reaksiyasına səbəb olub.

Adı çəkilməyən “yüksək vəzifəli Rusiya rəsmisi” ölkənin TASS rəsmi dövlət xəbər agentliyinə deyib ki, Paşinyan “nəhəng addımlarla” Ukrayna prezidenti Volodimir Zelenskinin yolu ilə gedir:

“Ermənistanın baş naziri Nikol Paşinyanın oktyabrın 17-də Avropa Parlamentində etdiyi çıxışın Rusiya və Rusiya-Ermənistan münasibətlərinə aid hissəsini tamamilə məsuliyyətsiz və provokasiyalı kimi qiymətləndiririk”.

Həmin rəsmi TASS agentliyinə daha sonra deyib:

“Əgər Moldovanı 2 nömrəli Ukrayna kimi qəbul etsək, biz görürük ki, Ermənistanı 3 nömrəli Ukraynaya çevirmək istəyirlər”.

Azatutyun qeyd edir ki, Rusiya rəsmisi olduğu iddia edilən şəxs bunu kimin etmək istədiyini deməyib.

Paşinyan: Ermənistan Azərbaycanla sülh müqaviləsini ilin sonunadək imzalamağa hazırdır.

Ermənistan Azərbaycanla sülh müqaviləsini ilin sonunadək imzalamağa və münasibətləri tənzimləməyə hazırdır.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 17-də Strasburqda, Avropa Parlamentindəki çıxışında deyib.

O vurğulayıb ki, Yerevan suverenlik və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan, habelə nəqliyyat kommunikasiyalarını onların keçdiyi ərazinin suverenliyi prinsipi əsasında açılmasını nəzərdə tutan sülh müqaviləsini imzalamağa hazırdır.

Paşinyan ayrıca olaraq vurğulayıb ki, Yerevan Meğri dəmir yolunu (Azərbaycanda bunu “Zəngəzur dəhlizi” də adlandırırlar – red) Ermənistanın öz yurisdiksiyası altında açmağa hazırdır.

Baş nazir ehtiyatlandığını bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev “dəhliz” məsələsindən Ermənistana yeni hücum və işğal bəhanəsi kimi istifadə edə bilər.

Ermənistan baş naziri bu çıxışında habelə Avropa deputatlarından regionda sülhün bərqərar edilməsi işində dəstək istəyib.

Ermənistanda oyuncaq hökumət qurmaq cəhdləri

Paşinyan qeyd edib ki, Ermənistanın rəsmi müttəfiqləri ona Ermənistanın və Qarabağ ermənilərinin təhlükəsizliyi məsələsində kömək etməyiblər.

Ermənistan baş nazirinin sözlərinə görə xarici təcavüzdən, müttəfiqlərin hərəkətsizliyindən, müharibə hədəsindən və humanitar böhrandan ölkə daxilində çaxnaşma yaratmaq, onun suverenliyini şübhə altında qoymaq və hətta oyuncaq hökumət qurmaq cəhdləri üçün istifadə olunub, amma hər dəfə xalq və demokratiya ölkənin suverenlik və müstəqilliyini xilas edib.

Baş nazir vurğulayıb ki, Ermənistan Avropa İttifaqına – Avropa İttifaqının mümkün saydığı qədər və regional münasibətlərə zidd olmayacaq şəkildə yaxın olmağa hazırdır.

Paşinyan bu çıxışında da Azərbaycanın 19-20 sentyabrda Qarabağda keçirdiyi hərbi əməliyyatı və onun nəticəsini “etnik təmizləmə” kimi səciyyələndirib.

O qeyd edib ki, Ermənistanın 1016 vətəndaşı hazırda itkin sayılır.

Azərbaycan XİN Nikol Paşinyana cavab verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) isə hesab edir ki, Ermənistan baş naziri Nikol Paşinyanın Avropa Parlamentinin sessiyası zamanı səsləndirdiyi bəyanat bu ölkənin sülh sazişi ilə bağlı perspektivləri sarsıtmaqda qərarlı olduğunu nümayiş etdirdi.

XİN-in vurğulamasına görə, 30 ilə yaxın müddət ərzində “bir milyona qədər azərbaycanlının fundamental hüquqlarını pozan bir ölkə olan” Ermənistanın Azərbaycanı “könüllü olaraq getmiş yerli ermənilərin” “etnik təmizləməsi”ndə ittiham etməsi əsassızdır:

“...Ermənistandan fərqli olaraq, Azərbaycan heç vaxt başqa ölkələrin ərazisinə iddia etməyib”

Nazirlik sonda da hesab edir ki, Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi imkanların yarandığı bir dövrdə, Ermənistan baş nazirinin “davam edən aqressiv ritorikası” sülh perspektivlərinə xələl gətirir.

Elmar Məmmədyarov: 'Azərbaycan və Ermənistan birbaşa danışıq aparmalıdır'
Gözlə

No media source currently available

0:00 0:25:15 0:00

Xatırlatma

1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə (Şuşa şəhəri daxil) nəzarətini bərpa edib. Ancaq tərəflər sülh sazişi imzalamayıb.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Qarabağda qalan əraziyə (Xankəndi daxil) separatçı qurum nəzarət edib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG