Ermənistanın baş naziri Nikol Paşinyan prezident İlham Əliyevin Azərbaycanın 8 kəndinin hələ də Ermənistanın işğalında olmasına dair bəyanatına cavab verib.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun yazdığına görə Paşinyan Ermənistanın da 8 kənd probleminin olduğunu bildirib:
“Biz də öz növbəmizdə deyirik ki, bizim də səkkiz kənd problemimiz var. Çünki məsələn, Tavuş vilayətində Azərbaycan tərəfindən işğal edilmiş Berkaber (Azərbaycanda Tatlı kimi tanınır-red), Aygeovit, Vazaşen, Paravakar kəndləri və başqa ərazilər var”.
Azərbaycan tərəfindən hələ 1990-cı illərdə işğal olunmuş ərazilərdən danışan Paşinyan qeyd edib ki, Artsvaşen də Ermənistan Respublikasının 29 min 800 kvadrat kilometrlik ərazisinə daxildir.
Onun sözlərinə görə Geqarkunik vilayətinin Çəmbərək icmasına daxil olan bu kənd Azərbaycan tərəfindən 1992-ci ildə Gədəbəy rayonuna qatılıb. Azərbaycanda bu kənd Başkənd kimi tanınır.
Paşinyan bu barədə deyib:
“29 min 800 kvadrat kilometrlik əraziyə Artsvaşen də daxildir və Ermənistan Respublikasının heç bir hakimiyyəti, heç bir nümayəndəsi Ermənistan Respublikasının suveren ərazisi üzərindən xətt çəkə bilməz”.
Paşinyan bildirib ki, anklavlar probleminin həlli yollarından biri də onların Azərbaycanla dəyiş-düyüş edilməsidir:
“Amma bu halda da biz bu proseslərin hüquqi nüanslarını nəzərə almalıyıq ki, nəyi sübut etmək olar, nəyi yox...”
1940-cı ildə?
Azatuyun yazır ki, Əliyevin 8 kənd dedikdə hansı kəndləri nəzərdə tutduğu məlum olmur, amma Azərbaycan prezidentinin rəsmi saytında Qazax rayonun 7 kəndi və Naxçıvanın Sədərək rayonun bir kəndinin işğal altında olması göstərilib.
Xəritəşünas Ruben Qalçyan Azatutyuna deyib ki, söhbət üç anklavdan – Əskipara, Barxudarlı və Tiqranaşendən (Naxçıvanın Kərki kəndi – red) gedir.
Onun sözlərinə görə Azərbaycanın bu kəndlərin ona aid olmasına dair heç bir hüquqi əsası yoxdur. Qalçyan deyib ki, 1940-cı ilə qədər Azərbaycanın Ermənistan ərazisində bir anklavı da olmayıb:
“Sonra birdən-birə görürük ki, 1940-cı ildə burada üç Azərbaycan anklavı yaranıb – Əskipara, Barxudarlı və Tiqranaşen (Kərki-red). Bu anklavlar xəritədə göstərilib, amma onların Azərbaycana verilməsinə aid heç bir yazılı əsas yoxdur. Əgər Azərbaycan bu kənlərin ona aid olduğu deyirsə, bunların ona verilməsinə dair sənədləri təqdim etməlidir. Arxivlərdə bu anklavların Azərbaycana niyə və nə üçün verilməsinə dair bircə dənə də sənəd yoxdur”.
Qazax rayonunun işğal olunmuş 7 kəndi
1992-ci ildə Azərbaycanın Qazax rayonunun 7 kəndi - Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləri Ermənistan tərəfindən işğal olunub.
Bu kəndlərdən üçü - Sofulu, Barxudarlı və Yuxarı Əskipara Azərbaycanın Ermənistan ərazisindəki anklavlarıdır.
Xatırlatma
Sentyabrın 19-da rəsmi Bakı "lokal antiterror tədbirləri"nə başladığını elan edərək erməni silahlı qüvvələrinin regiondan çıxarılmasını tələb edib.
Bir gün sonra hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olunduğu açıqlanıb. Razılığa əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
Bunun ardınca ermənilərin Qarabağdan kütləvi axını başlayıb.
2020-ci ildə 44 günlük müharibə nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə (Xocavənd rayonu daxil) və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.